YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan türkdilli ölkələrin birlik və həmrəyliyinə sanballı töhfələr verməkdə davam edir

Əli Hüseynli,

Milli Məclisin deputatı

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) martın 31-də keçirilmiş qeyri-rəsmi Zirvə görüşü quruma üzv dövlətlər arasında əməkdaşlığın daha da möhkəmləndirilməsi ilə bağlı niyyətin növbəti təzahürü kimi siyasi və tarixi baxımdan çox mühüm əhəmiyyətə malikdir.

Məlum olduğu kimi, bu təşkilat Qazaxıstanın birinci Prezidenti-Elbası Nursultan Nazarbayevin təşəbbüsü ilə Türkdilli Dövlətlərin dövlət Başçılarının 2009-cu il oktyabrın 3-də Azərbaycanın Naxçıvan şəhərində keçirilən 9-cu Zirvə görüşündə Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə prezidentlərinin birgə imzaladıqları Sazişə əsasən təsis olunub və türk dövlətləri arasında əməkdaşlığın və strateji tərəfdaşlığın yeni formatını müəyyənləşdirib.

Türkdilli ölkələri birləşdirən ortaq soy-kök, tarix, mədəniyyət və milli dəyərlər bu ölkələrin qarşılıqlı səmərəli əməkdaşlığını şərtləndirən əsas amillərdir. Bu dövlətlər arasında əməkdaşlığın inkişafı Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Türk Şurası yarandığı gündən Azərbaycan bu təşkilatın türk coğrafiyasında inteqrasiya proseslərinin önünə çıxması üçün səmərəli addımlar atıb, türk dövlətləri arasında bütün istiqamətlərdə ortaq fəaliyyətin gücləndirilməsi ilə bağlı əhəmiyyətli təkliflər və təşəbbüslərlə çıxış edib. Ona görə də 2019-cu ildən etibarən Azərbaycanın təşkilata sədrliyi dövründə Türk Şurasının sayca artıq uçüncü görüşü ölkəmizin Türk Şurasının fəaliyyətinin gücləndirilməsi istiqamətində göstərdiyi ardıcıl səyləri səciyyələndirən məqam kimi dəyərləndirilməlidir.

Azərbaycan Qazaxıstan və Türkmənistan üçün artıq tranzit ölkəyə çevrilib. Xəzər dənizində birgə uğurlu layihələrə imza atmış bu ölkələrin əsas ixrac yolları Türkiyə ərazisindən keçir və beləliklə, bu amillər quruma üzv ölkələri bir-birinə daha da sıx bağlayır.  Azərbaycanın sədrliyi dövründə üzv dövlətlərin səhiyyə, nəqliyyat, iqtisadiyyat, ticarət, gömrük, miqrasiya və turizm sahələrinə məsul qurumların rəhbərlərinin görüşləri təşkil olunub. Həmin görüşlərdə pandemiya və postpandemiya dövrlərində əməkdaşlığın daha da gücləndirilməsinə dair məsələlər müzakirə edilib. 2020-ci il aprelin 10-da Prezident İlham Əliyevin təşəbbüsü ilə COVID-19 pandemiyasına həsr olunan və videokonfrans vasitəsilə təşkil edilən ilk beynəlxalq tədbir olaraq Türk Şurasının fövqəladə Zirvə görüşünün keçirilməsi Azərbaycanın koronavirusa qarşı mübarizədə beynəlxalq aləmdə də fəal rolunu təsdiq edən faktdır.

Səmərəli və fəal sədrliyin davamı olaraq, bu ilin aprelində Bakıda Türk Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksəkvəzifəli rəsmilərinin 3-cü toplantısının, həmçinin Türk Şurasının Ticarət və Sənaye Palatasının biznes forumunun keçirilməsi nəzərdə tutulur.

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun, TÜRKPA-nın ofislərinin Bakı şəhərində yerləşməsi Azərbaycanın türkdilli ölkələr arasında əməkdaşlığa verdiyi önəmin göstəricisi olmaqla yanaşı, ölkəmizin türk birliyinin gücləndirilməsində mühüm rolunun nümayiş etdirir.

Sonuncu Zirvə görüşünün məhz Azərbaycanlıların Soyqırım Gününə təsadüf etməsi eyni zamanda birliyə və həmrəyliyə çağırış rəmzidir.  Bu tədbir üzv dövlətlər arasında siyasi, ticari-iqtisadi, mədəni-humanitar  sahələrdə əməkdaşlığın inkişafı, mədəni dəyərlərin qorunması ilə bağlı əlaqələrin daha da gücləndirilməsinə yönəlmiş səylərin ifadə olunduğu “Türküstan deklarasiyası” adlı yekun bəyannamənin qəbulu ilə yanaşı, bir sıra əhəmiyyətli məqamlarla da yadda qaldı.

Üzv dövlətlərin liderlərin çıxışında diqqət çəkən məqam onların hamısının Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsinin əhəmiyyətini vurğulaması, Qələbə münasibətilə təbriklərini çatdırmaları idi. Türkiyə Prezidenti Ərdoğanın çıxışında Ramazan bayramından sonra Prezident İlham Əliyevlə birgə Şuşaya səfər etmək arzusunu ifadə etməsi isə türk dünyasının hər zaman Azərbaycanın yanında olacağına işarə verən və bütün dünyaya ünvanlanan ismarıc kimi qiymətləndirilməlidir.

Yekun bəyanatda azad edilmiş ərazilərin bərpası, yenidən qurulması və reinteqrasiyası istiqamətində səylərində Azərbaycan hökuməti və xalqı ilə həmrəyliyə çağırış öz əksini tapıb. İştirakçılar həmçinin Ermənistan ilə Azərbaycan arasında münasibətlərin bir-birinin suverenliyinin, ərazi bütövlüyünün və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması və onlara hörmət edilməsi əsasında normallaşmasını dəstəkləyiblər.

Azərbaycan Respublikasının Prezidenti Zirvə görüşündə Türk Şurasının sədri qismində etdiyi çıxışla ikinci Qarabağ müharibəsində 30 il işğal altında qalmış torpaqlarımızın azad edilməsindən sonra bölgədə yaranmış yeni siyasi və iqtisadi konfiqurasiyanın yaratdığı reallığları  bir daha konfrans iştirakçılarına diqqətinə çatdırmış və verdikləri dəstəyə görə dost və qardaş ölkələrə ehtiramını ifadə etmişdir: “Türk Şurası sentyabrın 28-də - müharibədən bir gün sonra Azərbaycana dəstək xarakterli açıqlama vermişdir. Ondan sonra müharibə dövründə bir neçə dəfə buna oxşar açıqlamalar vermişdir. Türk Şurasına biz təşəkkürümüzü bildiririk”.

Cənab İlham Əliyev 44 günlük Vətən müharibəsində əldə olunmuş qələbə nəticəsində reallaşmaqda olan qlobal beynəlxalq layihələrin, kommunikasiya xətlərinin bütövlükdə Şərq-Qərb, Şimal-Cənub ticari-iqtisadi vektorları üzərində yerləşən bölgələr, hətta Ermənistan üçün yeni imkanlar açdığını vurğulamışdır. O, xüsusilə Zəngəzurdan keçməklə bütün türk dünyasını birləşdirəcək nəqliyyat dəhlizini fövqəladə rola malik layihə kimi qiymətləndirmişdir: “Müharibə başa çatdı, münaqişə tarixdə qaldı. Yeni imkanlar yarandı. Onların arasında hesab edirəm ki, ən vacib imkan nəqliyyat imkanlarıdır. Bu gün biz artıq Zəngəzur dəhlizi üzərində çox fəal çalışırıq. Naxçıvanda keçirilmiş Zirvə görüşündə mən demişdim ki, vaxtilə Zəngəzuru Azərbaycandan alıb Ermənistana birləşdirmək türk dünyasının coğrafi parçalanması idi. Çünki əgər xəritəyə baxsaq görərik ki, sanki bizim bədənimizə xəncər saplanmışdır, türk dünyası parçalanmışdır. Qədim Azərbaycan torpağı olan Zəngəzur indi türk dünyasının birləşməsi rolunu oynayacaq. Çünki Zəngəzurdan keçən nəqliyyat, kommunikasiya, infrastruktur layihələri bütün türk dünyasını birləşdirəcək, eyni zamanda, digər ölkələr üçün əlavə imkanlar yaradacaq, o cümlədən Ermənistan üçün. Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Azərbaycan Naxçıvan Muxtar Respublikası vasitəsilə Türkiyə ilə birləşir, Orta Asiya Avropa ilə birləşir. Yəni, yeni nəqliyyat dəhlizi yaranmaqdadır. Artıq Azərbaycan bu işlərə start vermişdir. Əminəm ki, tərəfdaş ölkələr də bu imkanlardan istifadə edəcəklər”.

Qarabağda aparılacaq bərpa və yenidənqurma işlərində dost ölkələri görmək istədiyini bildirən Prezident İlham Əliyevin üzv dövlətlərin liderlərinə xitabən söylədiyi “Dost ölkələri Azərbaycana cəlb edirik və cəlb edəcəyik...Fürsətdən istifadə edib Azərbaycanın dostluq münasibətləri saxladığı dövlətlərin, ölkələrin başçılarına müraciət etmək istərdim ki, onların şirkətləri də bu layihələrdə podratçılar kimi fəal iştirak etsinlər. Bərpa işlərini biz özümüz, öz vəsaitlərimiz hesabına maliyyələşdirəcəyik. Lakin biz istəyirik ki, şəhərlərimizin və kəndlərimizin bərpasına dost ölkələrdən olan şirkətlər cəlb edilsin. Qoy onlar da bu layihələri həyata keçirə bilsinlər və həmrəylik nümayiş etdirsinlər” ifadəsi Zirvə gürüşünün iştirakçıları tərəfindən məmnunluqla qarşılanmışdır.