YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Həştərxanda Heydər Əliyev Fondunun 10 illiyinə həsr edilən müsabiqənin qalibləri mükafatlandırılmışdır

Mayın 12-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü və Heydər Əliyev Fondunun yaranmasının 10 illiyi münasibətilə Həştərxanda keçirilən tədbirlərdə iştirak etmək üçün səfərdə olan Azərbaycan nümayəndə heyəti Heydər Əliyev adına orta məktəbdə olmuşdur. 

Nümayəndə heyətinin üzvləri məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuşlar.

Sonra qonaqlar məktəblə tanış olmuş, Heydər Əliyev Fondunun 10 illiyi münasibətilə şagirdlərin hazırladığı əl işlərindən ibarət sərgiyə baxmışlar.

Daha sonra Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən müsabiqə və turnirlərin qaliblərinin mükafatlandırılması mərasimi olmuşdur. Tədbirdə çıxış edən məktəbin direktoru Tatyana Tixomirova qeyd etmişdir ki, məktəbin dünyada tanınmış dövlət xadimi Heydər Əliyevin adının daşıması bu tədris ocağının müəllimləri və şagirdləri üçün böyük fəxrdir. Heydər Əliyev Fondunun fəaliyyətindən danışan direktor Fondun prezidenti Mehriban Əliyeva və vitse-prezidenti Leyla Əliyevaya məktəbdə və Həştərxanda görülən işlərə görə minnətdarlığını bildirmişdir. Tatyana Tixomirova Fondun artıq bütün dünyada xeyirxahlığı ilə tanındığını vurğulamışdır.

Heydər Əliyev Fondunun nümayəndəsi İlqar Mustafayev çıxış edərək Mehriban Əliyeva və Leyla Əliyevanın salamlarını tədbir iştirakçılarına çatdırmışdır. O, Fondun 10 illik fəaliyyəti müddətində gördüyü mühüm işlərdən danışmış, bu fəaliyyətin bir çox sahələri əhatə etdiyini vurğulayaraq demişdir: “Bu məktəbdə təhsil almaq hər bir şagird üçün fəxrdir. Çünki bu təhsil ocağı dünyada tanınmış dövlət xadimi Heydər Əliyevin adını daşıyır”.

Sonda Heydər Əliyev Fondunun yaranmasının 10 illiyinə həsr edilən müsabiqə və turnirlərin qaliblərinə mükafatlar təqdim edilmişdir. Tədbirdə şagirdlər Azərbaycana və Heydər Əliyev Fonduna həsr etdikləri şeirləri oxumuşlar.