YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Gündəm

Mehriban Əliyeva: “Bakı-2015” ilk Avropa Oyunları Avropa idmanında tarixi hadisə olacaq

Azərbaycanın birinci xanımı, “Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva Avropa Olimpiya Komitəsinin Əlaqələndirmə Komissiyasının Bakıda keçirilən V iclasında qeyd edib ki,  2012-ci ilin dekabrında Bakı birinci Avropa Oyunlarına ev sahibliyi etmək üçün seçiləndən ölkəmiz Avropanın qürur duyacağı yüksək səviyyəli beynəlxalq tədbiri təşkil etməklə məşğul olub. Bu oyunlar Avropa idmanında tarixi hadisə olacaq. Azərbaycan üçün bu, ölkəmiz, ənənələrimiz, mədəniyyətimiz və tarixi köklərimizi daha çox tanıtmaq üçün yaxşı imkandır.

“Bakı-2015” ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirmişdir ki, biz ilk Oyunların keçirilməsinin şərəfli və məsuliyyətli iş olduğunu qəbul edirik. Siz bu gün və sabah bizə olan etimadınızın əbəs olmadığını görəcəksiniz. Baxmayaraq ki, qarşıdakı bir neçə ay ərzində planlarımıza son ştrixləri vurmalıyıq, ümidvaram ki, biz hamımız indiyədək əldə olunan əhəmiyyətli nailiyyətlərlə fəxr edə bilərik.
Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva bildirdi ki, birinci Avropa Oyunlarını 600-dən artıq beynəlxalq və yerli media nümayəndəsi işıqlandıracaq. İyunun 10-da beynəlxalq mətbuat nümayəndələri üçün tədbir təşkil ediləcək. Bu tədbiri 100-dən artıq ölkəyə yaymaq üçün 43 şirkətə yayım hüququ verilib və beləliklə də Oyunları Avropa, Asiya, Afrika, Şimali və Cənubi Amerika və Avstraliyada izləyə biləcəklər. Bundan başqa, könüllülərdən indiyədək 16 mindən artıq müraciət daxil olub.
Mehriban Əliyeva idmanın və Olimpiya hərəkatının dəstəklənməsinin Azərbaycanın əsas prioritetlərindən biri olduğunu vurğulayaraq, idmançılarımızın nailiyyətlərini qeyd etdi. Birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri əminliklə bildirdi ki, bu Oyunlar bütün iştirakçıları birləşdirəcək və yeni idman ənənəsi üçün güclü təməl yaradacaq.