YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar İskəndərov: Biz şəhidlərimizi heç vaxt unutmayacağıq və onların əziz xatirəsini daim uca tutacağıq

“İşğalçı Ermənistanın sentyabrın 27-də ölkəmizə qarşı həyata keçirdiyi növbəti hərbi təxribata cavab olaraq Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başladı və 44 günlük haqq savaşımız düşmən ölkənin sarsıdıcı məğlubiyyəti ilə başa çatdı”. Bu fikirləri Milli Məclisin deputatı Vüqar İskəndərov deyib.

V.İskəndərov bildirib ki, Silahlı Qüvvələrinin şəxsi heyəti Vətən müharibəsində qəhrəmancasına döyüşərək Ermənistan silahlı qüvvələrinə sarsıdıcı zərbələr endirib, illər ərzində Ermənistanın işğal altındakı torpaqlarımızda qurduğu mürəkkəb konstruksiyalı mühəndis-istehkam və bunker sistemlərini darmadağın edib, bir neçə eşelondan ibarət və sıx şəkildə minalanmış müdafiə xətlərini yararaq torpaqlarımızı işğaldan azad edib: “Müdafiə Nazirliyinin Vətən müharibəsində həlak olan və yaralanan hərbi qulluqçular barədə yaydığı məlumatda da qeyd olunduğu kimi otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Döyüş əməliyyatı planlarının yüksək peşəkarlıqla hazırlanması, yüksək texnologiyaların tətbiqi, müxtəlif qoşun növlərinin fəaliyyətinin səmərəli əlaqələndirilməsi, havada mütləq üstünlüyün əldə edilməsi, ordumuzun manevr qabiliyyəti, digər taktiki və strateji üstünlükləri şəxsi heyətin sıralarında itkilərimizi əsaslı dərəcədə azaldıb. Lakin müharibə itkisiz olmur. Belə ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusu həlak olub. Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Onların tapılıb ailələrinə məlumat verilməsi üçün zəruri təbdirlər görülür. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir”.

V.İskəndərov ölkəmizdə şəhidlərin xatirəsinin daim əziz tutulduğunu da bildirib: “Məlum olduğu kimi Azərbaycan Respublikası Prezidentinin “Vətən müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında” Sərəncamına əsasən Azərbaycan Respublikasında Vətən müharibəsi şəhidlərinin xatirəsini yad etmək məqsədilə 2020-ci il dekabrın 4-də saat 12:00-da bir dəqiqəlik sükut elan edildi. Eyni zamanda həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şəhidlər xiyabanında olub və şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər. Dövlətimizin başçısı “Əbədi məşəl” abidəsinin önünə əklil, birinci xanım Mehriban Əliyeva gül dəstəsi qoyublar. Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş Vətən müharibəsinin qəhrəman şəhidlərinin əziz xatirəsi ölkəmizin hər yerində, məscidlərdə, kilsələrdə, sinaqoqlarda dərin ehtiram hissi ilə yad edilib. Bütün bunlar şəhidlərimizə dərin minnətdarlıq, hörmət, sevgi və ehtiramın nümunəsidir ki, bu da təsadüfi deyil. Çünki igid Vətən oğulları Azərbaycanın gələcəyi naminə canlarından keçiblər. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəsmi “Instagram” səhifəsində Vətən müharibəsində həlak olmuş şəhidlərlə bağlı etdiyi paylaşımda da vurğulandığı kimi hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yadda saxlamağa borcluyuq! Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allahdan şəhidlərimizə rəhmət, yaralılara tezliklə şəfa, onların ailələrinə və yaxınlarına səbir diləyirəm”.