YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan-Türkiyə əməkdaşlığı regionda formalaşan yeni düzənin vacib elementidir

“Tarixi dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksək səviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Xalqlarımızın eyni soykökünə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Azərbaycan və Türkiyə arasında əlaqələrin bu  səviyyədə yüksək inkişafı təkcə bu dövlətlərin yox, həm də regionun ümumi tərəqqisinə, sabitliyin bərqərar olmasına mühüm töhfələr verir”. Bu fikirləri YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri, Milli Məclisin deputatı Sevinc Fətəliyeva YAP və AKP-nin birgə təşkilatçılığı ilə "Türkiyə-Azərbaycan qardaşlığı: Qarabağ müharibəsindən sonra regional iqtisadi əməkdaşlıq imkanları" mövzusunda keçirilən videokonfransda deyib.

Onun sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin əbədiyyətə qədər yaşayacaq “Bir millət, iki dövlət” ifadəsi qardaşlıq şüarı kimi hər yerdə iftixarla səslənir. Ən xoş hal budur ki, artıq bu ifadənin təkcə Azərbaycan-Türkiyə münasibətlərini xarakterizə edən yox, bütün dost və qardaş ölkələr üçün işlədildiyinin şahidi oluruq.

Deputat qeyd edib ki, 44 günlük müharibə zamanı dost, qardaş Türkiyə Cümhuriyyətinin xalqımıza qəti dəstəyi Azərbaycanın işğalçı Ermənistan üzərində qələbəsində əhəmiyyətli rol oynadı: “Hazırda Azərbaycan hökumətinin qarşısında Qarabağı iqtisadi fəaliyyətin aparıcı halqalarından birinə çevirmək və bu diyarı Azərbaycanın ən qabaqcıl iqtisadi regionlarının inkişaf səviyyəsinə çatdırmaq vəzifəsi qoyulub. Xüsusilə, regionun iqtisadi aktivlik səviyyəsini işğaldan öncəki vəziyyətə çatdırmaq və durmadan yüksəltmək nəzərdə tutulur. Bu çox vacib məsələdir. Belə ki, bərpa edilən iqtisadiyyat hesablanmalı, tezliklə öz doğma yurdlarına qayıdacaq və təbii ki, rahat, hər bir şeylə təmin edilmiş şəraitdə yaşamalı olan insanların tələbatına cavab verməlidir. İşğaldan azad edilmiş ərazilərin bərpası proqramı da məhz insanlara, onların tələbatlarına və bu diyarın sakinlərinin təhlükəsiz həyat fəaliyyətinin təmin edilməsinə yönəlib. Əminəm ki, bizim türkiyəli qardaşlarımız işğal edilmiş ərazilərin bərpası prosesinə tam dəstək verəcəklər. Türkiyənin podratçı şirkətləri artıq indidən burada fəaliyyət göstərir, yol infrastrukturunun tikintisi ilə məşğul olur, digər infrastruktur layihələrində iştirak edirlər. Tezliklə, bu proses genişmiqyaslı xarakter alacaq. Şübhəsiz ki, bu, iki ölkə iqtisadiyyatlarının bir-biri ilə əlaqəsini artıracaq, Azərbaycan-Türkiyə əməkdaşlığı amilini müharibədən sonrakı dövrdə regionda formalaşan yeni düzənin vacib elementinə çevirəcək”.

DİGƏR Xəbərlər Arxiv