YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhid Nazim Zahirovun ailəsini ziyarət edib

YAP Sabunçu rayon təşkilatının nümayəndələri şəhid ailələrini ziyarət edirlər.

Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, millət vəkili Əliabbas Salahzadə, Rayon İcra Hakimiyyəti başçısının müavini Rəna Fərəcova və Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva Vətən müharibəsi zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalan Zahirov Nazim Həmzə oğlunun ailəsini ziyarət etmişlər. Şəhid ailəsinin problem və qayğıları ilə maraqlanaraq, ailəsinə qəhrəman oğul böyütdüklərinə görə təşəkkür edilib, sosial məişət problemlərinin aradan qaldırılmasına köməklik göstərilib və maddi yardım olunub.

Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan N.Zahirovun ailə üzvlərinə başsağlığı verən və səbr diləyən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev xalqımızın onun kimi igidlərlə qürur duyduğunu vurğulayaraq son nəfəsinə qədər əzmlə vuruşan və şəhid olan qəhrəmanlarımıza Allahdan rəhmət diləmişdir. Qeyd olunmuşdur ki, Ali Baş Komandanın ətrafında sıx birləşən xalqımızın inamı və müzəffər Azərbaycan ordusunun qətiyyəti ilə qazanılmış tarixi zəfərimiz milli kimliyimizi, birliyimizi və gücümüzü bütün dünyaya nümayiş etdirmişdir.
Qeyd edək ki, Zahirov Nazim Həmzə oğlu 25.06.2001-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsində anadan olmuşdur. 2018-ci ildə Bakıxanov qəsəbəsində yerləşən 310 saylı tam orta məktəbi bitirən N.Zahirov elə həmin ildə də Dövlət Dəmir Yol liseyinə qəbul olmuşdur. N.Zahirov 2019-cu ildə həmin liseyi bitirərək 02.07.2019-cu il tarixdə həqiqi hərbi xidmətə yollanmış və Vətən müharibəsi zamanı Talış-Suqovuşan uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalmışdır. Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.