YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir

Ağdam rayonunun işğaldan azad olunması tarixi hadisədir. İşğal edilmiş rayonların arasında əhalinin sayına görə Ağdam ən böyük rayondur. İşğaldan əvvəl Ağdam rayonunda 143 min insan yaşayırdı. Hazırda Ağdam sakinlərinin sayı 204 min nəfərdir.

Bu barədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev noyabrın 20-də xalqa müraciətində bildirib.

“Rayonun 73 faizi işğal edilmişdi və qalan ərazilərdə - bizim nəzarətimizdə olan ərazilərdə biz son illər ərzində böyük quruculuq, abadlıq işləri aparmışıq. Biz Quzanlı kəndinə qəsəbə statusu verdik və Quzanlını faktiki olaraq Ağdam rayonunun mərkəzinə çevirdik. Mənim göstərişimlə Quzanlıda sosial obyektlər, infrastruktur və sənaye müəssisələri yaradılmışdır. İnsanlar üçün iş yerləri yaradıldı. Quzanlı təbii qazla təchiz edildi, orada bütün digər infrastruktur layihələri icra olundu, böyük Olimpiya İdman Kompleksi, xəstəxana, məktəblər, Muğam Mərkəzi inşa edilmişdir. Bütün bu obyektlərin açılışlarında mən şəxsən iştirak etmişəm”, - deyə Prezident İlham Əliyev qeyd edib.

Dövlətimizin başçısı bildirib ki, son illər ərzində Ağdam rayonunun bizim nəzarətimizdə olan hissəsində 18 köçkün şəhərciyi salınıb və rayonun ərazisinə 93 min köçkünü yerləşdirilib. Görülmüş işlər və böyük investisiyalar hesabına bu gün Ağdam əhalisinin 45 faizi rayonun ərazisində yaşayır.