YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan ordusu sübut etdi ki, Qarabağ Azərbaycandır!

Vüqar Seyidov

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri

Şanlı qırx dörd gün! Otuz ilə bərabər qırx dörd gün! Mən yazıçı, şair, nə də bədii qiraətçi deyiləm. Lakin ölkəmiz bu sahədə böyük hünər sahibi sənətkarlara malikdir. Onların hər biri bu qələbəni vəsf edəcək, tarixi faktlar və təbii kollajlarla gələcək nəsillərə çatdıracaqdır. Bilirsiniz ki, Azərbaycan xalqı şifahi xalq ədəbiyyatı nöqteyi nəzərindən çox zəngin irsə malikdir. Artıq cənab Prezidentin düşmən ölkə və onun məğlub, yazıq, özünə və xalqına hörmət qazandırmayan rəhbəri haqqında dediyi sözlər, işlətdiyi replikalar xalqımızın dilində şifahi xalq ədəbiyyatı nümunələrinə çevirilib. Əslində döyüşlərdə baş verənləri günün ritorikasına uyğun dəyərləndirən Ali Baş Komandanın fikirləri xalq yaradıcılığına ilham verir.

İmzalanan bəyanatla yaxından tanış olmayanlar ola bilsin ki, müəyyən nigaranlıq keçirsinlər. Lakin biz tam qələbə qazanmışıq. Şərtlər hamsı bizim diqtəmizlə həyata keçirilir. Ağdam, Kəlbəcər və Laçın boşaldılır. İşğaldan azad etdiyimiz hər yerdə biz qalırıq. Məcburi köçkünlərimiz bütün Qarabağ ərazisində öz ev-eşiklərinə qayıdırlar. Laçın koridoru ilə Şuşadan keçməmək şərti ilə yalnız Xankəndiyə, erməni vətəndaşlarımızın kompakt yaşadığı əraziyə yeni yol çəkilir. Sülhməramlılar müddətli və məhdud sayda hərbi qüvvə ilə regiona gəlir. Türkiyə ilə birgə Rusiya sülhməramlılarının fəaliyyət göstərdikləri müşahidə mərkəzi yaradılır. Naxçıvana Ermənistan ərazisindən koridor verilir. Və ən əsası Dağlıq Qarabağ deyilən bir ərazi vahidimiz olmadığı üçün heç bir statusdan da söhbət gedə bilməz. Bütün Qarabağda yalnız Azərbaycan bayrağı asılacaq, yalnız bizim pul vahidimiz olan manat istifadə olunacaq, bütün hüquq mühafizə işini Azərbaycan tərəfi həyata keçirəcəkdir. Bir sözlə, biz qırx dörd günlük müharibənin tam və sözsüz qalibiyik!!!

Mənə elə gəlir ki, hər birimizə bu uğurun əslində necə, hansı formada hasil olduğu maraqılıdır. Malik olduğum məlumatlar işığında tarixə nəzər salsaq görərik ki, əgər 1994-cü ilin may ayında Ulu Öndər Heydər Əliyevin səyləri nəticəsində atəşkəs əldə olunmasa idi nə neft sazişləri, nə iqtisadi inkişafımız, nə diplomatik-siyasi uğurlarımız, nə də bugünkü tam hərbi-siyasi qələbəmiz olardı. Biz atəşkəsin hər günü çalışdıq, inkişaf etdik, ordumuzu qurduq, əlaqələrimizi yaxşılaşdırdıq. Dünya birliyinə inteqrasiya məsələsi bu gün əldə olunan uğurların əsas səbəblərindəndir. Məsələn, Xocalıda azərbaycanlılara qarşı insanlığa sığmayan soyqırım aktı həyata keçirilərkən ABŞ senatı Azərbaycana qarşı 907 saylı sənəd qəbul edirdi. Bugün isə Azərbaycan Tərtərə atılan az qala hər bir avtomat gülləsinə görə dünyadan ədalət tələb etmək iqtidarındadır.

Heç şübhəsiz ki, bütün hallarda illərdir Qarabağın açılmayan düyünü olan işğal prossesi rəşadətli ordumuz və müzəffər Ali Baş komandan tərəfindən çözüldü. Halbuki, bizə verilən sözlər ancaq bizi qəflət yuxusuna vermək üçün idi. Hərb yolu yoxdur demək, bu torpaqları gələcək nəsillərə unutdurmaq, işğal faktı ilə bizi barışdırmaq, bizə bu vəziyyəti qəbul etdirmək üçün idi. Və cənab Prezident dəfələrlə qeyd etmişdir ki, işğal faktı ilə barışmayacağıq. Budur nəticə! Ermənistanın hərbi-siyasi rəhbərliyi artıq diz çöküb. Paşinyan özü, müdafiə naziri və qondarma rejimin rəhbəri etiraf edirlər ki, əgər onlar təslim olma ilə bağlı akta imza atmasalar idi, bu, fəlakətlə nəticələnə bilərdi. Əslində hadisələr ermənilər üçün sözün bütün mənalarında hərbi, siyasi, iqtisadi və ictimai xarakterli fəlakətlər ilə nəticələnib. Paşinyan müasir dünya siyasət tarixinə ən qəbul olunmaz, təhqiramiz söyüşlərin obyektinə çevirilmiş lider kimi düşdü. Bugün bir daha cənab Prezident qeyd edir ki, qorxaqlar kimi zirzəmidə imzalanan təslim aktı bizim tam qələbəmizdən xəbər verir.

Münaqişə bitdi! Lakin münaqişənin sülh yolu ilə bitməyinə cavabdeh olan ölkələr və qurumlar öz missiyalarını yerinə yetirə bilmədilər. BMT-nin təhlükəsizlik şurası özünün qətnamələrini icra edə bilmədi. Biz, Azərbaycan ordusu onun dörd qətnaməsini şərəflə icra etdik. Hətta neytral mövqeyə malik olmalı bəzi siyasi rəhbərlər ermənilərdən daha çox erməni kimi davrandılar və hələ də davranırlar. Faktiki olaraq ATƏT-in Minsk qrupu 28 ildir ki, heç bir fəaliyyət icra etmədən öz missiyasını tamamlamışdır. Lakin Fransa indi Rusiyanın münaqişənin həllində roluna qısqançlıqla yanaşır. Bizə müharibənin hər günü dayanmaqla bağlı təyziqlər edən ölkələr bundan sonra əməkdaşlıqla bağlı müraciətlər edəcəklər, müxtəlif layihələrdə iştirak etmək istəyəcəklər. Cənab Prezident də bu məqamı xüsusi qeyd etmişdir. Görəsən bundan sonra xalqımızın üzünə necə baxacaqlar?!

Avropanın mərkəzində, dünyanın ən nəhəng və qüdrətli dövlətlərindən biri Rusiyanın tam nəzarətində olan bir münaqişəni hərb yolu ilə həll etdik. Biz onları məğlub etdik və daha sonra da elə Rusiyanın özünə regionda sülhü qorumaq vəzifəsi tapşırıldı. Bu Rusiyanın regionda məsuliyyətini ikiqat artıracaq. Çünki Rusiya sülhməramlı missiyası ilə çıxış etmək imkanı qazanıb. Bu dəfə hadisələr on illiklər bundan öncəsi kimi həyata keçmir, bu dəfə qalib xalqın Ali rəhbəri diqtə edir.

Bir daha qeyd edirəm ki, biz bu münaqişənin həlli ilə bağlı tələb etdiyimiz bütün məqamları əldə etmişik. Türkiyənin İkinci Qarabağa müharibəsinin ilk anlarından yanımızda siyasi və mənəvi güc kimi iştirak etməsi regionda mənfur məqsədli qüvvələri kənarda saxlamağa kifayət etdi. Biz NATO-nun ən güclü ordularından birinə malik olan Türkiyənin siyasi dəstəyi sayəsində torpaqlarımızı azad etdik. Cənab Prezident bu məqamı hər çıxışında xüsusi qeyd edir. Bugün də məsələnin siyasi həlli üçün Türkiyə masada və sülhü bərqərar etmək üçün isə ərazidədir. İmzalanan bəyanatın bəndlərinin birində açıq yazılıb ki, sülhə nəzarət mərkəzi və mexanizmi yaradılır. Rusiya-Türkiyə arasında imzalanan razılaşmaya əsasən türk zabitləri artıq regiondadır. Türkiyənin və qüdrətli türk ordusunun iştirak etdiyi hər hansı bir münaqişənin həllində ermənilərin pozuculuq cəhdləri sadəcə mümkünsüzdür. Bir daha açıq bəyan edirəm ki, Rusiya münaqişənin tənzimlənməsində hansı hüquqa malikdirsə, Türkiyənin də eyni hüquqları vardır.

Bütün dünya, Ermənistan və dünya erməniləri son bir necə gündə nəyin baş verdiyini anlamağa çalışırlar. Sanki bizim son qırx gün ərində 4 şəhər, qəsəbələr, 300-dən çox kəndin işğaldan azad olunmasını hələ də başa düşmürdülər. Şuşanın işğaldan azad olunması, bayrağın asılması və noyabr ayının onu gecə saatlarında təslim olma ilə bağlı aktın qəbul edilməsi sözün bütün mənalarında ermənilərin “başlarını itirmək” üçün kifayət etmişdir. Məhz bu səbəbdəndir ki, günlərdir Ermənistan paytaxtında əhalini sakitləşdirmək olmur.

Ermənistanın yeni rəhbərliyi dövlət idarəetməsinin qaydalarından uzaq, ciddi olmayan və təqdirəlayiq hesab edilməyəcək addımlar atmaqla sülh prossesini konkret yox saydı. Bütün beynəlxalq hüquq normalarını pozaraq, Cenevrə konvensiyalarına əməl etməyərək, qeyri-etik və qıçıq yaradan hərəkətlərlə Ermənistan və konkret Paşinyan öz həzin sonunu hazırlamış oldu. Halbuki, Şuşada sərxoş rəqs etmək əvəzinə Azərbaycan Prezidentin təkliflərini dəyərləndirmək ona və xalqına daha faydalı ola bilərdi. Bugün də hələ gec deyil! Azərbaycan regionda konkret iqtisadi, hərbi, siyasi güc mərkəzidir. Ermənistan sülh müqaviləsinə əməl etməklə əslində özünün və regionun inkişafına ciddi töhfələr verə bilər. Eyni zamanda Rusiya və Türkiyə əməkdaşlığının davamı kimi Azərbaycan və Ermənistan əməkdaşlığı bütün tərəflərə xeyir gətirə bilər. Bunu Ermənistan, onun hərbi-siyasi hakimiyyəti və sadə erməni xalqı başa düşməlidir.

Ermənistanın məğlub olacağı elə müharibənin əvvəlində bəlli idi. Hərbi əməliyyatların ilk günlərində “beşinci nəsil” döyüş silahlarından istifadə edən Azərbaycan texniki cəhətdən düşməndən çox üstün idi. Əlbəttə, dəfələrlə müsahibələrində Azərbaycan Prezidenti iqtisadi cəhətdən çox güclü olduğmuzu və ordu quruculuğuna kifayət qədər böyük vəsait ayırdığımızı ifadə etmişdir. Əvəzində isə Ermənistana pulsuz hədiyyə olunan silahlar bir çox hallarda tərəfimizdən məhv edildi. Bəzilərini isə elə döyüş meydanında qoyub qaçdılar. Bax, bu silahlar Bakıda nümayiş etdiriləcəklər. Qoy bütün dünya qorxaq Ermənistan ordusunu yaxından tanısın. Bugün onlar özləri etiraf edir ki, müharibəni hümanizm hisslərə görə deyil, gücləri çatmadığı üçün dayandırırlar. Çünki hər nə qədər müasir silah-sursat, texniki vasitələr olsa da, Ermənistanın işğalçı ordusunda milli ruh yox idi. Qorxaq və döyüş qabiliyyəti olmayan ordunu biz tamami ilə yox etmişik. Onlar məcbur olublar təslim olmağa.

Ermənistanın məğlub və qorxaq ordusu Azərbaycanın mülki şəxslərini vurmaqla bir daha dünya hərb tarixinə adlarını qara hərflərlə yazdırdılar. Gücü çatmadığı təqdirdə təslim olmaq əvəzinə döyüş meydanından kənarda yerləşən mülki infrasturkturlar vurulurdu. Qırx dörd gün ərzində 93 mülki şəxs həyatını itirib, 300-dən artıq yaralımız var. Evlər, iaşə və digər mülki obyektlər dağıdılıb. Balaca və heç bir hərbi infrastruktur olmayan Tərtəri şəhərini hər gün mindən artıq artilleriya mərmisinin hücumuna məruz qoydular. Körpə bilmədilər, qadın demədilər, qocaya acımadılar. Əlbəttə, bütün hərbi cinayətlər araşdırılır və istintaq işinə başlanılıb. Azərbaycana qarşı hərbi cinayətlər törətmişlərin, Xocalı soyqırımında və digər hadisələrdə əlləri qana batmış erməni azğınlarının cəzaları veriləcəkdir. Onların Azərbaycan torpaqları olan Xankəndi və digər ərazilərdə yaşaması qəbul olunmazdır.

Cənab Prezidentə hər gün gələn məktublar bir daha xalqımızla qürur duymağa əsas verir. Başlarına “bomba yağan” qəhrəman xalqımız bir gün belə döyüşlərin dayanmasını tələb etmədi. Ermənistanın təxribatına uymadı və evlərini tərk etmədi. Cənab Prezident dəfələrlə bəyan etmişdir ki, o insanlar qəhrəmandırlar. Sosial dövlət kimi Azərbaycan Respublikası və onun rəhbəri bir daha bəyan etmişdir ki, hər bir dağılan ev, küçə, şəhər bərpa ediləcəkdir.

Döyüşmək, qalib gəlmək və yeri gələndə ölmək üçün ən birinci ülvi amal vacibdir. Erməni əsgərini başa düşmək elə də çətin deyil. Erməni əsgəri onun olmayan bir torpaqdan, havadan, sudan, heç vaxt formalaşmayan milli ruhdan və amaldan ötrü niyə ölmək istəsin ki? Məhz bu səbəbdən tam əminliklə deyə bilərik ki, bütün qələbələrimizi bizə başda Ali Baş komandan olmaqla Azərbaycan ordusu, Azərbaycan zabit və əsgərləri qazandırdı. Biz şəhidlərimizin ruhları qarşısında baş əyirik. Qazilərimiz və əlillərə öz ehtiramlarımızı bildiririk.