YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycan zəngin mədəni irsə malik olan ölkədir

   “Dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyəti,  Ordumuzun şücaəti sayəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan  tarixinin ən yaddaqalan və şanlı dövrünə qədəm qoyub. 44 günlük müharibə milli mənliyimizi özümüzə qaytardı. Azərbaycanın  ərazi bütövlüyünün bərpası ölkəmiz  üçün  beynəlxalq hüququn və milli-mənəvi dəyərlərin aliliyinin nümayişidir. Azərbaycan 30 ilə yaxın müddətdə  erməni qəsbkarları tərəfindən   maddi və mədəni sərvətləri talan edilmiş torpaqlarımızın  yenidən həyata qaytarılması, cənnət məkana çevrilməsi üçün quruculuq layihələrinin icrasına başlayıb.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

  M.Həsənov vurğulayıb ki, ölkə Prezidenti İlham Əliyev Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən qarşıdakı dövr üçün hədəfləri diqqətə çatdırıb.  Mədəniyyətimizi, mədəni irsimizi qorumalıyıq.  Azərbaycan çox zəngin mədəni irsə malik olan ölkədir. Uzun illər başqa dövlətlərin tərkibində yaşamağımıza baxmayaraq  milli köklərə bağlılığımız imkan verməyib ki, xalqımız assimilyasiyaya uğrasın. Mədəniyyətimiz milli mənsubiyyətimizi qorumaq üçün başlıca rol oynayıb.

   Millət vəkili qeyd edib  ki, cənab İlham Əliyevin  Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan etməsi  Qarabağın incisi, musiqimizin məbədi və  beşiyi olan füsünkar  Şuşamızın  işgaldan azad edilməsindən keçirdiyimiz qürur hissinin aydın mənzərəsini yaradır: “Heç təsadüfi deyil ki, Şuşanın işğaldan azad edildiyi tarix  Zəfər Günü kimi təsis edildi.  Cənab İlham Əliyev Şuşanın işğaldan azad edilməsi xəbərini Şəhidlər Xiyabanından xalqımıza çatdırarkən bu fikri böyük fəxrlə  qeyd etmişdir ki, bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir. Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”

    “Möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, Şuşa  nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər” söyləyən M.Həsənov bildirib ki,  Qarabağda, Şuşada, onun "Cıdır düzü"ndə, "İsa bulağı"nda yenə "Qarabağ şikəstəsi" səslənəcək, Vaqif poeziya günləri,  “Xarı bülbül” festivalı bərpa ediləcək.  

  “Keçmişini sevən,  bu günü ilə qürur duyan, gələcəyə böyük ümidlərlə baxan xalq hər zaman tarixin sərt sınaqlarından üzüağ çıxar, milli varlığını, mövcudluğunu qoruyar. Bunu Azərbaycan xalqının timsalında daha aydın görürük.  Dünya sivilizasiyası xəzinəsinə böyük töhfələr verən Azərbaycanın 2019-cu ildə  UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına ev sahibliyi etməsində də  milli-mənəvi dəyərlərinə,  tarixi-mədəni irsinə bağlılığı əsas yer tutdu. Dövlətimizin başçısı İlham Əliyevin Sərəncamı ilə  2018-ci ilin  ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli”,  2019-cu ilin  “Nəsimi İli”, 2021-ci ilin  isə “Nizami Gəncəvi İli” elan edilməsi  və sair  kimi biri-birindən önəmli addımlar  zəngin tariximizə, dilimizə, ədəbiyyatımıza, mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə sahib olmağımızdan irəli gəlir”, - deyə millət vəkili bildirib.  

  M.Həsənov  bugünümüzün çağırışları sırasında  mədəni irsimizin qorunmasının, Azərbaycan mədəniyyətinin dünyada təbliğinin, gənclərimizin milli ruhda tərbiyəsinin  öndə dayandığını xüsusi qeyd edərək bildirib ki, birliyimizi, həmrəylimizi,  44 günlük müharibədə nümayiş etdirdiyimiz dəmir yumruğumuzu hər zaman  qorumalıyıq. Bu, hər birimizin vətəndaşlıq borcudur.

   “Bu birlik, həmrəylik ruhunda işğaldan azad edilmiş torpaqlarımızda quruculuq, bərpa işlərini həyata keçirəcəyik.  Möhtərəm Prezidentimiz İlham Əliyevin “Qarabağ Dirçəliş Fondu” publik hüquqi şəxsin yaradılması haqqında Fərmanında  da məqsəd işğaldan azad edilmiş ərazilərdə dayanıqlı məskunlaşma üçün müasir və layiqli həyatın təmin edilməsi, bütün sahələrdə quruculuq-bərpa və abadlıq işlərinin aparılması,  təhlükəsiz yaşayışın, səmərəli fəaliyyətin  dəstəklənməsidir” söyləyən millət vəkili qeyd edib ki, bu istiqamətlərdə  hər bir şəxsin göstərəcəyi dəstək tarixi Qələbəmizə, qüdrətli və güclü Azərbaycan naminə milli birlik ideyasına, suveren və təhlükəsiz yaşamaq məqsədimizə mühüm töhfə olacaq.

    M.Həsənov Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Azərbaycanın Qarabağ bölgəsinə qanunsuz səfərinə də münasibət bildirərək vurğulayıb ki,  bu kimi addımlar 10 noyabr  üçtərəfli Bəyanatına ziddir. Möhtərəm Prezidentimiz İlham Əliyevin  Dünya  Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində  səsləndirdiyi  “Əgər kimsə Ermənistanda bu gün revanş hissi ilə yaşayırsa, böyük səhv edir. O 44 günlük müharibəni onlar heç vaxt unutmasınlar. Bundan sonra əgər kimsə Azərbaycan xalqını təhqir etməyə çalışsa, elə dərsini alacaq ki, o 44 günlük müharibə onun yanında yalan olacaq” bəyanatı ara ayvazyan kimilərə  ciddi mesajdır.