YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Prezident İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri təcavüzkara və onları dəstəkləyənlərə “Dəmir yumruq” mesajıdır

“Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad edilmiş torpaqlarımıza hər səfəri erməni təcavüzkarlarına və onları dəstəkləyən qüvvələrə “Dəmir yumruq” mesajıdır. 2020-ci ildə Azərbaycanın şanlı və qəhrəman Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin “irəli” əmri ilə 44 günlük Vətən müharibəsində qazandığı möhtəşəm Qələbə dövlətimizin gücünü nəinki düşmənə, həm də bütün dünyaya göstərdi. Böyük Zəfərimiz Ordumuzun yenilməzliyini, xalqımızın əzmkarlığını, xalq, ordu və Müzəffər Ali Baş Komandan arasındakı monolit birliyi bir daha sübut etdi. Əslində, bu Zəfər əzmkar Prezidentimiz, Ali Baş Komandanımızın Azərbaycan xalqının işğalla heç vaxt barışmayacağı və güzəştə getməyəcəyi ilə əlaqədar beynəlxalq ictimaiyyətə və təşkilatlara ünvanladığı bəyanatın təzahürü idi. Hər anı əfsanəvi qəhrəmanlıqlarla dolu bu müharibə dünya tarixinin, XXI əsr hərb elminin şəhidlərimizin qanı ilə yazılmış yeni səhifələri oldu”. Bu fikirləri Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva martın 15-də işğaldan azad edilmiş Füzuli və Xocavənd rayonlarına, o cümlədən Hadrut qəsəbəsi və Şuşa şəhərinə səfər ediblər. Qəhrəman əsgər və zabitlərimiz Ali Baş Komandanı izdiham və qürur hissi ilə qarşılayıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmış oldu.

Millət vəkili deyib: “44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu irəliləyərək, düşmənin gözləmədiyi istiqamətə - Hadruta yola düşdü. Azərbaycan Ordusunun qətiyyəti və şücaəti ilə Hadrutun azad edilməsi böyük ölçüdə müharibənin taleyini həll edən əməliyyat idi. Çünki məhz Hadrutu azad edəndən sonra Azərbaycan Ordusunun xüsusi təyinatlıları həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı. Halbuki, düşmən Şuşaya hücumun bu istiqamətdən olacağını heç ağlına da gətirməmişdi.

Qələbədən sonra bölgələrə növbəti səfərini edən Müzəffər Ali Baş Komandan torpaq çərşənbəsini Azərbaycanın ayrılmaz hissəsi, mədəniyyəti beşi olan Şuşada qeyd etməklə öz xalqını bir daha sevindirmiş oldu. Hər zaman xalqın dəstəyinə arxalanan Prezidentimiz xalqın məhəbbətinə layiq görülüb. Xalqın rəğbəti, məhəbbəti və dəstəyini qazanmaq hər bir ölkə başçısı üçün ən böyük mükafatdır. Bütün dövrlərdə və yaşanan hadisələrdə Prezidentin seçimi xalqın yanında olmaqdan ibarət olub. Bu dəfə də ölkə başçısı bütün təhlükələrə rəğmən, böyük cəsarət və qətiyyət göstərərək Füzuli və Xocavənd rayonlarına səfər etdi və öz zəfər sevincini xalqla bölüşdü. Prezident İlham Əliyevin “Biz birlikdə güclüyük” şüarı bu gün xalqın qalib ruhunun parlaq göstəricisidir. Xalqın qəhrəman Ordumuza inamı və dəstəyi, həmçinin ölkədə yaşanan milli və siyasi həmrəylik yaşadığımız qələbənin ideoloji əsasıdır. Birliyə dəvət edən Prezident xalqın dəmir yumruq kimi birləşməsinin əsas səbəbidir”.

Bölgələrdə Prezident İlham Əliyevin izdihamla qarşılanmasının ölkəmizdə yaşanan xalq-iqtidar birliyinin təcəssümü olduğunu vurğulayan M.İbrahimqızı deyib: “Xalqın dəstəyi dövlətin tükənməz gücünün mənbəyidir. Hamını birləşdirən Vətən müharibəsi milli birliyin səbəbidir. İşğaldan azad olunmuş bölgələrdə qəhrəman Prezidentini qarşılayan qalib xalq öz sevgi və etimadını nümayiş etdirir. Xalqın qələbə və tarixi ədalətin bərpa olunması ilə bağlı arzularının reallaşması milli birlikdən keçdi. Prezident İlham Əliyevin ölkənin birinci xanımı ilə birgə işğaldan azad olunmuş ərazilərə səfəri qələbənin rəsmiləşdirilməsi deməkdir”.

Deputat onu da qeyd edib ki, döyüşlər zamanı mülki əhaliyə atəş açmayan Azərbaycan Silahlı Qüvvələri məsuliyyətli, eyni zamanda, humanist prinsipləri və dəyərləri qoruyub saxlayan ölkənin ordusudur. Torpaqlarımızı işğaldan azad etməklə nəinki ərazi bütövlüyümüzü təmin edirik, həmçinin illərlə sahibsiz qalan, vandalizmə məruz qalan, dağıdılan, ancaq hər daşı bir tarix danışan abidələrimizi, irsimizi, dəyərlərimizi və ənənələrimizi millətimizə geri qaytarmış və yenidən qazanmış oluruq. “Azərbaycan hər zaman dünyada tolerantlıq, əməkdaşlığın, mədəniyyətlər və sivilizasiyalara arası dialoqa xüsusi hörmət, ehtiram və qayğısı ilə seçilən öncül ölkələr siyahısındadır. Ancaq buna baxmayaraq, İrəvanın vandalizm siyasətinin qurbanı olan tarixi abidələrimiz, maddi-mənəvi irsimizin qəsdən və riyakarcasına dağıdılması və təhqir olunması beynəlxalq hüquq və ədalət prinsiplərinə sığmayan vandalizm aktının şahidi oluruq. İşğaldan azad olunan rayon və kəndlərimizdə abidələrimizi, səfalı guşələrimizi yararsız və dağıdılmış vəziyyətdə görmək çox ağrılıdır. Müharibə şəraitində belə sahib olduğu humanizm dəyərlərinə sadiq qalaraq mülki insanlara, tarixi-dini abidələrə, sosial-ictimai obyektlərin təhlükəsizliyinə xüsusi həssaslıq və diqqətlə yanaşan Ali Baş Komandanımızla hər birimiz qürur duyuruq”, - deyə o qeyd edib.

M.İbrahimqızı vurğulayıb ki, Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Ordumuz rəşadət və şücaəti ilə təkcə işğal altında torpaqlarımızı azad etmədi, eyni zamanda, çoxəsirlik tariximizi, qədim mədəniyyət və incəsənətimizi xalqımıza qovuşdurdu. Prezident İlham Əliyev bu səfəri ilə ötən 30 il ərzində ərazi bütövlüyü uğrunda həyatından və canından keçmiş şəhidlərimizin də, Pənahəli xanın da, Hüseyinqulu xanın da, İbrahim xanın da, Molla Pənah Vaqif, Xurşidbanu Nətavan, Üzeyir Hacıbəli və digərlərinin ruhunu şad etdi.