YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Moskva görüşünün nəticələri Azərbaycanın maraqlarına cavab verir

“Ötən il 44 gün davam edən Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr endirdi və işğalçı Ermənistanı məğlubiyyətə uğratdı. Öz məğlubiyyətini etiraf edən Ermənistan noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanata imza atmaq məcburiyyətində qaldı və bu sənədə əsasən üzərinə götürdüyü öhdəliklərə uyğun olaraq dekabrın 1-dək Ağdam, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz respublikamıza təhvil verdi. Yanvarın 11-də isə Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli görüşün məqsədi 2020-ci il noyabrın 10-da Dağlıq Qarabağa dair imzalanmış üçtərəfli bəyanatın reallaşdırılmasının gedişini, mövcud problemlərin aradan qaldırılmasına və regionda dinc həyatın qaydaya salınmasına dair sonrakı addımları birlikdə müzakirə etmək olub”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, 10 noyabr üçtərəfli bəyanatının videoformat şəklində imzalandığını və bununla bağlı təmasların telefon danışıqları ilə baş tutduğunu nəzərə alsaq, bu, Vətən Müharibəsində Azərbaycanın tarixi zəfəri və Ermənistanın hərbi kapitulyasiyasından sonra üç ölkə liderinin ilk birbaşa danışıqları idi. Onun sözlərinə görə, Azərbaycan Rusiyanın tərəfdaşlıq və mehriban qonşuluq jestlərini qiymətləndirərək görüşdə iştiraka razılıq verib. Ermənistan müxalifəti və Rusiyadakı erməni lobbisi isə görüşün pozulmasına çalışır, Paşinyanı görüşə gəlməməyə çağırırdı. Paşinyan hökuməti də erməni cəmiyyətinin itmiş nüfuzunu bərpa etmək üçün Moskva danışıqlarında maksimum nəticə əldə etmək, bu, mümkün olmadıqda danışıqları pozmaq istəyirdi. Amma onlar öz məqsədlərinə nail olmadılar.

Millət vəkili qeyd edib ki, görüşün yekunu olaraq bölgədəki vəziyyətin inkişafına dair imzalanmış birgə bəyanatda tərəflər 10 noyabr bəyanatının regiondakı bütün iqtisadi və nəqliyyat kommunikasiyalarının açılmasını nəzərdə tutan 9-cu bəndinin həyata keçirilməsinə dair üçtərəfli işçi qrupun yaradılması barədə razılıq əldə ediblər. Azərbaycan, Ermənistan və Rusiyanın baş nazir müavinlərinin rəhbərlik edəcəyi işçi qrup yanvarın 30-dək ilk iclasını keçirəcək, fəaliyyət istiqamətləri üzrə ekspert alt qrupları yaradacaqlar.

“İmzalanan bəyanatdan da görünür ki, görüş Azərbaycanın maraqları çərçivəsindən kənara çıxmayıb. Azərbaycan hərb meydanında olduğu kimi diplomatik arenada da, müzakirələrdə də üstün mövqedədir və bu qalibiyyəti güzəştə getmək niyyəti yoxdur. Prezident İlham Əliyevin görüşdən sonra verdiyi bəyanatda qeyd etdiyi kimi, kommunikasiyaların bərpası Azərbaycan, Ermənistan, Rusiya və digər region dövlətlərinin maraqlarına cavab verir. Beynəlxalq kommunikasiyaların bərpası regionun inkişafında dinamizm yaratmaqla bərabər, həm də etibarlı təhlükəsizliyə xidmət edəcək. Beləliklə, Azərbaycan tərəfi qapalı görüşdə istədiyinə nail olub. Ortaq bəyanatın mətni – humanitar və kommunikasiya məsələləri ilə bağlı üçtərəfli işçi qrupunun yaradılması da bunu təsdiqləyir. əgər  Bakının şərtləri qəbul edilməsəydi, üçtərəfli əməkdaşlıq formatı olmayacaqdı”, deyən, deputat söyləyib ki, Azərbaycan tərəfinin görüşdən əvvəl irəli sürdüyü və yeni bəyanatla təsbit olunmuş tələblər regional sabitliyi və təhlükəsizliyi möhkəmlətməyə xidmət edir. Bu, faktiki olaraq “Mehri dəhlizi” - Naxçıvana, daha sonra Türkiyəyə dəmir yolunun açılması üzrə işlərin başlaması deməkdir. Açılacaq kommunikasiya xətləri “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəi olacaq. Azərbaycanın öz eksklavı olan Naxçıvan Muxtar Respublikası ilə, həmçinin Tükiyə ilə əlaqələri güclənəcək, ölkəmizin geoiqtsadi əhəmiyəti artacaq.

 

DİGƏR Xəbərlər Arxiv