YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Azərbaycanın enerji strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla icra olunur

Şəbnəm Həsənova

Politoloq

Enerji ehtiyatlarına olan tələbat nəticəsində enerji təhlükəsizliyi Avropa İttifaqı üçün vacib bir siyasət sahəsi halına gəldi. Avropa İttifaqına üzv dövlətlər ümumi prioritetlər və xüsusi tədbirlər barədə razılığa gələrək son illərdə ortaq bir enerji siyasətinin formalaşdırılması və həyata keçirilməsi istiqamətində ciddi səylər göstərdi. Avropa rəqabət qabiliyyətinə, tədarük təhlükəsizliyinə və enerjinin davamlılığına yönəlmiş üç sütunlu bir istiqaməti özündə ehtiva edən strategiya müəyyənləşdirdi. Ümumiyyətlə, alimlərin və enerji ekspertlərinin çoxusu hesab edirlər ki, müasir siyasi reallıqlar kontekstində dünya siyasətinin aparıcı amili dövlətlərin enerji ehtiyatlarına malik olub-olmaması baxımından dəyərləndirilməlidir. Məhz elə bu səbəbdən də Avropanın keçmiş illərdə üzləşdiyi problemlər son illərdə bəzi Avropa səlahiyyətliləri və rəsmilərini qitənin enerji tədarükünün şaxələndirilməsi və alternativ tranzit yollarının təşviq edilməsi ilə bağlı yeni istiqamətlər müəyyənləşdirməyə məcbur etdi. Bu baxımdan, Azərbaycan Avropanın enerji təhlükəsizliyində yeni, alternativ enerji mənbəyi funksiyasında çıxış etməyə başladı. ABŞ-ın Azərbaycandakı keçmiş səfiri və həmin ölkənin Avrasiya enerji məsələləri üzrə xüsusi elçisi Riçard Morninqstarın təbirincə desək, “Azərbaycan təbii qazı Cənub dəhlizinin genişləndirilməsi üçün mütləq vacibdir”. Bu mənada, Cənub Qaz Dəhlizi təbii qazın nəql edilməsi istiqamətində enerji təhlükəsizliyinin alternativ və etibarlı yollarındandır. Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycan qazının Qərb dövlətlərinə nəql edilməsində Avropa İttifaqı maraqlıdır. Bu hədəfə isə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans–Anadolu Boru Kəməri və Trans–Adriatik Boru Kəməri ilə nail olmaq mümkündür. Bu məqsədlə 2011-ci ildə Bakıda Avropa İttifaqı ilə Azərbaycan arasında Cənub Qaz Dəhlizi haqqında “Birgə Bəyannamə” imzalanmışdır. Hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir.

Azərbaycanın bütün uğurlu enerji layihələrinin təməlində birbaşa Ümummilli lider Heydər Əliyevin şəxsi keyfiyyətləri və siyasi uzaqgörənliyi nəticəsində baş tutan “Əsrin müqaviləsi” dayanır. Bu, Azərbaycanın enerji siyasətinin əsas ana sütununu təşkil edir. Müqavilə imzalandığı dövrdə–1994-cü ildə Azərbaycan praktiki olaraq siyasi və iqtisadi blokada vəziyyətində idi. Bu çətin vəziyyətdə ümummilli lider Heydər Əliyev yeddi ölkədən on bir xarici neft şirkətini inandırmağa müvəffəq oldu ki, yenicə müstəqillik əldə etmiş gənc bir dövlətə sərmayə qoysunlar. Tarixdə ilk dəfə olaraq xarici şirkətlər Xəzərdəki neft və qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar. “Əsrin müqaviləsi” Azərbaycanın dünyaya açıq ölkə olduğunu nümayiş etdirdi. Bu müddətdə Azərbaycanın yeni neft strategiyası və onun doktrinası uğurla başladı. Azərbaycan Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dünyada özünü təsdiq edə bildi. “Əsrin müqaviləsi” ilə əsası qoyulmuş milli neft strategiyasının uğurlarının nəticəsi olaraq Azərbaycanın regionun lider dövləti, eləcə də regional və qlobal iqtisadi layihələrin aparıcı iştirakçılarından biri kimi tanınmasına şərait yaranmışdır.

Cənub Qaz Dəhlizi layihəsinin təşəbbüskarı Azərbaycan Respublikası olmuşdur. Cənub Qaz Dəhlizinin əsas hissəsi olan ­TANAP həm Türkiyənin, həm də Orta Şərqin ən uzun və ən böyük təbii qaz kəməri hesab olunur. Cənub Qaz Dəhlizinin sonuncu seqmenti olan Trans-Adriatik Boru Kəməri (TAP) da artıq tamamlanmışdır. Tarixdə ilk dəfə Azərbaycan öz təbii qazını Avropa bazarına birbaşa boru xətləri vasitəsi ilə çıxarmağa nail oldu. Azərbaycan daha bir mühüm, tarixi qələbə, uğur əldə etdi. Ölkəmizin iqtisadi-maliyyə gücünün artmasına, Azərbaycanın və Avropanın enerji təhlükəsizliyinin təmin edilməsinə xidmət edən Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri artıq fəaliyyətdədir. Azərbaycan dünya bazarına böyük qaz ixracatçısına çevrildi. Noyabrın 15-də TAP İtaliyanın qazpaylayıcı şəbəkəsinə uğurlu birləşdirildikdən kommersiya məqsədli təbii qaz Melendugno məntəqəsindən SNAM Rete Gas (SRG) qazpaylayıcı şəbəkəsi ilə İtaliyaya, Nea Mesimvria məntəqəsindən isə DESFA şəbəkəsi ilə Yunanıstan və Bolqarıstana çatdırılıb. Cənub Qaz Dəhlizinin uğurla başa çatması ölkə iqtisadiyyatına əlavə dəyər qazandırmaqla yanaşı, həm də Azərbaycanın iqtisadi müstəqilliyinin güclənməsi anlamına gəlir. Xəzər dənizinin Azərbaycan sektorundakı nəhəng “Şahdəniz” yatağından təbii qazı Avropaya daşıyan 878 km-lik boru kəməri TAP-ın gələcəkdə genişlənməsi və kəmərin ötürücülük gücünün 20 milyard kubmetrə çatdırılması üçün 2021-ci ilin yay aylarında bazar araşdırmasının ikinci mərhələsinə başlanılacaq. Eyni zamanda, TAP perspektivdə tikiləcək interkonnektorlar vasitəsi ilə Çənub-Şərqi Avropa ölkələrinə qaz tədarükünü stimullaşdıra bilər. Vaxtilə tək bir qaz tədarükçüsündən asılı olan və qaz kəsintiləri səbəbilə böyük problemlər yaşayan Bolqarıstan təbii qaza tələbatının 33%-ni TAP vasitəsilə təmin edərək təchizat təhlükəsizliyini gücləndirməyə qadir olacaq. Bu da öz növbəsində ölkədə təbii qazın nüfuz dairəsini artıracaq. TAP-ın Yunanıstan və Albaniya ərazisində, habelə İtaliyadakı çıxış nöqtələri Azərbaycan qazının digər Avropa ölkələrinə nəqli üçün də imkanlar açır. Bir sözlə, Cənub Qaz Dəhlizinin sonuncu seqmenti kimi, Avropanın yeni təbii qaz mənbəyinə etibarlı çıxışını təmin edən və strateji əhəmiyyət daşıyan TAP Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsində, tədarükün şaxələndirilməsində mühüm rol oynayır, həmçinin dekarbonizasiya məqsədlərinə xidmət edir.

Əgər əvvəllər Azərbaycan bir vasitəçi ölkə kimi görünürdüsə, hazırda ölkəmiz Cənub Dəhlizinin formasını və gələcəyini təyin edən əsas iştirakçıya çevrilmişdir. Bu, həm də o deməkdir ki, boru kəmərləri Azərbaycana Avropa İttifaqı ilə münasibətlərində daha geniş səlahiyyətlər verəcəkdir. Azərbaycanın dünyanın enerji sistemində artan əhəmiyyətli rolu, transmilli enerji bazarlarında özünəməxsus yeri və Avropanın enerji təhlükəsizliyində fəal iştirakı qlobal, regional, geosiyasi və geoiqtisadi mövqeyinə mühüm təsir göstərir.