YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vüqar Rəhimzadə: Qətnamələr kağız üzərində qalıb saraldıqca…

«Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllində dövlətimizin qətiyyəti, xalqımızın iradəsi ilə yanaşı, beynəlxalq dəstək də əhəmiyyətli rol oynayır. Münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Ən əsası BMT Təhlükəsizlik Şurasının  4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu, erməni işğalçılarının bu ərazilərdən qeyd-şərtsiz çıxarılmasının vacibliyi öz əksini tapıb. Bu faktı hər zaman qeyd etməyimiz səbəbsiz deyil. Çünki həmin sənədlərin qəbulundan ötən 27 ildə hansısa addımın atılmaması  sual doğurmaya bilməz və rəsmi Bakı bu suallara daim cavab axtarıb. Təbii ki, əsas məsələ  bu qətnamələrin qəbul olunub kağız üzərində qalaraq saralması deyil, onların icrasına maraq göstərilməsi, ən azından buna cəhd edilməsidir. Dövlətimizin başçısı İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsində də  bu məsələyə bir daha diqqəti yönəldərək belə bir reallığı açıqladı ki,  münaqişənin həllində nəticənin olmaması faktı, əlbəttə ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bacarmadıqlarından çox istəmədiklərini nümayiş etdirir.»

Bu fikirləri Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

V.Rəhimzadə qeyd edib ki,  yoxsulluq məngənəsində boğulan, müstəqilliyi formal xarakter daşıyan Ermənistanın beynəlxalq hüququn norma və prinsiplərinə bu dərəcədə hörmətsiz yanaşmasına, ən əsası təkcə son bir ayda  törətdiyi təxribatlara, ATƏT-in Minsk qrupunun həmsədrlərinin  vasitəçiliyi ilə əldə olunan humanitar atəşkəs razılaşmalarını kobud şəkildə pozmasına  dünyanın səssiz  qalmasının   heç bir tutarlı izahı ola bilməz: «Ermənistana bu gün hansı sahədən nəzər salsaq  ancaq uğursuz bir ölkə olduğunu görərik. İqtisadi böhran içərisində çapalayan bir ölkənin güclü ordudan, onun  maddi-texniki bazasının möhkəm olmasından bəhs etməsi  heç bir zaman inandırıcı görünə bilməz. Amma  təəssüf doğuran hal budur ki,  Ermənistan havadarları tərəfindən humanitar yardım adı altında  bu gün də məqsədli şəkildə silahlandırılır,  nəticədə müharibənin sülh danışıqları ilə əvəzlənməsi prosesi  çətinləşir.  Bugünkü reallıqlar, eyni zamanda,  ATƏT-in Minsk qrupunun həmsədrlərinin münaqişənin «hərbi həlli yoxdur» kimi bəyanatlarının da əsassız olduğunu təsdiqləyir. Ermənistanın baş naziri Nikol Paşinyan bir qayda olaraq ölkəsinin  davamlı şəkildə silahlandırılmasına güvənərək problemin diplomatik həllinin mümkünsüzlüyünü bildirir.»

«Dövlətimizin başçısı İlham Əliyev qeyd olunan müsahibəsində Minsk qrupunun həmsədrlərinin  hazırda masada olan  əsas prinsiplərin işlənib hazırlanmasında fəaliyyətini inkar etməyərək, istər bugünkü gündə, istərsə də arxada qalan 27 ildə əsas tələbin   Ermənistana sanksiyaların tətbiq edilməsi olduğunu açıqladı» söyləyən V.Rəhimzadə bildirib ki, Rusiya, Fransa, ABŞ  BMT Təhlükəsizlik Şurasının daimi üzvü kimi də  bütün vasitələrdən istifadə etmək imkanındadırlar. Amma unudurlar ki, bir cinayət cəzasız qalanda digər cinayətə zəmin yaranır: «Dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar 30 ilə yaxın müddətdə   Ermənistana sanksiyalar tətbiq etmək  imkanında deyildilərmi? Bəs bu gün niyə susur,  Ermənistan hakimiyyətini danışıqlar  masasında oturmağa məcbur etmirlər? Nikol Paşinyanın  feyk xəbərlərini bəzi hallarda reallıq kimi qəbul edən dünyanın aparıcı dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar gözləri ilə  gördüklərini niyə inkar yolunu tuturlar?  Rəsmi Bakının dünyaya ünvanladığı və cavab gözlədiyi  suallar  saysız-hesabsızdır. Dövlətimizin başçısının dünyanın aparıcı dövlətlərindən tələbinin əsas məğzi ondan ibarətdir ki,  görəsən belə haqsızlıqlar, ədalətsizliklər  onların özlərinə  edilsə, necə hərəkət edər, ən əsası  yenə də səssiz qalarlarmı? Bu suala cavab tapmaq üçün təkcə  2001-ci ilin 11 sentyabrında ABŞ-da baş verən  terror aktını yada salmaq kifayətdir. Demək, bu gün  dünya üçün qəbul olunan prinsiplər sırasında bu da var ki, bir dövlətin  başqa dövlətin  üzləşdiyi problemi ədalətli  dəyərləndirməsi üçün mütləq həmin hadisəni özü  yaşamalı, ədalət meyarının nə olduğunu anlamalıdır. Azərbaycan 30 ilə yaxın müddətdə özünə yalnız  ikili standartlar əsasında yanaşmanı gördüyü üçün hazırda  ədaləti güclü, qüdrətli ordusunun sayəsində bərpa edir. Azərbaycan Ordusu,  eyni zamanda, bütün dünyaya göstərir ki,  münaqişənin hərbi yolla həlli variantı  var və müzəffər Silahlı Qüvvələrimiz işğal altında olan torpaqlarımızı azad emək gücündədir.»

DİGƏR Xəbərlər Arxiv