YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Xarici işlər naziri Ceyhun Bayramov İƏT-in ölkəmizdəki səfirləri ilə görüşüb

Martın 18-də xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) ölkəmizdəki səfirləri ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, görüşdə nazir Ceyhun Bayramov bölgədə mövcud olan cari vəziyyət, o cümlədən münaqişədən sonra yaranan yeni reallıqlar, 2020-ci il 10 noyabr və 2021-ci il 11 yanvar tarixli üçtərəfli bəyanatların icrası ilə bağlı bir sıra məqamlar, postmünaqişə dövründə bərpa və quruculuq işləri, tərəfdaş dövlətlərin bu prosesdə iştirakı, bölgədə yaranan yeni əməkdaşlıq imkanları barədə məlumat verib. Eyni zamanda, Ermənistanın nümayiş etdirdiyi qeyri-konstruktiv mövqe (hərbçilərini gizli şəkildə Azərbaycan ərazilərinə göndərməsi, azad olunmuş ərazilərdə yerləşdirilmiş minalarla bağlı xəritələri Azərbaycana verməməsi) diplomatik nümayəndəliklərin rəhbərlərinin diqqətinə çatdırılıb. Ermənistanın beynəlxalq hüquq pozuntuları ilə bağlı beynəlxalq ictimaiyyət tərəfindən bu ölkəyə təzyiq göstərilməməsinin sonuncuda yanlış illüziya yaratdığı qeyd olunub. Bölgədə dayanıqlı sülh və sabitliyin, inkişafın təmin olunması üçün üçtərəfli bəyanatların həyata keçirilməsinin vacibliyi bildirilib.

İƏT-in hər zaman Azərbaycanın haqlı mövqeyinə birmənalı dəstək verdiyi və bu xüsusda, 44 günlük Vətən müharibəsi dövründə, eləcə də təşkilatın Nazirlər Şurasının sonuncu iclasında qəbul etdiyi qətnamələrdə sərgilənən və beynəlxalq hüquqa əsaslanan mövqe məmnunluqla vurğulanıb.

Azərbaycanın işğaldan azad olunan ərazilərinin bərpası və yenidən qurulması prosesində, habelə bu ərazilərdəki tarixi, mədəni, dini irsin bərpasında iştirak etmək istəyini ifadə edən ölkələrə təşəkkür ifadə edilib.

Daha sonra görüş sual-cavab formatında davam etdirilib. İƏT-in Azərbaycandakı diplomatik nümayəndəlikləri adından ölkəmizdəki diplomatik korpusun duayeni qismində Fələstinin səfiri Nasir Əbdülkərim çıxış edib. O, Azərbaycanın işğaldan azad olunmuş ərazilərinə səfər etmək və orada törədilən dağıntıların miqyası ilə tanış olmaq imkanlarının mövcudluğunu qeyd edib. Bu ərazilərin yenidən tikilməsi və bərpası, keçmiş məcburi köçkünlərin öz evlərinə geri dönməsinin əhəmiyyətini vurğulayıb. İƏT-in bölgədə dayanıqlı sülh, təhlükəsizlik və inkişafın təmin olunması ilə bağlı mövqeyini bir daha vurğulayıb.

Nazir Ceyhun Bayramov səfirlərinin çoxsaylı suallarını cavablandırıb.

Sonda İƏT-ə üzv ölkələrin səfirləri gələcəkdə bu formatda görüşlərin davam etdirilməsi ilə bağlı istəklərini ifadə ediblər.