YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya parlamentinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyası sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 9-da Rusiya Federasiyası Federal Məclisinin Dövlət Dumasında Kommunist Partiyası fraksiyasının sədri Gennadi Züqanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevlə dostluq münasibətlərini böyük ehtiramla yada salan Gennadi Züqanov Ulu Öndərin Moskvada yüksək dövlət vəzifəsində olduğu zaman onun rəhbərliyi altında çalışmasını və onunla səmimi münasibətlər qurulmasını dərin ehtiramla xatırladı. Prezident İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrə toxunan Gennadi Züqanov həmin illərdə nümayəndə heyətləri arasında sıx əməkdaşlığın həyata keçirildiyini vurğuladı və Avropa Şurası Parlament Assambleyasının son sessiyasında Azərbaycan nümayəndə heyətinin Rusiya nümayəndə heyətinə verdiyi dəstəyin ölkəsində yüksək qiymətləndirildiyini dedi. Azərbaycan iqtisadiyyatının sürətlə inkişaf etməsinin Rusiyada maraqla izlənildiyini deyən Gennadi Züqanov ölkəmizdə çox böyük inkişafın şahidi olduğunu bildirdi. Bakını dünyanın inkişaf etmiş şəhərləri ilə müqayisə edən G.Züqanov paytaxtımızda gedən yüksək inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını diqqətə çatdırdı.
Prezident İlham Əliyev xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyev və ölkəmizdə gedən inkişaf prosesləri ilə bağlı dediyi xoş sözlərə görə Gennadi Züqanova təşəkkürünü bildirdi. Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinə rəhbərlik etdiyi dövrü xatırlayan dövlətimizin başçısı ölkəmizin bu quruma üzv olduğu ilk günlərdən başlayaraq Azərbaycan və Rusiya nümayəndə heyətləri arasında qarşılıqlı dəstəyin və səmərəli əməkdaşlığın yaradıldığını dedi və həmin təşkilat çərçivəsində əlaqələrimizin bu gün də bu prinsiplər əsasında davam etdirildiyini vurğuladı.
Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası və beynəlxalq əməkdaşlıq sahələrində uğurla inkişaf etdiyi vurğulandı. Ölkələrimiz arasında strateji tərəfdaşlıq əlaqələrinin bundan sonra da dərinləşəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə olundu, əməkdaşlığımızın müxtəlif sahələri ilə bağlı fikir mübadiləsi aparıldı.
Gennadi Züqanov Rusiya Federasiyası Kommunist Partiyasının xatirə ordenini Prezident İlham Əliyevə təqdim etdi.
Sonda xatirə şəkli çəkdirildi.