YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə xalq artisti Əlibaba Məmmədova həsr olunan musiqi albomu nəşr edilib

Azərbaycan muğam sənətinin qorunmasına və inkişafına xüsusi diqqət və qayğı göstərən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə milli musiqi mədəniyyətimizin görkəmli nümayəndəsi, xalq artisti, muğam, təsnif və xalq mahnılarının mahir ifaçısı Əlibaba Məmmədovun 85 illik yubileyi münasibətilə xanəndənin həyat və yaradıcılığına həsr olunmuş yeni musiqi albomu nəşr edilib.
Alboma xalq musiqisinin incəliklərini, klassik Azərbaycan poeziyasının nümunələrini gözəl bilən və öz orijinal ifa üslubu ilə Azərbaycan milli musiqi xəzinəsini zənginləşdirən Əlibaba Məmmədovun həyat və fəaliyyətindən bəhs edən kitab, onun müəllifi olduğu mahnı və təsniflərin not yazılarının yer aldığı iki nəşr və xanəndənin ifasında xalq mahnıları, təsniflər və muğamlardan ibarət 4 CD daxildir.
Kitabda ustad xanəndənin uşaqlıq və gənclik illərindən, zəngin və unudulmaz hadisələrlə yadda qalan yaradıcılıq yolundan söhbət açılır. Yüksək poliqrafik səviyyədə hazırlanmış albom Əlibaba Məmmədovun həyatının müxtəlif anlarını əks etdirən fotoşəkillərlə zəngindir.
Nəşrdəki kompakt disklərdə cəmlənmiş musiqi nümunələri sənət hesabatı kimi Əlibaba Məmmədovun milli xanəndəlik məktəbinin ənənələrinin qorunub saxlanılması və inkişaf etdirilməsi işinə xidmətin gözəl nümunəsi olan yaradıcılıq yolunu əks etdirir.

 

DİGƏR Xəbərlər Arxiv