YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Seyidov: Aprel döyüşləri ilk qığılcım, Zəfərin ilk təntənəsi idi

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Bu gün qürurla və alnıaçıq Vətən Müharibəsi şəhidlərinin evlərinin kandarından daxil oluruq. Hər nə qədər ağır olsa da getdiyimiz hər evdə “Vətən sağ olsun, bir şəhid olan mənim balam deyil ki, oğlum şərəfli bir amal uğrunda şəhid oldu” kimi ifadələri eşidirik. Bunu əlbəttə, bir azərbaycanlı kimi fəxarət hissi ilə qarşılayırıq.

Vətən Müharibəsi Azərbaycan tarixinin ən şanlı səhifəsidir. Lakin bu zəfərin ayaq səslərinin eşidildiyi, xalqın müzəffər ordusuna etimadının özünə qayıtdığı “Aprel döyüşlərini” unutmaq olmaz. Bu gün ərazi bütövlüyümüz tam təmin olunur və düşmən qüvvələri sərhədlərimizdən kənara qovulub. Özü də bilirsiniz necə, hansı biabırçı tərzdə?! Bu gün nə status-kvo, nə təmas xətti, nə də qondarma “Dağlıq Qarabağ Respublikasının” mövcudluğuna ümid var. Amma bir vaxtlar Horadizdən daha irəli gedə bilmirdik. Keçmiş təmas xəttinə yaxın ərazilərdə, kəndlərdə vətəndaşlarımız gündəlik həyat tərzlərini yaşaya bilmir, hücumlara məruz qalırdılar. Bir də günaşırı təmas xəttində atəşkəsin pozulmağına dair məlumatlar alardıq.

Aprel döyüşləri düşmənə zərbənin, dəmir yumruğun ilk mərhələsi idi. Beş gün ərzində davam edən bu döyüşlərdə əldə olunan zəfəri yalnız fiziki xəritə üzərində təhlil etmək məntiqli görünsə də, bu, qələbənin milli şüurumuza təsirini azaltmış olacaqdır. Halbuki, Aprel döyüşləri nəticəsində bir “Lələtəpə” adlanan yüksəkliyi geriyə qaytarmaqla xalqın milli özünüdərkində uca zirvələrindən birini geriyə qaytarmış olduq. Hansı ki, həmin qaytardığımız mənəvi yüksəklik bir neçə il sonra bizi Qarabağın tacı olan Şuşa kimi bir zirvəyə qaldıracaqdı.

Aprel döyüşləri 1994-cü ildə imzalanan və praktiki olaraq ermənilərin bir gün də normal əməl etmədikləri atəşkəs rejimi dövründə ilk şüddətli döyüşlər idi. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələnmiş, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi, Tərtər rayonunun Qazaxlar kəndi və Tərtər rayonunun Suqovuşan kəndi istiqamətində yollar düşməndən azad olunmuşdu. Biz bu döyüşlər nəticəsində cəbhənin cənub istiqamətini tam nəzarətimizə keçirdərək müşahidə qabiliyyəti qazanmış olduq.

Cənab Prezident dəfələrlə qeyd edib ki, Aprel döyüşləri qəhrəmanlıq salnaməsidir. Aprel döyüşləri bir xalqın içində boğduğu düşmənə nifrətin ən bariz ifadəsi idi. Yalançı erməni nağıllarını, məğlubedilməz erməni əfsanələrini elə “keçilməz Ohanyan səddinin” timsalında ayaq altında qoyan qəhrəman əsgərlərimiz müvəqqəti məğlubiyyəti əbədi qalibiyyətlə əvəz etdilər. O zamankı dünya quruluşu bəlkə də bu zəfər yolunun beş gündən artıq yol getməsinə uyğun deyil idi. Lakin Aprel döyüşləri ilk qığılcım, Zəfərin ilk təntənəsi idi. Bu döyüşlər eyni zamanda da qəhrəman ordumuzun və müzəffər Ali Baş Komandanımızın doğru yolda olduğunu elə bizim öz xalqımıza bildirmiş oldu. Ordu quruculuğunun konturlarının düzgün cızıldığını göstərdi.

Bu, ilk döyüş zəfəri idi. Bu döyüşlərdən cəbhə generalları, döyüş qəhrəmanları çıxmışdır. Təsadüfi deyil ki, 2016-cı il aprelin 19-da Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularından 3 nəfəri "Azərbaycanın Milli Qəhrəmanı", 7 nəfəri "Azərbaycan Bayrağı" ordeni, 1 nəfəri 2-ci dərəcəli və 4 nəfəri 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni, 19 nəfəri "Vətən uğrunda" medalı, 43 nəfəri "İgidliyə görə" medalı, 45 nəfəri "Hərbi xidmətlərə görə" medalı, 2 nəfəri "general-mayor" ali hərbi rütbəsi ilə mükafatlandırılmışlar. Bu isə dövlətin öz qəhrəmanına verdiyi dəyərin göstəricisi idi. Bu dəyər sonralar Vətən Müharibəsində canlarını qurban verəcək qəhrəmanlar üçün də bir stimul oldu.

2018-ci ildə “Günnüt zəfəri”, 2020-ci ilin iyul ayında “Tovuz zəfəri” və nəhayət 2020-ci ilin sentyabr ayında başlayıb və 8 Noyabr Zəfər bayramı ilə bitən qələbələr silsiləsinin ilk halqası olan Aprel döyüşləri böyük tarixi əhəmiyyətə malikdir.

Allah şəhidlərimizə rəhmət eləsin!