YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Pakistan Observer” qəzeti: Müsəlman aləmində sözünü deyən lider meydana çıxdı

“Pakistan Observer” qəzetinin redaktoru Riyaz Əhməd Azərbaycan Prezidenti İlham Əliyevin “BBC News”a müsahibəsinə istinadla hazırlayıb dərc etdirdiyi məqaləsi üçün “Müsəlman aləmində sözünü deyən lider meydana çıxdı” başlığı seçib.

Məqalədə Azərbaycan Prezidentinin “BBC News” müxbirinin suallarına dərin məntiqə əsaslanan cavablar verdiyi, öz sözünü cəsarətlə dediyi vurğulanır, müsahibədən bu fikri təsdiqləyən sitatlara geniş yer ayrılır.

Qeyd edək ki, Pakistan dövləti və xalqı Azərbaycanın ərazi bütövlüyünü daim birmənalı olaraq dəstəkləyib, ölkəmizin yanında yer aldığını açıq şəkildə bəyan edib. Baş nazir İmran Xanın dəstək bəyanatları, Pakistan Milli Assambleyasının Ermənistanın Azərbaycana qarşı təcavüzünü və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın mülki əhalisinə qarşı qəddar hücumlarını kəskin pisləyən qətnamə qəbul etməsi, parlamentin sədri Əsəd Qayserin Milli Məclisin sədrinə ünvanladığı məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin atəşə tutulmasına qəti etiraz bildirməsi, xarici işlər naziri Mahdum Şah Mahmud Qureşinin bəyanatları, diplomatların və jurnalistlərin çıxışları, həmçinin sadə pakistanlıların sosial şəbəkələrdə xalqımızın yanında olduqları barədə ürək sözləri bizim üçün çox dəyərlidir. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Rusiyanın İnterfaks agentliyinə müsahibəsində Pakistanın və Türkiyənin bu dəstəyini yüksək qiymətləndirib və onlara təşəkkürünü bildirib.

Azərbaycanın Vətən Müharibəsi apardığı günlərdə Pakistanın “National Herald Tribune”, “Pakistan Observer” və digər nüfuzlu qəzetləri, “Diplomatic News Agency” informasiya agentliyi, PTV, “Dawn News”, “A Plus” televiziya kanalları Azərbaycanın haqlı mövqeyini təbliğ edib, Ordumuzun şanlı Qələbəsi haqqında xəbər, məqalə və reportajlar yayıblar.

Pakistanın Yaxın Şərq ölkələrindəki keçmiş səfiri Cavid Hafizin “Arabnews” qəzetində dərc olunmuş “Pakistan niyə Azərbaycanı dəstəkləyir?” sərlövhəli məqaləsində bildirilir ki, Türkiyədən sonra Azərbaycanın dövlət müstəqilliyini tanıyan ikinci ölkə olan Pakistan qardaş azərbaycanlılarla sıx və səmimi əlaqələr qurub. Rəsmi Bakı Pakistanın Cəmmu və Kəşmir, İslamabad isə Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında mövqeyini daim dəstəkləyib. Azərbaycan, eyni zamanda, 1996-cı ildən İƏT-də Kəşmir üzrə təmas qrupunun üzvüdür.

Diplomat yazır ki, Dağlıq Qarabağ ərazisinə sonradan köçürülən ermənilərin separatçı mövqeyi, Ermənistanın işğalçı siyasəti sonda iflasla nəticələnməli idi və belə də oldu.