YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Azərbaycan dövləti Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirməkdədir

“Azərbaycan dövləti Vətən müharibəsi zamanı Ermənistanın hücumuna məruz qalmış mülki şəxslərə dəymiş ziyanın aradan qaldırılması istiqamətində həyata keçirdiyi tədbirləri davam etdirməkdədir. Məlumdur ki, Prezident İlham Əliyev  tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalanıb. Həmin Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradılıb. Həmçinin, bu Sərəncamın icrasının təmin edilməsi üzrə Baş nazir tərəfindən Komissiyanın işinin təşkil edilməsi məqsədilə müvafiq Sərəncam imzalanmış və aidiyyəti təyinatlı 11 işçi qrupu yaradılıb”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, yaradılmış işçi qruplarına 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Sərəncamda həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən vahid məlumat bazasının formalaşdırılması işlərinin həyata keçirilməsi tapşırığı da verilib.

“Xüsusi ilə vurğulanmalıdır ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə yaradılmış Dövlət Komissiyası tərəfindən dəymiş ziyanın müəyyənləşdirilməsi, qiymətləndirilməsi və bərpası istiqamətində işlər təxirəsalınmadan davam etdirilir. Dekabrın 14-də cənab Prezident tərəfindən ilkin mərhələdə zərərçəkmiş mülki əhalinin zəruri sosial ehtiyaclarının təmin edilməsi və onların məişət və şəxsi əşyalarına dəymiş ziyanın aradan qaldırılması ilə bağlı daha bir Sərəncam imzalanıb. Bu Sərəncamla təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınıb. Yerli icra hakimiyyəti orqanları aidiyyəti ərazi üzrə ayrılması nəzərdə tutulan maddi yardımın yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödənilməsini təmin edəcəklər. Bu maddi yardımlar evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhalinin məişət və şəxsi əşyalarına dəymiş ziyana görə və qismən ziyan dəymiş evlər üzrə hər bir ailəyə verilən pul vəsaitlərini əhatə edir. Evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaq. Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək. Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq”,-deyə S.Fətəliyeva vurğulayıb.