YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İmzalanmış saziş regionun inkişafına müsbət təsir göstərəcək mühüm beynəlxalq sənəddir

Hicran Hüseynova

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor 

Bu gün ölkəmiz nəinki regionun, dünyanın lider ölkələri sırasında olmaqla bərabər,  demək olar ki, bütün regional və ya beynəlxalq layihələrin əsas tərəfdaşı və təşəbbüskarıdır. Bölgədə yaranmış yeni reallıqlar onu deməyə əsas verir ki, Azərbaycan bu prosesdə mühüm rol oynayır. Enerji, neft-qaz sahəsində  nəhəng, iri miqyaslı layihələrin reallaşması ölkəmizin strateji əhəmiyyətini daha da artırmışdır. Azərbaycan nəinki  öz xalqı, həm də qonşu  ölkələr, bütövlükdə isə  dünya üçün önəmli olan layihələr icra edir.  Artıq Azərbaycan Asiya və Avropa arasında yerləşən ölkə kimi Avrasiya məkanında nəqliyyat-logistika sahəsinə böyük töhfələr verir. 

 Pandemiya ilə mübarizə və Vətən Müharibəsi nəticəsində torpaqlarımızn erməni işğalından azad edilməsi  fonunda dövlətimiz diplomatiya, iqtisadi, nəqliyyat-kommunikasiya əməkdaşlıq  çərçivəsində yeni - yeni uğurlara imza atır. Hazırkı vəziyyətdə  Cənubi Qafqazda yeni regional əməkdaşlıq və  inteqrasiya üçün əlverişli imkanlar yaranmışdır.  Yanvarın 13-də Pakistan İslam Respublikasının Türkiyə Azərbaycan Respublikasının xarici işlər nazirlərinin üçtərəfli dialoqunun ikinci görüşü keçirilərək siyasi, strateji, ticarət, iqtisadi, sülh və təhlükəsizlik, elm və texnologiya və mədəniyyət sahələri də daxil olmaqla qarşılıqlı maraq doğuran bütün sahələrdə qurulmuş əməkdaşlığın bundan sonra davam etdirilməsi üzrə İslamabad Bəyannaməsi qəbul olunudu. Yanvarın 16-da Azərbaycan Respublikası, Əfqanıstan İslam Respublikası və Türkmənistan arasında ticarət və investisiya, energetika, nəqliyyat və logistika, telekommunikasiya və informasiya texnologiyaları, gömrük və sərhəd məsələləri sahələrində əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi üzrə Yol Xəritəsi imzalandı. Yanvarın 21-də Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında Anlaşma Memorandum imzalandı. Bu mərasimlə  ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevlə Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədov arasında videokonfrans formatında keçirilən  görüş zamanı  Anlaşma Memorandumun hazırkı və gələcəkdəki  mühüm əhəmiyyəti haqqında bir çox məsələlər qeyd olundu. Ölkə başçısının bu fikri xüsusi məna daşıyır. O bildirdi ki, “ Bu gün imzalanma prosesini müşahidə edərək düşündüm ki, əcdadlarımız bugünkü mərasimi görsəydilər, yəqin ki, şad olardılar. Necə deyərlər, onların ruhu şaddır. Onlar bizə görə, iki qardaş xalqın əl-ələ, çiyin-çiyinə birlikdə inamla irəliləməsinə, bir-birini dəstəkləməsinə, öz xalqlarının gələcəyi naminə əməkdaşlıq etməsinə, bununla da ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin etmələrinə görə qürur duyardılar”. Bu belədir, çünki, hazırda əldə olunan nailiyyətlərin əsası Ulu Öndərin adı ilə bağlıdır. Azərbaycan  müstəqilliyini bərpa etdikdən sonra aparılmış uzaqgörən siyasət nəticəsində 1994-cü ildə bağlanılmış “Əsrin müqaviləsi” yeni ikitərəfli və çoxtərəfli əməkdaşlıqların yaranmasına etibarlı zəmin yaratdı. Eyni zamanda, Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü üzrə sahilyanı ölkələr arasında müxtəlif sənədlərin imzalanmasına səbəb oldu.  Bu çərçivədə 29 noyabr 2001-ci il tarixində “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında Saziş”, 23 sentyabr 2002-ci il tarixində “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölünməsi haqqında Saziş” və 14 may 2003-cü il tarixində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Rusiya Federasiyası arasında Xəzər dənizinin dibinin həmhüdud sahələrinin bölgü xətlərinin kəsişmə nöqtəsi haqqında Saziş”in imzalanması mühüm tarixi sənədlərdir. Qeyd etmək lazımdır ki, Azərbaycan davamlı olaraq Xəzər dənizində dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılması üçün çalışmış və bu dənizin hüquqi statusunun müəyyənləşdirilməsi istiqamətində müxtəlif səylər göstərmişdir. Bu gərgin zəhmətin sayəsində Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşmasına nail olunmuş və 2018-ci ildə “Xəzər dənizinin hüquqi statusu haqqında” Konvensiya imzalanmışdır. Aparılan məqsədyönlü strategiyanın nəticəsi olara, Azərbaycan və Türkmənistan 21 yanvar Anlaşma Memarandumu imzalamasına  tarixi şərait yarandı. Bu isə o deməkdir ki,  Transxəzər boru kəməri layihəsi üçün son maneə də aradan qaldırdı. Bu memorandum istər iki dost və qardaş ölkənin enerji sahəsində əməkdaşlığının möhkəmləndirilməsi, istərsə də bütövlükdə regionumuzda yeni tərəfdaşlıq və tranzit kommunikasiyalarının inkişafı perspektivləri baxımından əhəmiyyətlidir. Azərbaycan hazırda Cənub Qaz Dəhlizini (SGC) təşkil edən Trans Anadolu Qaz Boru Kəməri (TANAP) və bu yaxınlarda başa çatdırılmış Trans Adriatik Qaz Boru Kəməri (TAP) vasitəsilə Türkiyə və Avropa bazarlarına təbii qaz tədarük edir. Yaxın gələcəkdə Azərbaycanın Avropaya daha çox təbii qaz ötürməsi üçün “Dostluq” yatağı daha böyük perspektivlər vəd edir. Hər iki ölkə başçısının qeyd etdiyi kimi, “Xəzər mehriban qonşuluq dənizi, əməkdaşlıq dənizidir”. Xalqlarının gələcəyi naminə edilən əməkdaşlıq, ölkələrimizin hələ illər boyu, onilliklər boyu davamlı inkişafını təmin edəcəkdir. Azərbaycan və Türkmənistan ilk dəfə olaraq Xəzər dənizindəki yatağın mənimsənilməsi üzrə birgə işə başlayır və bu yataq ölkələrimizi və xalqlarımızı daha da yaxınlaşdıracaqdır. Türkmənistanın təbii qaz ehtiyatları ümumdünya ehtiyatlarının 9 %-nı təşkil edir və bu göstərici ilə Türkmənistan dünyada Rusiya, İran və Qətərdən sonra dördüncü yeri tutur. İndiyədək əsas istehlak bazarı Rusiya olub, rəsmi Moskva türkmən qazının həcmi və qiymətini özü müəyyənləşdirirdi. Aşqabad bu asılılığa son qoymaq üçün əvvəlcə Çin və İran bazarına çıxdı, Azərbaycanın vasitəsilə isə indi əsas istehlak bazarı olan Avropaya çıxış imkanını əldə edir. Bu isə neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi əhəmiyyətini daha da artıracaqdır. Əvvəldə də qeyd etdiyimiz kimi, Azərbaycan, Türkmənistan və Türkiyə arasında, həmçinin Azərbaycan, Əfqanıstan və Türkmənistan arasında üçtərəfli əməkdaşlıq formatı artıq mövcuddur. Bu əməkdaşlıq konkret nəticəyə, biznes fəaliyyəti, iri infrastruktur layihələrinin reallaşdırılması üçün daha əlverişli şərait yaradılmasına yönəlmişdır. Azərbaycan və Türkmənistan arasında memorandumun imzalanması Mərkəzi Asiyanın enerji resurslarını Avropa bazarına çıxaracaq Transxəzər layihəsinə “yaşıl işığın” yandırılması hesab oluna bilər. Hasil olunacaq qazın  Azərbaycana və  TAP vasitəsilə Avropaya çatdırılması gözlənilir və bu saziş Avropa İttifaqı ölkələri tərəfindən müsbət qarşılanacaqdır.

Qlobal transmilli layihələr sayəsində sosial rifah və iqtisadi inkişaf sahəsində çox mühüm məsələlər öz həllini tapır. Həm Azərbaycan, həm də Türkmənistan  investisiyalar üçün açıqdır. Xarici şirkətlər hər iki ölkəyə  Azərbaycana inamla böyük vəsait yatırırlar. Cənab İlham Əliyevin də vurğuladığı kimi, “ Ona görə ki, əmindirlər, onların vəsaitləri qorunacaq, bizim ölkələrdə siyasi sabitliyə əmindirlər, o da bu gün ən mühüm inkişaf amilidir”. Siyasi sabitlik ölkələrin inkişafında strateji əhəmiyyət kəsb edir. Əlbəttə ki, bu uğurlu əməkdaşlığa zəmin yaradan digər mühüm amillərdən biri də  humanitar faktordur. Ölkələrimizin həm tarixi, həm də mədəni baxımdan oxşarlığı, ortaq köklərimiz, ortaq dilimiz, ortaq dinimiz və bir sıra digər mövcud sosial-mədəni təzahürlərin potensialı səmərəli əməkdaşlığın yaranmasının əsas səbəblərindəndir.