YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qaradağ rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə tədbir keçirilib

Yeni Azərbaycan Partiyası Qaradağ rayon təşkilatının yaradılmasının 28-ci ildönümü münasibətilə videokonfrans formatında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə açan YAP Qaradağ rayon təşkilatının sədri, millət vəkili Aydın Hüseynov əlamətdar gün münasibətilə təşkilat üzvlərini təbrik edib. O, martın 5-də keçirilən Yeni Azərbaycan Partiyasının VII Qurultayı barədə ətraflı bəhs edib. Qurultayda ölkə Prezidenti, partiyanın sədri cənab İlham Əliyevin geniş məzmunlu, konseptual əsaslara söykənən nitqi, gündəlikdə duran məsələlər və davamlı islahatlara səbəb olacaq qərarlar haqqında məlumat verib. Onun sözlərinə görə Yeni Azərbaycan Partiyası və partiyanın rayon təşkilatı olduqca çətin və keşməkeşli bir şəraitdə yaranıb. O zaman dövlətimizin və xalqımızın ciddi təhlükələrlə və sınaqlarla üz-üzə aldığı bir vaxtda xalqın inam və etibarı, təkidli xahişi ilə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının təsis olunması müstəqillik tariximizin ən parlaq səhifələrindən biridir. Partiyanın yaradılması, daha sonralar onun ətrafında xalqımızın ziyalı, maarifpərvər, vətənpərvər insanlarının toplanması böyük uğurların və zəfərlərin qazanılmasına gətirib çıxardı. Sevindirici haldır ki, bu gün partiyamız dövlət başçısı, partiyanın sədri cənab İlham Əliyevin rəhbərliyi ilə inkişaf edir, yeni-yeni islahatlara və qələbələrə imza atır.

A.Hüseynov daha sonra slaydlar vasitəsilə ötən illər ərzində görülən işlərin geniş hesabat məruzəsi ilə çıxış edib. O, rayon təşkilatı tərəfindən keçirilən tədbirlər barədə məlumat verərək ideoloji işlərin qurulması, ərazi ilk partiya təşkilatları ilə əlaqələrin daha da sıx qurulması istiqamətində həyata keçirilən islahatlardan danışıb. YAP Qaradağ rayon təşkilatının sədri təşkilat üzvlərinin bundan sonrakı fəaliyyətləri dövründə də dahi şəxsiyyət Heydər Əliyev ideyalarına sədaqətli olacaqlarını və ölkəmizin çiçəklənməsi uğrunda daim çalışacaqlarını və öz töhfələrini verəcklərini bildirib.

Çıxışında həmçinin ölkə Prezidenti, YAP-ın sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda həyata keçirilən uğurlu siyasətdən danışdı. 44 günlük Vətən müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuzun misilsiz rəşadətindən, torpaqlarımızın işğladan azad olunmasında qürurla bəhs edib.

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı, YAP Qaradağ rayon təşkilatının sədr müavini Süleyman Mikayılov tədbirdə çıxış edərək, YAP Qaradağ rayon təşkilatının üzvlərini əlamətdar gün münasibətilə təbrik edib. O, qeyd edib ki, müstəqil dövlətimizin möhkəmləndirilməsində YAP-ın özünəməxsus rolu var: “Hazırda partiyamızın 760 mindən çox üzvü var. YAP nəinki bölgənin, eyni zamanda, dünyanın ən mütərəqqi, tanınmış siyasi partiyasıdır. Bu gün YAP bir çox ölkələrin nüfuzlu partiyaları ilə sıx əməkdaşlıq edir. Əldə edilən uğurlar YAP-ın nüfuzunu daha da artırır”.
Natiq bildirib ki, Ulu Öndər Heydər Əliyevin xalqımızın təkidli tələbi ilə hakimiyyətə qayıdışı müstəqil dövlətçiliyimizi anarxiyadan, parçalanmaq və məhv olmaq təhlükəsindən, iqtisadi tənəzzüldən, beynəlxalq təcriddən xilas edib. Hazırda Azərbaycanın sürətlə inkişaf etdiyini vurğulayan Süleyman Mikayılov əsası Ulu Öndər tərəfindən qoyulan siyasətin bu gün Prezident İlham Əliyev tərəfindən böyük uğurla davam etdirildiyini diqqətə çatdırıb.

Tədbirdə daha sonra YAP Qaradağ rayon təşkilatının sədr müavinləri Hicrət Qaradağlı və Munis Bayramov, YAP Qaradağ rayon təşkilatı GB-nin sədri Seyidməmməd Məmmədzadə,  YAP Qaradağ rayon təşkilatı Şurasının üzvü Elnur Bağırov,  228 saylı məktəbin direktoru Səkinə Rzayeva və YAP Qaradağ rayon təşkilatı Nəzarət Təftiş komissiyasının üzvü Əlzamin Məmmədov çıxış ediblər.

Tədbirin sonunda bir qrup partiya fəalı Fəxri fərmanla təltif edilib.