YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

MÜZƏFFƏR PREZİDENT

ELMAN NƏSİROV

AZƏRBAYCAN RESPUBIİKASI MİLLİ MƏCLİSİNİN DEPUTATI,

Tarix şəxsiyyətlər yetişdirir. Bu, aksiomdur. İsbata ehtiyacı olmayan digər həqiqət də ondan ibarətdir ki, şəxsiyyətlər də tarix yaradır. Burada qarşılıqlı asılılıq mövcuddur. Bu asılılığın unikalllığı ondadır ki, tarix özünün mürəkkəb çağlarını yaşayarkən daha səxavətli olur. Dühalar doğulur. Onlar da tarixə borclu qalmırlar. Missiyaları xilaskarlıq olur.Tarixin, dövlətin və millətin xilaskarı missiyası. Həmin missiyanı müasir Azərbaycan dövlətçiliyi tarixində ümummilli lider Heydər Əliyev yerinə yetirdi. Ulu öndər ilk növbədə Azərbaycanın itirilmiş dövlətçiliyini bərpa etdi, ölkəni permanent xaos vəziyyətindən çıxartdı, vətəndaş müharibəsinin qarşısını aldı, ölkədə milli intibaha nail oldu, bütün sahələrdə dinamik inkişaf tendensiyalarının əsasını qoydu. Azərbaycanda siyasi sabitlik və inkişaf dövrü başlandı. Azərbaycan xalqı dövlətçilik qarşısında müstəsna və misilsiz xidmətlərinə görə Heydər Əliyevə əbədi olaraq minnətdardır. Həm də ona görə minnətdardır ki, ulu öndərin şah əsəri olan müstəqil Azərbaycan artıq 17 ildir ki, etibarlı əllərdədir, davamlı və dinamik inkişaf tempinə malikdir. Zəmanəmizin dühasından “Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”,-qiymətini alan Prezident İlham Əliyev Azərbaycanın bugünkü və gələcək inkişafının təminatçısıdır. Cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan son 17 il ərzində özünün milli dövlət quruculuğu və idarəçiliyinin növbəti şərəfli mərhələsini yaşayır.

Prezident İlham Əliyevin Azərbaycan tarixinə yeni missiya ilə qədəm qoymuşdur. Bu missiyanın fəlsəfəsi daha əvvəl «Əsl siyasət konkret, real iş görməkdən ibarətdir» deyərək ictimai fəaliyyətə başlayan cənab İlham Əliyevin hələ 2003-cü ildə söylədiyi «Mən hər bir Azərbayjan vətəndaşının Prezidenti olacağam, hər bir Azərbaycan vətəndaşının qayğı və problemlərinin həlli yolunda bütün bacarıq və qabiliyyətimi əsirgəməyəcəyəm» fikirləri ilə real məzmun kəsb etməyə başladı.

Bu mərhələnin başlanğıc nöqtəsi 2003-cü il 15 oktyabr tarixli prezident seçkilərində cənab İlham Əliyevin xalqın mütləq əksəriyyətinin səsini toplayaraq (76,86 %) dövlətin ali rəhbəri seçilməsi ilə qoyuldu. Prezidentliyinin ilk 5 ili ərzində İlham Əliyevin dövlətçiliyimiz tarixində yeni missiyasının həll etməli olduğu vəzifələrə Azərbaycanda bir çadır şəhərçiyinin belə qalmayacağı, məcburi köçkünlərin sosial müdafiəsinin təşkilinin əsas məsələ olacağı, yoxsulluğun aradan qaldırılması üçün daha səmərəli tədbirlər görüləcəyi, 600 min yeni iş yerinin açılması istiqamətində qısa zamanda real nəticələr əldə olunacağı, regionların iqtisadi inkişafı və aqrar islahatların ikinci mərhələsi ilə bağlı dövlət proqramları hazırlanacağı, sahibkarlığa dövlət qayğısının artıralacağı, transmilli layihələr çərçivəsində ölkənin yeni infrastrukturunun yaradılmasına nail olunacağı və s. daxil idi. İlham Əliyevin prezidentlik fəaliyyətinin qeyd edilən dövrü ərzində sadalanan bütün istiqamətlər üzrə nəzərəçarpacaq nailiyyətlər əldə olundu. 610 min yeni iş yerinin açılması, neft gəlirlərindən istifadə olunmaqla  qeyri-neft sektorunun inkişaf etdirilməsi, sahibkarlığın inkişafına əlverişli şərait yaradılması, əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinin gücləndirilməsi, hər bir azərbaycanlı ailəsi üçün rifahın və təhlükəsizliyin təmin edilməsi, dövlət strukturlarının işinin səmərəli, dünya standartlarına uyğun şəkildə qurulması, rəhbər işçilərin məsuliyyətinin artırılması, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi, beynəlxalq standartlara cavab verən demokratik parlament seçkilərinin keçirilməsi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq prinsiplərinə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə imkan verən müstəqil xarici siyasət kursunun yeridilməsi, Avropa və dünya strukturlarına inteqrasiyanın davam etdirilməsi  həmin siyasətin real göstəriciləri hesab oluna bilər.

Növbəti seçkilərdə də xalqın mütləq əksəriyyətinin etimadı nəticəsində prezident seçilən İlham Əliyev iqtisadiyyatın bundan sonra da inkişaf etdirilməsi, siyasi islahatların keçirilməsi və ölkənin modernləşdirilməsini  ölkəmizin qarşısında duran başlıca vəzifələr kimi müəyyənləşdirdi. İqtisadiyyatın şaxələndirilməsi, siyasi islahatlar, modernləşmə, enerji sektorunda asılılığın azaldılması, təhsil və güclü sosial siyasət ölkəmizin strateji xətti olaraq irəli sürüldü. Optimal məqsəd və vəzifələrin müəyyən edilməsi və onların yerinə yetirilməsi yollarının düzgün tapılması nəticəsində Azərbaycan hətta dünya iqtisadi-maliyyə böhranı illərində analoqu olmayan iqtisadi inkişaf tempinə nail ola bildi. Bu  inkişaf kursu sistemli və davamlı  xarakter kəsb edir.

Ölkəmizdə 2018-ci il 11 aprel tarixində keçirilən  prezident seçkilərində cənab İlham Əliyev seçicilərin 86,03%-nin səsini qazanaraq növbəti dəfə Azərbaycan Respublikasının Prezident seçilmişdir.  Azərbaycan xalqı həmişə olduğu kimi, bu dəfə də doğru və  müdrik seçim etmişdir. Səsini ulu öndər Heydər Əliyevin müəyyən etdiyi siyasi kursa sadiq qalaraq Azərbaycanı regionun liderinə və beynəlxalq aləmdə etibarlı tərəfdaşa çevirən dünya səviyyəli siyasətçi İlham Əliyevə vermişdir. Növbəti dəfə xalqdan etimad mandatı alan Prezident İlham Əliyevin rəhbərliyi altında son iki ildə Azərbaycan öz inkişafının keyfiyyətcə yeni mərhələsinə  daxil olmuşdur. Bu mərhələ bütün sahələri əhatə edən, genişmiqyaslı və davamlı islahatlar ilə xarakteizə olunur. Dövlətimizin başçısı tərəfindən “tərəqqi, təkamül və yeni şəraitə uyğunlaşma” kimi qiymətləndirilən dərinləşən islahatlar kursu  sosial-itisadi, hüquq-məhkəımə, siyasi, struktur və kadr  istiqamətlərini əhatə etməklə çoxşaxəli və  dinamikdir.  Bütün bunlar nəticə etibarilə ölkəmizin daxili siyasi uğurlarını şərtləndirir, səfərbər olunmuş cəmiyyət və vətəndaş həmrəyliyini möhkəmləndirir, siyasi sabitlik və təhlükəsizlik mühitinin  dönməzliyini təmin edir.  Nəticədə daxili siyasətin davamı və tamamlanmsı olan  xarici siyasət istiqamətində də  mövqelərimiz  daha da möhkəmlənir.

Məsələyə bu prizmadan yanaşdıqda Prezident İlham Əliyevin bütövlükdə 17 il ərzində, o cümlədən son 2 il ərzində həyata keçirdiyi uğurlu daxili siyasət nəticə etibarilə Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmlənməsi mənafeyinə xidmət göstərmişdir. Təkcə daxili siyasətdə deyil, xarici siyasətdə də varislik prinsipi qorunub saxlanılmışdır. Başqa sözlə, Prezidenti İlham Əliyev ümummilli lider Heydər Əliyevin müəllifi olduğu coxvektorlu, müstəqil və milli maraqlara əsaslanan xarici siyasət kursunu sürətlə dəyişən dünyanın geosiyasi reallıqlarına adekvat olaraq cevik, innovativ və hücum taktikasına əsaslanmaqla davam etdirir. Milli dövlətçilik maraqlarının müdafiəsi həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilən bu siyasətin başlıca məzmununu təşkil edir. Həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident  İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Bu statusuna tam adekvat olaraq İlham Əliyev həm daxili, həm də xarici siyasət kursunun həyata keçirilməsi prosesində dərin zəka, iti fəhm, analitik və innovativ düşüncə tərzi, sistemli analiz qabiliyyəti, prinsipiallıq və qətiyyət nümayiş etdirir. Hər dövlət başçısına nəsib olmayan bu unikal şəxsi keyfiyyətlərin daşıyıcı olan Prezient İlham Əliyev harada  çıxış etməsindən və mövqe bildirməsindən asılı olmayaraq, şahmat dili ilə desək, həmişə ağ fiqurlarla oynayır və artıq start vəziyyətində qarşı tərəf və ya tərəflər üzərində ilkin üstünlüyünü təmin etmiş olur. Həmin “siyasi şahmat lövhəsi”ndə siyasət qrossmeysterinin-Prezident İlham Əliyevin rəqibinə “mat” elan etməsi labüddür. Bu zaman problemə sistemli və ardıcıl yanaşma tərzi, səlis və məntiqli ifadə üslubu, auditoriya ilə işləmək və onu ələ almaq qabiliyyəti, səs diapazonundan düzgün istifadə məharəti və nəhayət ecazkar cəzbetmə potensialı və bənzərsiz xarizması ilə dövlət başçısı ən qatı siyasi opponentlərini də “tərksilah” etməyə və onları “siyasi hipnoz” vəziyyətinə salmağa müyəssər ola bilir. Dəfələrlə bu həqiqətin şahidi olmuşuq. Həmin həqiqətlərdən bir neçəsi üzərində dayanaraq yuxarıda səsləndirdiyimiz fikir və  mülahizələrimizi əsaslandıraq. Məlum həqiqətdir ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə-Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə gəlib çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edib, orada ABŞ-ın yeni prezidenti Barak Obama və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi hədəfləmişdilər. Məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edib, onu istədikləri istiqamətdə dəyişməkdən ibarət idi. Azərbaycan Prezidenti İlham Əliyev dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etdi. Bununla da hələ 23 yaşında ikən SSRİ Xarici İşlər Nazirliyinin məşhur Beynəlxalq Münasibətlər İnstitutunda diplomatiya ixtisasının incəliklərini tədris etməsinin təsadüfi olmadığını bir daha sübut etdi. Bununla da əslində bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan öz miqyası etibarilə böyük dövlət olmasa da belə, lakin sözünün mənası və çəkisi böyükdür. Qətiyəti və iradəsi böyükdür. Prezidenti və xalqı arasındakı birlik böyükdür. Son nəticədə, böyük dövlətlər arxasında xalqı dayanan Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar. Türkiyə-Ermənistan sərhədləri bugünə kimi bağlıdır. Onların açılması baglanmasına səbəb olan amillər tam aradan qaldırıldıqdan sonra mümkündür. Bu hər iki qardaş dövlətin rəhbərləri olan cənab İlham Əliyevin və cənab Rəcəb Tayyib Ərdoğanın zamanın sınağından şərəflə çıxmış  ortaq mövqeyidir.

Prezident İlham Əliyevin bütün diplomatik addımları millli maraqlardan çıxış etməklə zərgər dəqiqliyi ilə hesablanmışdır və bir çox hallarda siyasi opponentlərin intellekti imkan vermir ki, onlara vaxtında düzgün adekvat reaksiya versinlər. Belə unikal və uzağagedən siyasi məqsəd daşıyan addımlardan birini Prezident İlham Əliyev 2011-ci ilin iyun ayında atdı. Azərbaycan Qoşulmamaq Hərəkatına üzv oldu. Bu xəbəri eşidən kimi radikal siyasi ünsürlər hay-həşir qaldırdılar ki, mövcud iqtidar Azərbaycanı Avroatlantik məkana inteqrasiya xəttindən uzaqlaşdırır. Bu az qala dövlətçiliyimizin itirilməsinə bərabərdir və s. Sonralar həmin ünsürlər öz aralarında etiraf etmək məcburiyyətində qalacaqlar ki, İlham Əliyevin bu siyasi gedişinin arxasında dayanan əsl mətləbi vaxtında dərk edə bilməyiblər. Mətələb isə ondan ibarət idi ki, mahir diplomat və dövlət xadimi olan İlham Əliyev Azərbaycanın  dünyanın nəhəng universal beynəlxalq  təşkilatı olan BMT TŞ-ya üzv olmasını əsas siyasi hədəf kimi müəyən etmişdi. Bu hədəf xarici siyasət fəaliyyətinin çeviklik əmsalının kəskin artımı hesabına reallaşa bilərdi. Bu halda tərkibində 193 dövlətin olduğu BMT-dən sonra sayca ikinci mövqedə dayanan Qoşulmamaq Hərəkatına (QH) (120 dövlət) üzvlük həmin məqsədin reallaşması üçün əlavə və geniş imkanlar pəncərəsi aça bilərdi. Elə belə də oldu. 2011-ci il oktyabrın 24-də BMT TŞ-ya keçirilən seçkilərdə QH üzvləri Azərbaycanın  lehinə səs verdilər. Azərbaycan 155 səs ilə iki il müddətinə BMT TŞ-nın qeyri-daimi üzvü seçildi. Azərbaycan Respublikası müstəqilliyinin 20-ci ildönümündə tarixinin növbəti şanlı səhifəsini yazdı. Onun müəllifi boyük intellekt, iradə və qətiyyət sahibi olan Prezident İlham Əliyev idi.

Prezident İlham Əliyevin müəyyən etdiyi müstəqil xarici siyasət kursu dünyada bir-birinə qarşı duran qütblər tərəfindən də müsbət qiymətləndirilir. Azərbaycanın müxtəlif güc mərkəzlərindən bərabər məsafədə mövqe seçməsi,  ikitərəfli münasibətlərdə bərabər hüquq, qarşılıqlı hörmət, bir-birinin daxili işlərinə qarışmamaq prinsiplərinə sadiq qalması, eyni zamanda ikitərəfli əməkdaşlığın heç bir halda üçüncü tərəfi hədəfə almaması reallığı beynəlxalq aləmdə dövlətimizə və onun rəhbərinə olan  loyal münasibətin formalaşmasını  şərtləndirən əsas amillərdir. Bu baxımdan 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimov  ilə NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda general Gerasimov ilə NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini ordu generalı Valeri Gerasimov və NATO-nun Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi təsadüfi sayılmamalıdır.  Beləliklə, Bakı 6-cı  dəfədir ki, Rusiya ilə Qərb arasındakı ali hərbi danışıqlara ev sahibliyi etmiş oldu. Heç şübhəsiz, bu seçim səbəbsiz deyildir.  Əsas səbəb odur ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müstəqil və qətiyyətli siyasət dünyanın əsas güc mərkəzləri tərəfindən ehtiramla qarşılanır.

Məhz iti fəhmi və diplomatik məharəti hesabına Prezident İlham Əliyevin son 17 il ərzində ölkəmizin və eləcə də Avropanın enerji təhlükəsizliyinin təminatı istiqamətində atdığı şoxkombinasiyalı siyasi gedişləri heyranlıq doğurur. Nəzərə alsaq ki, enerji təhlükəsizliyi dünyanın aparıcı dövlətlərinin milli təhlükəsizlik strategiyasının həlledici elementi statusunda çıxış edir. Bu baxımdan bir sıra nüfuzlu ekspertlərin “müasir dünyanın siyasi mənzərəsi daha hərbi bloklara mənsubiyyətlə yox, enerji ehtiyatlarına malik olub-olmamaq bölgüsü ilə müəyyən ediləcək”, – fikri təsadüfi sayılmamalıdır. Ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft diplomatiyasını uğurla davam etdirən cənab İlham Əliyev müxtəlif obyektiv və subyektiv çətinliklərin öhdəsindən gələrək  2006-cı ilə “Bakı-Tbilisi-Ceyhan, 2007-ci ildə “Bakı-Tbilisi-Ərzurum” kimi nəhəng neft və qaz marşrutlarının reallaşmasına nail oldu. Dövlət başçısının qeyd etdiyi kimi, “neft kəmərlərinin, xüsusilə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi də tarixi hadisə idi. Təkcə ona görə yox ki, ilk dəfə olaraq Xəzər dənizinin nefti Aralıq dənizinin bazarlarına çıxarılırdı. Eyni zamanda, ona görə ki, bu kəmər yeni bir yol, yeni bir dəhliz açdı”. Söhbət ilk növbədə “Cənub” qaz dəhlizindən gedir. Onun yaradılması istiqamətində ilk addım olaraq 2011-ci ildə Avropa Komissiyası ilə Azərbaycan arasında Strateji əməkdaşlıq və enerji sahəsində Anlaşma Memorandumu, növbəti ildə isə TANAP-ın çəkilişinə dair Azərbaycan və Türkiyə arasında tarixi saziş imzalandı. Bu prosesdə ən əsas həlqəlardan biri sərmayə qoyuluşu ilə bağlı idi. 2013-cü ildə bu məsələ də öz müsbət həllini tapdı. “Şahdəniz-2” layihəsinə investisiya qoyuluşuna dair qərar qəbul edildi. 2014-cü ildə isə “Cənub” qaz dəhlizinin Bakıda təməlqoyma mərasimi keçirildi. 2015-ci ildə Qarsda TANAP-ın təməlqoyma mərasimi oldu. 2016-cı ildə anoloji addım TAP layihəsi ilə bağlı atıldı. Nəhayət, 2018-ci il mayın 29-da “Cənub” qaz dəhlizinin, iyunun 12-də isə TANAP-ın rəsmi açılış mərasimləri oldu. 2019-cu ilin 30 noyabr tarixində isə TANAP-ın Avropa ilə birləşən hissəsinin açılışı oldu. TAP üzrə işlər  özünün yekun mərhələyə daxil olmuşdur.

Prezident İlham Əliyev “Cənub” qaz dəhlizi layihəsinin uğurunu təmin edən səbəblərdən bəhs edərkən xüsusi olaraq aşağıdakı amilləri ön plana çəkmişdir: “Birincisi, bu layihə enerji təhlükəsizliyi, enerji şaxələndirilməsi və azad rəqabəti özündə ehtiva edir. İkincisi, bu layihədə istehsalçı, istehlakçı və tranzit dövlətlər arasında balans yaratmağa nail olmuşuq. Yəni burada uduzan tərəf yoxdur. Üçüncüsü, siyasət və enerji bir-birindən ayrı olmalıdır. Enerji siyasi alət kimi istifadə edilməməlidir. Hesab edirəm ki, “Cənub” qaz dəhlizi sazişində göstərdiyimiz nümunə nümayiş etdirir ki, enerji ilə siyasət ayrılanda uğur əldə edilə bilər.”

2017-ci il sentyabrın 14-də beynəlxalq ictimaiyyət Azərbaycanın enerji təhlükəsizliyi sahəsində yeni və tarixi bir səhifə yazdığına şahidlik etdi. Həmin gün Azərbaycanın unikal enerji strategiyasının memarı olan Heydər Əliyevin adını daşıyan mərkəzdə “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni sazişin imzalanması ilə bu yataqların işlənilməsi 2050-ci ilə qədər uzadıldı. 

Ölkəmizin uğurlarını gözü götürməyən, qarayaxma və iftiralarla dövlətimizin müsbət beynəlxalq imicinə kölgə salmaq istəyən ermənipərəst qüvvələr və onlarla əlbir olan bəzi siyasi dairələr iddialar irəli sürürdülər ki, Azərbaycanın nefti tükənmişdir və xarici neft şirkətləri tezliklə öz ölkələrinə qayıdacaqlar. Cənab Prezidentin çıxışında səslənən təkzibedilməz arqumentlər və yeni kontraktin imzalanması faktı əleyhdarlarımızın yuxusuna haram qatmış oldu.

Son 17 il ərzində Prezident İlham Əliyevin təşəbbüsü ilə regionda çox böyük nəqliyyat layihələri icra olunmaqdadır. Şərq-Qərb nəqliyyat marşrutu artıq reallaşıbdır. 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılmasından sonra  artıq bu marşrut fəaliyyətdədir. Hazırda Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması istiqamətində intensiv işlər görülməkdədir. Azərbaycan ərazisində bu dəhlizlə bağlı bütün işlər yerinə yetirilmişdir. Bu iki önəmli nəqliyyat dəhlizi yeni təşəbbüslərlə çıxış etmək üçün də imkanlar yaratmışdır. Artıq ölkəmizdən keçən Şimal-Qərb nəqliyyat dəhlizi və hələ ki, istismara verilməyən, lakin potensialı olan Cənub-Qərb nəqliyyat dəhlizi çox böyük layihələrdir. Xüsusilə 2019-cu ildə Azərbaycanın qlobal nəqliyat qovşağı kimi statusu daha da möhkəmlənmişdir. Çindən gələn ilk qatar Bakı-Tbilisi- Qars dəmir yolundan keçərək Avropaya çatmişdir. Milli iqtisadiyyata təkan verəcək, daşınma xərclərini azaldacaq dəmir yolu sistemi müasirləşdirilib və bu proses davam etməkdədir.

Təsadüfi deyildir ki, Davos Dünya İqtisadi Forumunun 2019-cu il üçün qiymətləndirməsinə əsasən, Azərbaycan dəmir yollarının səmərələliyinə görə dünyada 12-ci, hava yollarının səmərəliliyinə görə isə 11-ci yerdədir. Heydər Əliyev Beynəlxalq Aeroportu dünyadakı beşulduzlu 10 hava limanından biridir. Azərbaycan yolların keyfiyyətinə görə dünyada 27-ci, infrastrukturun keyfiyyətinə görə isə 34-cü yerdədir.

Onu da qeyd edək ki, nüvafiq düzəlişlərdən sonra Dünya Bankının “Doing Business 2020”  hesabatında  Azərbaycanın əldə etdiyi bal 76,7 baldan 78,5 bala qədər artırılmışdır. Bununla da ölkəmizin qlobal reytinq sıralamasında mövqeyi 191 dövlət arasında 34-dən  28-ə yüksəlmişdir. Bu mövqe irəliləməsi nəticəsində Azərbaycan Dünya Bankı  tərəfindən yenidən “dünyanın  ən islahatçı 10 ölkəsindən biri” kimi qiymətləndirilmişdir. Xatırladaq ki, “Doing  Business 2019” hesabatında da Azərbaycan “dünyanın ən islahatçı 10 ölkəsindən biri” olaraq dəyərləndirilmişdi.

Prezident İlham Əliyevin uzaqgörən  müdrik siyasəti sayəsində Azərbayacan son 17 il ərzində təkcə dünyanın enerji və nəqliyyat  xəritəsini yenidən tərtib etmir, eyni zamanda dünyada ümumbəşəri dəyərlərin qorunması və təbliğı istiqamətində fantastik nailiyyətlərə imza atır. Dünyada sivilizasiyalararası dialoq sahəsində ciddi problemlərin yaşanması, bu fonda konfliktlərin artması tendensiyasının müşayiət olunması, xüsusilə də islamafoboya kimi təhlükəli meyllərin bir sira dövlətlərin və digər subyektlərin siyasətində özünə geniş yer alması reallığında Azərbaycanın mədəniyyətlərarası dialoq məkanına çevrilməsi faktı da qlobal əhəmiyyət kəsb edən məsələdir. Bu məsələlərin həlli istiqamətində Azərbaycanın təcrübəsi digər ölkələr üçün örnək ola bilər.

“Multikulturalizm bizim adət-ənənəmizdir. Multikulturalizm-dövlət siyasəti və ictimai sifarişdir. Multikulturalizm bizim həyat tərzimizdir”,-deyən Prezident İlham Əliyevin təşəbbüsü ilə “Bakı prosesi”nin əsası qoyulmuşdur. Bu təşəbbüs BMT çərçivəsində yüksək dəyərləndirilmişdir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Azərbaycan paytaxtı iki illik fasilə ilə iki müxtəlif mədəniyyətin daşıyıcılıarının böyük idman bayramlarına ev sahibliyi etmişdir. 2015-ci ildə tarixdə ilk dəfə olaraq I Avropa Oyunlarını keçirən Azərbaycan Respublikası, 2017-cildə IV İslam Həmrəylik oyunlarına ev sahibliyi etməklə mədəniyyətlər arasında unukal körpü rolunu oynamış və idman vasitəsilə sivilizasiyalararası barışıq və dialoqa böyük tohfə vermişdir. Eyni məntiqdən qaynaqlanaraq Prezident İlham Əliyev 2017-ci ili “İslam Həmrəylik İli” elan etmişdir. Cənab İlham Əliyevin islam həmrəyliyinə xidmət edən bu və digər təşəbbüsləri müsəlman dünyasında geniş rəğbət hissi ilə qarşılanmış və böyük siyasi rezonans doğurmuşdur.

2019-cu ilin 15 oktyabr tarixndə Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə görüşünün keçirilməsi və quruma sədrliyin Azərbaycan həvalə edilməsi, 25-26 oktyabr tarixlərində Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII  Zirvə görüşünün keçirilməsi və Azərbaycana  tərkibində BMT-yə üzv dövlətlərin 2/3-nin təmsil olunduğu bu nəhəng beynəlxalq quruma 3 il müddətinə sədrlik etmək hüququnun verilməsi, 14 noyabr tarixində Bakı şəhərinin  Dünya dini liderlərinin II Bakı Sammitinə ev sahibliyi etməsi, 2019-cu ili oktyabrı 25-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilərdə Bakı şəhərinin 2022-ci ildə baş tutatcaq Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması, həmin ildə Çin Xalq Respublikası ilə iqtisadi və siyasi münasibətlərini daha da inkişaf etdirərək Azərbaycanın  “Bir Kəmər Bir yol” təşəbbüsündə “orta marşrut”un fəal və mühüm iştirakçısı kimi yerini möhkəmləndirməsi  və digər mühüm tədbirlər, heç şübhəsiz, müəllifi  Prezident İlham Əliyevin olduğu Azərbaycanın müstəqil və milli maraqlara söykənən fəal xarici siyasət kursunun böyük uğurları kimi qiymətləndirilməlidir.

Bundan savayı, Prezident İlham Əliyevin müəyyən etdiyi dinamik xarici siyasət kursunun tələblərinə uyğun olaraq Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının dərinləşdirilməsi istiqamətində sanballı addımlar atılmışdır. Avropa İttifaqı ilə münasibətlərin yeni mərhələyə keçidini təmin edəcək genişmiqyaslı ”Strateji tərəfdaşlıq” sazişinin hazırlanması prosesində Azərbaycan öz milli maraqlarından çıxış edir və danışıqlar prosesi sonuncu mərhələdədir.

Böyük fəxr hissi ilə onu da vurğulayaq ki. Prezident İlham Əliyevin rəhbərliyi ilə son illərdə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunda daha yüksək artımın təmin edilməsi, ixrac imkanlarının genişləndirilməsi, rəqabətqabiliyyətli istehsalın stimullaşdırılması, investisiyaların təşfiqi, sahibkarlara dövlət dsəsəyinin gücləndirilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması istiqamətində  aparılan genişmiqyaslı islahatlar kursu beynəlxalq aləmdə də olduqca yüksək  qiymətləndirilir. Məsələyə bu xüsusda yanaşdıqda ABŞ-ın kifayət qədər müfuzlu “İrs” Fondunun 2020-ci ili mart ayında təqdim etdiyi  dünyanın 180 ölkəsi üzrə “İqtisadi azadlıq indeksi”ndə Azərbaycan mövqeyini 16 pillə  yaxşılaşdıraraq 44-cü yerə sahib olmuşdur. Azərbaycan dünyada “iqtisadi azadlıq” indeksini ən çox təkmilləşdirən 11 ölkə sırasındadır. Azərbaycan bu uğuru ilk növbədə biznes azadlığı, investisiya azadlığı və  fiskal  sağlamlıq göstəricilərinə görə əldə etdiyi nailiyətlərə görə qazanmışdır.  Onu da xüsusi olaraq qeyd edək ki, Azərbaycan “iqtisadi azadlıq” indeksinə görə hətta Avropanın Polşa, Portuqaliya, İspaniya, Fransa və Belçika kimi ölkərini belə arxada qoyaraq,” köhnə qitə”nin 45 ölkəsi arasında 24-cü yerdə qərarlaşmışdır.

Ölkəmizin qazandığı bütün bu tarixi uğurlar fonunda 2019-ci ilin dekabr ayında Çin Xalq Respublikasının Uhan şəhərindən başlayaraq dünyanın bütün ölkərini əsarətə alan koronovirus pandemiyası dünya iqtisadiyyatında yeni və daha ağır böhran təhlükəsi yaratdığı kimi, Azərbaycana da təsirsiz qalmamışdır. Xüsusilə bu infeksiyanın məlum təsirləri fonunda dünya  neft bazarında qiymətlərin 2 dəfədən artıq enməsi, heç şübhəsiz, ölkəmizin də sosial-iqtisadi həyatına, diplomatik və beynəlxalq iqtisadi əlaqələrinə mənfi təsir göstərməkdədir. Prezident İlham Əliyevin  və ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan dövlətinin koronavirus infeksiyasına qarşı mübarizədə həmrəylik, birlik və məsuliyyətimizi daha da möhkəmləndirməlkə bağlı çağırışları yalnız bir məqsədə xidmət edir. Bu məqsəd xalqımızı və dövlətimizi bu qorxulu infeksiyanın  fəlakətli nəticələrindən hifz etmək  və qorumaqdan ibarətdir. Elə bu niyyətlə də dövlətimizin rəhbəri koronovirus pandemiyasına qarşı mübarizədə preventiv, profıaktik, ardıcıl və sistemli  addımların atılamsını təmin etməklə bu qorxulu xəstəliyin təsirlərinin minimuma endirilməsinə nail olmaq iüçün gecə-gündüz çalışır. Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı 3 istiqamətdə (əhalinin həyatı və sağlamlığının qorunmsaı; əhalinin sosial müdafiəsinin təmin olunması; iqtisadi fəallığın inkişaf etdirilməsi)  müəyyən etdiyi mübarizə strategiyası sayəsində Azərbaycan bu ümumi bəlanın doğurduğu itkiləri minimuma endirməyi bacaran dövlətlər siyahısındadır. Bu həqiqət Ümumdünya Səhiyyə Təşkılatının rəhbərliyi səviyyəsində bir neçə dəfə etiraf olunmuş və Azərbaycan  bu baxımdan nümunəvi dövlətlər sırasında qeyd edilmişdir. Azərbaycanın pandemiyaya qarşı mübarizə tədbirləri bir çox dövlətlər tərəfindən model olaraq seçilmiş və təkrar olunmaqdadır. Xüsusilə də Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə cari ilin 10 aprel tarixində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, mayın 4-də isə Qoşulmama Hərəkatının Təmas qrupu çərçivəsində COVİD-19 pandemiyasına qarşı milli, regional və qlobal səviyyədə mübarizəyə  həsr olunmuş  zirvə görüşlərinin  (video formatda) təşkil edilməsi Azərbaycanın fors-major vəziyətlərdə də yüksək idarəçilik mədəniyyətinə malik olduğunu və ümumi bəla olan pandemiyaya qarşı mübarizəyə  böyük töhfə verdiyini təsdiqləyir. Qoşulmama Hərəkatının qeyd edilən zirvə görüşündə Prezident İlham Əliyevin COVİD-19 pandemiyasına qarşı mübarizədə beynəlxalq səylərin birləşdirilməsi məqsədilə  BMT Baş Məclisinin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü üzv dövlətlər tərəfindən yüksək qiymətləndirilmişdir. Nəticədə dekabrın 3-də Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi-COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirilmişdir.  BMT Baş Məclisinin sayca 31-ci xüsusi sessiyasında həm milli səviyyədə, həm də Qoşulmama Hərəkatı adından çıxış edən Prezident İlham Əliyev Azərbaycanın pandemiyaya qarşı mübarizə prosesinə müxtəlif səviyyələrdə töhvə verdiyinə diqqət cəlb edərək onu da xüsusi olaraq vurğulamışdır ki, məlum təşəbbüsə qarşı çıxış edən yeganə dövlət yenə də destruktiv davranışı ilə özü-özünü artıq dünyada biabır etmiş Ermənistan olmuşdur. Bütün dünya COVİD-19-a qarşı mübarizədə qlobal həmrəyliyin vacibliyini vurğuladığı halda, Ermənistan qlobal xarakter daşıyan bu təşəbbüsə qarşı çıxış etməklə BMT sistemində və dünya dövlətləri arasında özünü rüsvay etmişdir.

Beləliklə, bu, bir həqiqətdir ki, öz əməlləri ilə xalqı və dövlətinin sonsuz sevgisini qazanmış lider xoşbəxtdir. Məsələyə bu xüsusda yanaşdıqda böyük qürur və fəxarət hissi ilə deyə bilərik ki, möhtərəm Prezidentimiz İlham Əliyev xoşbəxt dövlət rəhbəridir. Xalqı öna görə cənab prezidenti sevir ki, o, müasir Azərbaycan dövlətçiliyinin banisi ulu öndər Heydər Əliyev müəyyən etdiyi siyasi kursa sadiqdir və son 17 il ərzində ölkəmizi uca zirvələrə yüksəltməkdədir. Xalqı ona görə prezidentini sevir ki, o, heç bir vaxt hər hansı böyük dövlət və ya beynəlxalq təşkilatın diqtəsi ilə deyil, məhz lideri olduğu çoxmillətli və çoxkonfessiyalı Azərbaycan dövlətinin milli maraqlarından irəli gələn müstəqil siyasətin müəllifidir. Həmin siyasətin təntənəsi Azərbaycanın siyasi sabitliyində, iqtisadi gücündə, sosial rifahında, uğurlu xarici siyasətində, xüsusilə də tarix yazan güclü ordusunda öz təsdiqini tapır. Bu gün müzəffər Azərbaycan ordusu Ali  Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızı Ermənistanın işğalçı silahlı qüvvələrindən azad etmək kimi müqəddəs vəzifəni şərəflə yerinə yetirmişdir. Noyabr ayının 8-də qədim Azərbaycan şəhəri, Qarabağın incisi Şuşanın müasir hərb elminin ən nadir və unikal əməliyyatlarından birinin həyata keçirilməsi nəticəsində azad olunması düşmənin müqavimət potensialını heçə endirdi. Nəticədə noyabr ayının 10-da  Prezidentlər İlham Əliyev, Vladimir Putin və baş nazir Nikol Paşiyanın imzaladığı  üçtərəfli bəyanat  regionda uzunmüddətli münaqişənin hərbi fazazasını başa çatdırdı və faktiki olaraq işğalçı Ermənistan dövlətinin kapitulyasiyası aktı oldu. Noyabr ayının 20-də Ağdam, noyabrın 25-də Kəlbəcər, dekabr ayının 1-də isə Laçın rayonu  bir güllə belə atılmadan, bir nəfər şəhid belə vermədən işğaldan azad olundu. Ordumuzun əldə etdiyi tarixi zəfər heç bir halda təsadüfi olmayıb,  Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən  inkişaf doktrinasının, o cümlədən hərbi quruculuq  siyasətinin məntiqi nəticəsi kimi qiymətləndirilməlidir.

“Müasir dünyada hüququn gücü deyil, gücün hüququ işləyir və güclüsənsə haqlısan məntiqi hökm sürür”,-deyən Prezident İlham Əliyev böyük uzaqgörənlik nümayiş etdirərək  ordu quruculuğu məsələlərini prioritet sahə kimi müəyyən etmiş və bu istiqamətdə möhtəşəm  addımların atılmasını təmin etmişdir. Olkəmizin büdcə zərfində müdafiə xərcləri hər zaman üstün mövqeyə malik olmuşdur. 2003-cü ildən 2018-ci ilədək Azərbaycanın müdafiə büdcəsi 15 dəfə artmışdır. Əgər 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi 135 milyon dollara bərabər idisə, 10 il sonra 3,7 milyard dollara yüksəlmişdir.  Cari ildə ölkəmizin müdafiə büdcəsi 3 milyard  853  milyon 600 min manat təşkil edir. Bu, 2019-cu ilin hərbi büdcəsi ilə  müqayisədə  20,9% yaxud 666 milyon manat çoxdur. 2021-ci ildə isə müdafiə xərcləri büdcənin 15,3%-ni təşkil edəcəkdir. Bu göstərici 3 milyard 954 milyon manata (2 milyard 326 milyon dollar) bərabər olacaqdır. Stokholm Beynəlxalq Sülh Problemlərinin Tədqiqi İnstitutunun 2019-cu il hesabatına görə, Azərbaycan ÜDM-də hərbi xərcləri 4 % və ondan çox olan 10 dövlət sırasında yer almışdır. Təsadüfi deyildir ki, 2019-cu ildə Azərbaycanın hərbi büdcəsi 1,85 milyard dollar olmaqla Ermənistanın anoloji büdcəsini təxminən 3 dəfə (650 milyon dollar) üstələmişdir. 2019-cu ilin göstəricilərinə əsasən, dünyanın ən güclü orduları sırasında Azərbaycan 52-ci, Ermənistan isə 96-cı mövqedə olmuşdur. Hava gücü üzrə Azərbaycan 63-cü, Ermənistan 86-cı yeri tutmuşdur. Dəniz gücü üzrə isə Azərbaycan 67-ci yerdə, Ermənistan isə dəniz ölkəsi olmadığından bu sahədə imkanları sıfra bərabər hesab olunmuşdur. Tank gücü üzrə isə Azərbaycan 32-ci, Ermənistan isə 2 dəfədən də aşağı göstəriciyə (78) malik olmuşdur. Fərq göz qabağındadır. Əlavə şərhə ehtiyac yoxdur.

Ölkəmizdə qısa zaman ərzində 20-dən artıq hərbi zavodun işə salınması və müasir hərbi-sənaye kompleksinin formalaşması tarixi nailiyyət hesab olunmalıdır. 5-ci nəsil silahların dünyanın aparıcı silah ixracatçılarından alınması və bu sahədə də uğurlu şaxələndirmə siyasətinin tətbiq edilməsi  ölkəmizə  təkcə hərbi deyil, həm də siyasi  dividentlər gətirmişdir.

Ordumuzda döyüş ruhu və  hərbi-vətənpərvərlik  hissinin  ən yüksək səviyyəsi  təmin edilmişdir. Ordumuz Vətən qarşısında  xilaskarlıq missiyasını həyata keçirdiyindən intəhasız motivasiyaya malik olduğu halda, düşmən ordusu öz işğalçı  mahiyyəti səbəbindən  bütün bunlardan məhrumdur.

Ali Baş Komandanımızın böyük sərkərdəlik məharəti, güclü iradəsi və qətiyyəti, müzəffər və yenilməz ordumuzun şücaəti, xalqın Prezidentinə olan birmənalı dəstəyi və  onun ətrafında monolit birliyi, Türkiyə kimi güclü qardaş dövlətin Azərbaycanın yanında olması və onun atdığı istənilən addımı  müdafiə etməsi, dost  Pakistan dövlətinin ölkəmizə kömək etməyə hazır olduğunu bəyan etməsi, qonşu dövlətlər olaraq, Rusiya, İran və Gürcüstanın işğalçının hüquqazidd addımlarını buxovlayan davranış nümayiş etdirməsi və digər tərəfdaş dövlətlərin haqq işimizi müdafiə etməsi Vətən müharibəsində  Azərbaycanın tam  qələbəsini təmin edən həlledici amillərdir. O qələbə ki, şəhidlərimizin ruhunu şad edtmişdir, o qələbə ki, Cəbrayılımızı, Füzulimizi, Zəngilanımızı, Qubadlımızı, Ağdamımızı,  Kəlbəcərimizi, Laçınımızı, Hadrutumuzu, Suqovuşanımızı, Şuşamızı və bütövlükdə  işğal altındakı  bütün ərazilərimizi  öz  əbədi sahibinə-Azərbaycan xalqına qaytarmışdır.

Bu məqamda Rusiyanın tanınmış ictimai xadimi, Beynəlxalq Avrasiya Hərəkatının rəhbəri Aleksand Duqinin fikirlərinə istinad etmək yerinə düşər: “Düşünürəm, hal-hazırda İlham Əliyev dünyada bir nömrəli siyasətçidir.  Son illər ərzində heç bir siyasi liderə İlham Əliyev qədər öz xalqı və dövlətinin milli maraqlarını müdafiəsi işinin öhdəsindən belə parlaq səviyyədə gəlmək nəsib olmamışdır.” Sitatın sonu. Əlavə şərhə ehtiyac yoxdur.

Yaşasın Heydər Əliyev siyasi kursu! Yaşasın Xilaskar Ali Baş Komandanımız! Yaşasın Müzəffər Ordumuz! Yaşasın Qalib Xalqımız!

Qarabağ  bizimdir!  Qarabağ Azərbaycandır!