YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Eurasia Review”: Post müharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək

“1993-cü ildə Türkiyə, yalnız Azərbaycana qardaş bir ölkə olduğu üçün deyil, həm də ədalətli yanaşması səbəbiylə işğal siyasətinə görə Ermənistanla sərhədləri bağladı. Bu, Ermənistana həm siyasi, həm də iqtisadi cəhətdən mənfi şəkildə təsir etdi. 10 dekabr 2020-ci il tarixində Azərbaycanın Bakı şəhərində keçirilmiş Zəfər Paradının ertəsi günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan birgə mətbuat açıqlaması edərək yeni altılı əməkdaşlıq formatı ilə çıxış etdilər ki, Ermənistan rəhbərliyinin müharibədən düzgün nəticə çıxarması və əsassız iddialarından imtina etməsi halında onun da bu formatda yer ala biləcəyinin mümkünlüyü dilə gətirildi”. Bu fikirlər “Eurasia Review” nəşrində politoloq Şəbnəm Həsənovanın “Post müharibə dövründə Cənubi Qafqazda sülh və əməkdaşlıq tərəqqi və rifaha gətirəcək (səbəb olacaq)” sərlövhəli məqaləsində yer almışdır.

Məqalə 10 noyabr 2020-ci il tarixində Azərbaycan Respublikası prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyası prezidenti tərəfindən imzalanmış üçtərəfli bəyanatın hərbi əməliyyatları başa çatdırmaq və bölgədə sülh, təhlükəsizlik və əməkdaşlıq qurmağa qərar verən fundamental sənəd olması ilə yanaşı, bölgədəki nəqliyyat kommunikasiyalarının açılmasına dair müddəaların da əks olunaraq, bununla Azərbaycanın Naxçıvan Muxtar Respublikasına və Türkiyəyə Ermənistandan keçməklə Mehri nəqliyyat dəhlizi vasitəsilə birbaşa quru yolu çıxışı əldə edildiyini ehtiva edir.

Müəllif məqalədə qeyd edir ki, Azərbaycanın Qarabağı erməni işğalından azad etməsi təkcə iki ölkənin tarixində deyil, bütün Cənubi Qafqaz regionunun tarixində yeni bir səhifə açır. Hər şey məhv edildiyi üçün azad edilmiş ərazilərdə həyatı bərpa etmək asan deyil, lakin bu istiqamətdə Azərbaycan hökuməti tərəfindən azad edilmiş zonaların inkişafı üçün baş planlar hazırlanır.

Şəbnəm Həsənova bildirir ki, Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi altında konstruktiv siyasət yürüdür, bölgə və dünya ölkələri ilə qarşılıqlı faydalı şərtlərdə əməkdaşlıq edir. İstər Azərbaycanla Türkmənistan arasında yüksək səviyyədə əldə olunmuş razılaşmaya əsasən 21 yanvar 2021-ci il tarixində Aşqabad şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandumunun imzalanması, istərsə də daha bir möhkəm fakt kimi Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans Adriatik Boru Kəmərinin başa çatması ilə layihənin yekunlaşması Azərbaycanın layihəyə cəlb olunan ölkələrə, dəstək çıxan ölkələrə və beynəlxalq maliyyə qurumlarına özünü bir daha etibarlı tərəfdaş olduğunu sübut etməsi ilə göründü. Bu kimi addımların bölgədəki məsələlərin dialoq və əməkdaşlıq yolu ilə həll oluna biləcəyinin bariz sübutudur.

Artıq bir neçə dövlət və şirkət Azərbaycanla əlaqələrini genişləndirməyə və azad olunmuş ərazilərdə sənayenin inkişafına töhfə verməyə qərarlıdır. Dövlət olaraq Azərbaycan əsas işi özü həyata keçirəcəkdir. Eyni zamanda, Azərbaycan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək hökumət quruluşlarının yanında özəl investorlar üçün də geniş qapılarını açır. Yerli və xarici investorlar investisiya qoymaqla öz biznes maraqlarını təmin edə və Azərbaycanın uzunmüddətli fasiləsiz, ucuz və ekoloji cəhətdən təmiz enerji mənbələri ilə təmin olunmasında öz sözlərini deyə biləcəklər.

Müəllif Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə istinadən bildirir ki, azad edilmiş torpaqlar “yaşıl enerji” zonası olacaqdır. Məqalədə qeyd olunur ki, dünya iqtisadiyyatının mövcud pandemiya şəraitində böyük problemlər yaşadığı bir vaxtda Prezident Əliyevin təşəbbüsü və təlimatları əsasında Azərbaycan yalnız erməni işğalından azad edilmiş əraziləri bərpa etməyi və yenidən qurmağı deyil, həm də “ağıllı şəhər” və “ağıllı kənd” anlayışlarını həyata keçirməyi planlaşdırır.

Şəbnəm Həsənova deyib ki, Ermənistandakı bəzi siyasi qrupların Azərbaycana qarşı yeni bir müharibəyə hazırlaşmağa çağırdıqlarına baxmayaraq, yeni reallığı həqiqi mənada qiymətləndirən və yuxarıda qeyd olunan platformalardan hər hansı birində iştirak etməyi Ermənistanın maraqlarına cavab verən bir durum kimi dəyərləndirən bəzi siyasətçilər də var. Məqalədə onlara da istinadlar verilir.

Şəbnəm Həsənova bildirib ki, ilk “ağıllı kənd” layihəsi Zəngilan rayonunun İkinci Ağalı kəndində həyata keçiriləcəkdir ki bu barədə 14 fevral 2021-ci I tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində layihənin artıq başlanıldığına dair məlumat verildi. “Ağıllı kənd” layihəsi mənzil, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı” və alternativ enerji kimi beş əsas komponent üzrə həyata keçiriləcəkdir. Tikiləcək 200 kənd evinin enerji ehtiyacı yalnız alternativ enerji mənbələrindən alınacaqdır.

Müəllif qeyd edir ki, ermənilər tərəfindən dağıdılmış və talan edilmiş Güləbird kəndində qısa müddətdə su elektrik stansiyası istismara verildi ki, yaxın gələcəkdə bu stansiyaların sayı artacaqdır. Bərpa işləri arasındakı digər xüsusi yer elektrik təchizatı ilə bağlıdır ki, bu baxımdan da “Azərişıq” Səhmdar Cəmiyyəti artıq Şuşa şəhərinə elektrik xətlərini çəkmişdir.

Qeyd olunur ki, 5 fevral 2020-ci ildə Azərbaycanın Ağdam rayonunda açılan Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi atəşkəs pozuntularının qarşısını almaq üçün bütün lazımi tədbirləri görmək məsuliyyətini daşıyır. Müəllif o nəticəyə gəlir ki, Ermənistan hərəkətlərinin və addımlarının nəticələrini lazımınca təhlil etməli və bölgədəki bütün millətlərin sabitliyini və rifahını təmin etməyin yeganə yolunun sülh və əməkdaşlıq yolu olduğunu qəbul etməlidir.

 

DİGƏR Xəbərlər Arxiv