YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP-ın Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gənclər siyasəti və onun təkmilləşdirilməsi tədbirləri” mövzusunda kursu keçirilib

         Yanvarın 9-da Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyasının “Azərbaycan Respublikasının gənclər siyasəti və onun təkmilləşdirilməsi tədbirləri” mövzusunda kursu keçirilib.

          Əvvəlcə kursun rəhbəri, Milli Məclisin deputatı Elman Nəsirov mövzu haqqında məlumat verib.

          Sonra Milli Məclisin deputatı Vüqar İsgəndərov mövzu ilə bağlı məruzə edib. O bildirib ki, yeni nəslin hərtərəfli inkişafının əsas şərtlərindən biri gənclərin ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında aktiv iştirakının təmin edilməsidir. Fərəhli haldır ki, Azərbaycanda əsası 1994-cü ildən ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti məhz bu prinsiplər əsasında formalaşıb və müvafiq hüquqi sənədlərdə də öz əksini taparaq həyata keçirilir. Odur ki, yetkin dövlət təfəkkürlü, yüksək intellektli, milli dəyərlərə bağlı sağlam mənəviyyatlı gəncliyin formalaşdırılması bu siyasətin əsas istiqamətlərindən birini təşkil edir.

          Ölkənin gələcəyinin gənclərin sosial-siyasi fəallığından asılı olduğunu deyən millət vəkilinin sözlərinə görə, son illər gənclər siyasətinə ayrılan diqqət və qayğının nəticəsidir, dövlət siyasətində gənclər sektoru önəmli yerlərdən birini tutur. Bu gün Azərbaycanın gənclər siyasəti nəinki regionda, bütün dünyada müasir və uğurlu model kimi qiymətləndirilir.  Artıq Azərbaycan gəncliyinin inkişafında keyfiyyətcə yeni mərhələnin başlanğıcı qoyulub. Gənclərin öz problemlərini ölkə rəhbərinə birbaşa çatdırması, fikirlərinin azad və sərbəst şəkildə ifadə olunmasına bütün şəraitin yaradılması ölkəmizdə gənc nəslə yüksək və xüsusi qayğının əyani təsdiqidir.

          V.İsgəndərov qeyd edib ki, Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında daha böyük rol oynayır. Hazırda respublikada mövcud olan yüzlərlə qeyri-hökumət və gənclər təşkilatlarının aktiv fəaliyyəti dövlətin yaratdığı şərait sayəsində mümkün olub. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissini artırıb. Gənclərimiz iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman yarışlarında yeni-yeni qələbələrlə ölkəmizin şərəfini ucaldıblar. Təbii ki, dövlətin bu istiqamətdə gördüyü tədbirlər bundan sonra da davam etdiriləcək. Belə ki, gəncliyin inkişafı ilə bağlı dövlət proqramları həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin inkişafına böyük töhfələr verir.

          Daha sonra Vüqar İsgəndərov kurs iştirakçılarının suallarını cavablandırıb.