YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Soltan Məmmədov: 2021-ci ilin dövlət büdcəsinin sosialyönümlü olması Azərbaycan dövlətinin öz vətəndaşlarının sosial müdafiəsinə xüsusi önəm verməsini bir daha təsdiqləyir

“2021-ci ilin dövlət büdcəsinin sosialyönümlü olması Azərbaycan dövlətinin öz vətəndaşlarının sosial müdafiəsinə xüsusi önəm verməsini bir daha təsdiqləyir. Təqdirəlayiq haldır ki, büdcə layihəsində səhiyyə sahəsinə də xüsusi yer verilib. Hesab edirəm ki, səhiyyə və tibbi xidmətlər üçün nəzərdə tutulmuş vəsait bu sahədə əhaliyə xidmətin keyfiyyətinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq”. Bu fikirləri Milli Məclisin deputatı Soltan Məmmədov deyib.

Soltan Məmmədov bildirib ki, gələn ildən respublika ərazisində icbari tibbi sığortanın mərhələli tətbiqinə başlanılır. Azərbaycan dövlətinin bu təşəbbüsü ölkəmizdə səhiyyə xidmətləri sahəsində çox mühüm dönüş yaradacaq. Artıq 20 rayonda icbari tibbi sığorta kifayət qədər uğurla tətbiq olunur. Bu rayonlarda səhiyyə xidmətlərindən vətəndaş məmnunluğunun yüksək olması yeni sistemə keçidin əhəmiyyətini düzgün qiymətləndirməyə əsas verir.

Millət vəkilinin sözlərinə görə, mərhələli olaraq qurulacaq bu sistemin bütün ölkə ərazisində tətbiqi şübhəsiz ki, heç də asan proses olmayacaq. Bunun üçün tibb müəssisələrinin bugünkü səviyyəsinin qiymətləndirilməsi və bu qiymətləndirmənin nəticələrinə uyğun olaraq maddi-texniki bazasının gücləndirilməsi, tibb personalının peşəkarlıq səviyyəsinin artırılması çox böyük əhəmiyyətə malikdir. Hesab edirəm ki, bu çətin prosesi həyata keçirmək üçün nəinki dövlət qurumlarının, bütün cəmiyyətimizin dəstəyi çox mühüm əhəmiyyətə malikdir. Azərbaycanda tibbi xidmətlərin əlçatanlığını, keyfiyyət əmsalının yüksəlməsini arzulayan hər bir vətəndaş icbari tibbi sığortanın tətbiqini səbirsizliklə gözləyir. Biz də xalqın seçilmiş nümayəndələri olaraq bu prosesə mümkün qədər dəstəyimizi göstərməliyik. Lakin təəssüf hissi ilə bildirirəm ki, bəzi hallarda bilavasitə dövlətin təşəbbüsü ilə reallaşdırılan bu böyük layihənin praktik icraçıları haqqında yumşaq desək, haqsız tənqidlərə rast gəlinir. Bu baxımdan, bəzi məqamları vurğulamağı vacib hesab edirəm.

Azərbaycanda səhiyyənin inkişafı, tibbi xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması dövlətin xüsusi önəm verdiyi prioritet sahələrdən biridir. Bu gün ölkənin bir çox rayonlarında yüksək standartlara cavab verən xəstəxanalar qurulub. Gənc həkimlərimizə təcrübələrini, biliklərini artırmaq üçün Avropanın inkişaf etmiş ölkələrində təhsillərini davam etdirmək imkanı yaradılıb. Bu gün tibbi təhsilin inkişafı, müasir dünya standartlarına uyğunlaşdırılması, yaradılan tibb müəssisələrinin yeni reallıqlar nəzərə alınmaqla peşəkar mütəxəssislərlə təmin olunması qarşımızda duran əsas vəzifələrdəndir. Çünki müasir tipli xəstəxanalarda keyfiyyətli tibbi xidmətin göstərilməsi üçün yüksək səviyyəli peşəkarlara ehtiyac yaranır.

“Mən xüsusilə 44 günlük Vətən müharibəsi zamanı cəbhəyanı bölgələrdə fəaliyyət göstərən xəstəxanaların əhəmiyyətini və bu xəstəxanalarda çalışan tibb işçilərinin fədakarlığını da vurğulamaq istərdim. Bir çox cəbhəyanı rayonlarda müasir tələblərə cavab verən xəstəxanalarımızın olması yaralı əsgərlərimizin müalicəsi üçün böyük imkanlar yaratdı. Bu xəstəxanalarda çox çətin cərrahiyyə əməliyyatları zəruri avadanlıqların olması, yüksək səviyyəli mütəxəssislərimizin sayəsində uğurla həyata keçirilirdi. Qeyd edim ki, dövlət və özəl tibb müəssisələrində çalışan onlarla mütəxəssis yüksək vətənpərvərlik nümunəsi göstərərək, könüllü olaraq, yaralı əsgərlərimizə xidmət göstərən xəstəxanalarda fəaliyyətlərini davam etdirdilər.

Bu gün bütün bəşəriyyət üçün bəlaya çevrilmiş COVID-19 pandemiyası ilə mübarizədə ölkəmiz də ciddi problemlərlə üzləşib. Həkimlərimizin fədakarlığı, vətəndaşlarımızın hökumətimizin həyata keçirdiyi siyasətə dəstək olması nəticəsində vəziyyət düzgün idarə olunur. Hesab edirəm ki, dövlətin səhiyyə siyasətini həyata keçirən qurum kimi Səhiyyə Nazirliyi, icbari tibbi sığortanın tətbiqini təmin edən Dövlət Agentliyi və tibbi xidmətlərin təşkilinə məsul TƏBİB-in birgə səyləri səhiyyə sahəsində qarşıda duran bütün vəzifələri uğurla icra etməyə imkan yaradacaq”,-deyə deputat qeyd edib.