YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Yevlax rayon təşkilatının Qadınlar Şurası “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Yevlax rayon təşkilatının Qadınlar Şurası 20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş “Şəhidlər - torpağı Vətən edənlər” mövzusunda videokonfrans keçirib.

20 Yanvar faciəsində, eləcə də torpaqlarımızın azadlığı uğrunda şəhid olan soydaşlarımızın əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən sonra videokonfransı giriş sözü ilə YAP Yevlax rayon təşkilatı Qadınlar Şurasının sədri Əminə Əhmədova açıb.
Videokonfransda çıxış edən Milli Məclisin deputatı, YAP Yevlax rayon təşkilatının sədri İlham Məmmədov bildirib ki, 20 yanvar hadisəsi Azərbaycan xalqının həyatında bir dönüş mərhələsi oldu. Millət vəkili onu da qeyd edib ki, bu gün Azərbaycan öz tarixinin ən möhtəşəm günlərini yaşayır: “Sonu zəfərlə bitən Vətən müharibəsində bütün Azərbaycan xalqı kimi yevlaxlılar da birlik, həmrəylik nümayiş etdirdilər. İgid əsgərlərimiz odlu-alovlu döyüşlərə atılaraq şəhid oldu, qazi kimi, qəhrəman kimi döndülər. Vətəni qorumaq üçün canlarından keçən şəhidlərimiz xalqımızın qəlbində əbədi olaraq yaşayacaq”.

YAP Qadınlar Şurasının sədri, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva çıxışına Azərbaycanın 30 illik tarixinə nəzər salmaqla başlayıb və Azərbaycan qadınının ölkəmizin ictimai-siyasi həyatındakı rolundan danışıb: “20 Yanvar günü biz şahid olduq ki, həmin şaxtalı gecədə qəsbkar ordunun qarşısını kəsmək üçün oğullarımızla bərabər, qızlarımız da küçələrə çıxmışdılar. Azadlıq ideyası uğrunda biz xeyli şəhid verdik, həmin gecə küçələrdən qan sel kimi axırdı. Lakin bu bizim əzmimizi, iradəmizi qıra bilmədi”.
Professor onu da qeyd edib ki, Ali Baş Komandan İlham Əliyevin əmrinə hazır olan əsgərlərimiz 30 il işğal altında inləyən torpaqlarımızı 44 gün ərzində düşməndən azad edərək, ərazi bütövlüyümüzü təmin etdi.

Milli Məclisin deputatı Məlahət İbrahimqızı isə çıxışında 20 Yanvar gecəsində xalqımıza qarşı terror törədildiyini və yüzlərlə günahsız insanın qanının axıdıldığını qeyd edib. O bildirib ki, bu il biz ilk dəfədir ki, 20 Yanvar faciəsini başımızı dik tutaraq, qalib xalqın, qalib ordunun nümayəndələri kimi qeyd edirik.
Milli Məclisin deputatı, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva isə xalqımızın 30 ildən sonra ilk dəfə olaraq qələbə sevincini yaşadığını, bunun üçün şəhidlərimizə, qazilərimizə, igid əsgərlərimizə borclu olduğumuzu deyib.
Videokonfransda həmçinin Milli Məclisin deputatı, YAP Qadınlar Şurasının sədr müavini Sevinc Hüseynova, Milli Məclisin deputatı, YAP Gəncə şəhər təşkilatı Qadınlar Şurasının sədri Pərvin Kərimzadə, Yevlax Şəhər İcra Hakimiyyəti başçısının müavini, YAP Yevlax rayon təşkilatının sədr müavini Elnarə Əzizova, 20 Yanvar faciəsində sağlamlığını itirmiş Cahid Nəbiyev, o cümlədən şəhid anaları - Güllü Bərxudarova, Mehriban Abbasova çıxış ediblər. Çıxışlarda azadlığımızın ilk toxumunu səpən, ölümün gözünə dik baxan 20 Yanvar şəhidlərinin bugünkü müstəqilliyimizin ilk carçıları olduğu bildirilib. O da xüsusi olaraq qeyd olunub ki, 44 günlük Vətən müharibəsi zamanı müzəffər Ordumuz Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə bütün şəhidlərimizin qisasını aldı.
 

DİGƏR Xəbərlər Arxiv