YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Hacıyev: Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin rəmzidir

2016-cı ilin aprel döyüşlərindən sonra Cocuq Mərcanlı kəndi ətrafında təhlükəsizlik mühiti təmin olunub. Bunu Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev diplomatik korpus nümayəndələrinin Cocuq Mərcanlıya səfəri zamanı jurnalistlərə açıqlamasında deyib. /Trend/

H.Hacıyev bildirib ki, Cocuq Mərcanlı fiziki olaraq Azərbaycanın nəzarətində olsa da, o zaman Lələ Təpə yüksəkliyi Ermənistan silahlı qüvvələrinin nəzarətində olduğu üçün bu ərazidə tikinti-quruculuq işlərini aparmaq mümkün deyildi: “Biz hətta 2017-ci ilin fevralında diplomatik korpus nümayəndələri ilə bu kəndə səfər etmişdik. Tamamilə dağılmış bir vəziyyətdə idi. O zamankı dağıntı formasını biz Azəbaycanın digər işğaldan azad edilmiş ərazilərində görürdük və bu gün də Cəbrayıla və Zəngilana səfərimiz zamanı bu kimi dağıntıların yenə şahidi olacağıq.

Amma gördüyünüz kimi çox qısa bir müddətdə, yəni 2017-2018-ci illərdə Cocuq Mərcanlı kəndi yenidən quruldu. Cocuq Mərcanlının yenidən qurulması Azərbaycan xalqının qayıdış əzminin bir rəmzinə çevrildi”.

H.Hacıyev bildirib ki, eyni zamanda Cocuq Mərcanlıda simvolik bir məna daşıyan Şuşa məscidinin prototipi də tikildi: “Bu da yenə də bizim qayıdış əzmimizi nümayiş etdirirdi. Gördüyünüz kimi bu kənd yenidən quruldu və işğaldan azad olunmuş digər ərazilərimizdə də cənab Prezident tərəfindən qoyulmuş tapşırıqlara uyğun olaraq ardıcıl, planlı, məqsədyönlü şəkildə böyük quruculuq tikinti işləri aparılacaq ki, bizim insanlarımz 30 ildən artıq həsrətdə olduqları doğma torpaqlarına qayıda bilsinlər. Cocuq Mərcanlı kəndinə təkcə qayıdış təmin olunmadı, eyni zamanda burada yerli əhalinin kənd təsərrüfatı ilə, işlə məşğul olması üçün şərait yaradıldı.

Eyni zamanda təşəkkür edirik ki, bizim tərəfdaş, dost və qardaş ölkələr də bu kənddə mülki əhalinin kənd təsərrüfatı və digər işlərlə məşğul olması üçün əlavə imkanlar yaratdılar".

Prezident köməkçisi deyib ki, kəndlə tanışlıqdan sonra diplomatlarla birgə gün ərzində səfəri davam edəcək: "Bundan sonra biz Cəbrayıl şəhərinə gedəcəyik, Cəbrayıl şəhər mərkəzi, Cəbrayıldakı qəbristanlıq, mədəniyyət evi və oradakı bütün dağıdılmış yerlərlə tanış olacağıq və ondan sonra biz İran-Azərbaycan sərhədi boyunca Xudafərin körpüsü istiqamətinə yollanacağıq. Möhtərəm Prezident həmin sərhəddən keçən zaman həmin sərhəd xəttini dostluq sərhədi adlandırmışdı”.

 

DİGƏR Xəbərlər Arxiv