YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Qadınlar Şurası “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda videokonfrans keçirib

Dekabrın 30-da Yeni Azərbaycan Partiyası Qadınlar Şurası  31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə “Zəfər tariximizdə həmrəylik nümunəsi” mövzusunda videokonfrans keçirib.

Videokonfrası giriş sözü ilə açan YAP Qadınlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü, Bakı Slavyan Universitetinin rektoru Nurlana Əliyeva qarşıdan gələn 31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib. N.Əliyeva bildirib ki, Azərbaycan 30 il ərzində münaqişənin sülh yolu ilə həlinə ümid edirdi. Bu baxımdan, konstruktivlik nümayiş etdirərək sülh prosesinə sadiqlik nümayiş etdirirdi. Amma işğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu qoruyub saxlamağa çalışırdı. Eyni zamanda, münaqişənin nizamlanması prosesində vasitəçilik missiyasını həyata keçirən ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın işğalçılıq siyasətinə son qoyulması üçün ciddi addımlar atmayıb, təcavüzkara qarşı heç bir təzyiq göstərməyiblər.

Onun sözlərinə görə, belə olan halda sentyabrın 27-də Azərbaycan Ordusu Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq əks-hücum əməliyyatına başladı. Onun sözlərinə görə, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı böyük qələbə qazandı: “Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu, qəhrəman əsgər və zabitlərimiz 44 gün ərzində böyük şücaət göstərərək bu qələbəni təmin etdilər. Döyüş meydanında qazanılan uğurlarımız erməni tərəfini təslim olmağa məcbur etdi. Bütövlükdə, 44 günlük Vətən müharibəsi Azərbaycanın, ordumuzun, qəhrəman əsgərlərimizin  gücünü, qüdrətini bütün dünyaya göstərdi. Xüsusilə qeyd etmək istəyirəm ki, bu dövrdə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm hərb meydanında, həm diplomatik müstəvidə, həm də informasiya müharibəsində böyük üstünlük nümayiş etdirdi. Təbii ki, qazandığımız qələbədə bu amil müstəsna rol oynayır”.

YAP Qadınlar Şurasının sədri, qazanılan Zəfərdə xalqımızın həmrəyliyinin də xüsusi rol oynadığını diqqətə çatdırıb. N.Əliyeva söyləyib ki, Vətən müharibəsinin davam etdiyi günlərdə bütün cəmiyyətimiz misilsiz dərəcədə birlik və həmrəylik ifadə edib. Məhz xalq-ordu-Ali Baş Komandan birliyi parlaq zəfərimizin əldə edilməsində müstəsna əhəmiyyət kəsb edir. O, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin xalqımız tərəfindən daim uca tutulduğunu söyləyib.   

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Səbinə Əliyeva çıxış edərək bildirib ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə hərbi təcavüzü nəticəsində mülki əhali arasında çoxsaylı insan tələfatı baş verib, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılıb, sülh və insanlıq əleyhinə müharibə cinayətlərinin qurbanı olub.

Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində xalqımızın həmrəylik nümayiş etdirərək Ali Baş Komandanımızın və ordumuzun ətrafında birləşərək möhtəşəm zəfərə imza atıb.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru Gülçöhrə Məmmədova da çıxışında şanlı Zəfərin qazanılmasında milli həmrəyliyimizin əhəmiyyətini qeyd edib. Onun sözlərinə görə, qarşıda mühüm vəzifələr dayanır. Belə ki, işğaldan azad olunmuş ərazilərimiizn bərpası ən mühüm vəzifələrimizdəndir. O əminliyini ifadə edib ki, bu məsələdə də xalqımız həmrəylik nümayiş etdirəcək.

YAP Şuşa rayon təşkilatı Qadınlar Şurasının sədri Vüsalə Fətəliyeva çıxışında Vətən müharibəsində qələbəmizin qazanılmasında həmrəyliyimizin əhəmiyyətini vurğulayıb. O, belə tədbirlərin yaxın gələcəkdə Şuşa şəhərində də keçiriləcəyinə əmin olduğunu bildirib.