YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Şuşanın məşhur İsa bulağınadək 2 kilometrlik yol inşa olunacaq

Prezident İlham Əliyevin yanvarın 14-də təməlini qoyduğu Füzuli rayonundan başlayaraq Şuşa şəhərinə qədər uzanan I texniki dərəcəli magistral avtomobil yolunun tikintisi davam etdirilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, yeni layihəyə əsasən, çətin relyefə malik olan ərazilərdə, dolaylarda inşa ediləcək körpü və tunellər hesabına yolun uzunluğu 84,6 kilometr təşkil edəcək. İnşa ediləcək tunellərin ümumi uzunluğu təqribən 3 kilometr olacaq. Bundan başqa yeni trassa üzrə müxtəlif səviyyəli yol qovşaqlarının inşası da nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolu 4 və 6 hərəkət zolaqlı olmaqla iri yaşayış məntəqələrindən, həmçinin məşhur Topxana meşəliyindən yan keçməklə inşa edilir. Yolun ilk 48 kilometri 6, qalan hissəsi isə 4 hərəkət zolağından ibarət olacaq. Müvafiq olaraq yol yatağının eni 29,5 və 21,5 metr təşkil edəcək.

Yeni trassa üzrə hazırlanan layihəyə Şuşanın məşhur İsa bulağınadək əlavə 2 kilometrlik II texniki dərəcəli yolun inşası da daxil edilib. İki hərəkət zolaqlı olacaq İsa bulağı yolu başlanğıcını yeni Füzuli-Şuşa avtomobil yolunun təqribən 82-ci kilometrliyindən götürəcək və Laçın-Şuşa-Xankəndi avtomobil yolunu uzunluğu 900 metr olan tunel vasitəsilə keçməklə inşa olunacaq.

Bundan başqa, Füzuli-Şuşa avtomobil yolu inşasına başlanan yeni Füzuli hava limanının yaxınlığından keçir. Bu səbəbdən magistral yolu hava limanı ilə əlaqələndirmək məqsədilə 27-ci kilometrlikdə yol qovşağının və aerovağzala giriş yolunun inşası da layihə üzrə nəzərdə tutulur.

Yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Bu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı tərəfindən tikintisi aparılan 0-17 və 17-34-cü kilometrlik hissələri, “AZVİRT” MMC-nin inşa etdiyi 34-51-ci kilometrlik hissə və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən inşası aparılan 51-84,6 kilometrlik hissəsidir. Hazırda yolun 0-3, 34-37 və 51-53-ci kilometrlik hissələrində torpaq yatağının inşası işləri yekunlaşdırılıb və növbəti kilometrlik ərazilərdə bu istiqamətdə işlər davam etdirilir.

Başlanğıcını M6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan-Ermənistan ilə dövlət sərhədi avtomobil yolundan götürməklə işğaldan azad edilmiş Füzuli, Xocavənd, Xocalı və Şuşa rayonlarının ərazisindən keçən yeni Füzuli-Şuşa magistral avtomobil yolunun inşasının 2022-ci il ərzində tamamlanması nəzərdə tutulur.

Şuşanın düşməndən azad olunmasının mənəvi rəmzi olan və 101 kilometr uzunluğa malik “Zəfər yolu”nun dövlət başçısının tapşırığına əsasən, genişləndirilərək II texniki dərəcəyə uyğun inşası da davam etdirilir. Artıq “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və sözügedən yol ilə gediş-gəliş təmin olunub.

“Zəfər yolu”nun Əhmədbəyli-Böyük Tağlar yaşayış məntəqələri arasında yerləşən hissəsində tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinin sürətləndirilməsi və yolun asfalt-beton örtüyü ilə döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Sözügedən prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.