YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətləri fəal iştirak edəcəkdir

Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) Fransa Şirkətlər Birliyinin (“MEDEF International”) Fransa-Azərbaycan Biznes Şurasının və Torpaqların Müdafiəsi və Təhlükəsizlik Sənayesi Birliyinin (GİCAT) rəhbəri Kristian Monsun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir.

Nazirliyin mətbuat xidmətindən bildirmişlər ki, görüşdə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları (İKT) sektorunda aparılan islahatlar, həyata keçirilən milli və regional layihələr, o cümlədən kosmik sənayenin inkişafı, nanotexnologiyaların və nüvə tədqiqatlarının genişləndirilməsi istiqamətində həyata keçirilən işlər barədə məlumat vermişdir.

Nazir, həmçinin Fransa şirkətləri tərəfindən yüksək texnologiyaların tətbiqi ilə Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasını xatırladaraq, ölkələrimiz arasındakı münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu qeyd etmişdir.

Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tabeliyində "Milli Nüvə Tədqiqatları Mərkəzi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn məsələlərə diqqəti cəlb edən nazir bu istiqamətdə Fransa şirkətləri ilə əməkdaşlıq qurmağın faydalarından danışmışdır.

Ə.Abbasov Fransa şirkətlərini “Fiber-to-home” texnologiyasının tətbiqi ilə Azərbaycanda genişzolaqlı internetin inkişafı, data mərkəzlərinin yaradılması, ixracyönümlü məhsulların istehsalı, nüvə tədqiqatları üzrə rentabelli layihələri həyata keçirmək üçün birgə əməkdaşlığa dəvət etmişdir.

Fransa şirkətləri öz növbələrində Azərbaycan Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə kosmik sənayenin inkişafı, o cümlədən peykin optik müşahidəsi və nüvə araşdırmaları sahəsində əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər.

Nümayəndə heyətinin rəhbəri Kristian Mons Azərbaycanın İKT sektorunda Fransa şirkətlərinin iştirakından və ilk peykin kosmik fəzaya buraxılmasında fransız maliyyə təsisatlarının verdiyi töhfədən məmnunluğunu ifadə etmişdir. O, gələcəkdə də əməkdaşlığın davam etdirilməsində maraqlı olduqlarını qeyd etmiş, həmçinin Azərbaycanda kosmik sənayenin inkişaf etdirilməsində fransız şirkətlərinin fəal iştirak edəcəyinə əminliyini vurğulamışdır.