YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Təcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid edəcək

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində həm hərbi, həm də diplomatiya müstəvisində üstünlük Azərbaycanın tərəfindədir. Artıq Ermənistanın başqa çıxış yolu qalmayıb. İşğalçı dövlət getdikcə özünü daha da ağır duruma salmaqdadır. Paşinyan hakimiyyətinin cəbhədə məqğlubiyyətlə yanaşı törətdiyi hərbi cinayətlər, günahsız mülki şəxslərə qarşı terror törətməsi onu beynəlxalq müstəvidə də ciddi qınaq obyektinə çevirməkdədir. Xüsusilə, Bərdə şəhərində törədilən son terror xarici mətbuat tərəfindən beynəlxalq aləmdə geniş işıqlandırıldı. Artıq təcavüzkar dövlət terror siyasəti ilə özünü beynəlxalq müstəvidə də təcrid edəcək”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi birmənalı şəkildə aydındır. Prezident İlham Əliyev Rusiyanın “İnterfaks” agentliyinə müsahibəsində bir daha qeyd edib ki, erməni tərəfi işğal edilmiş ərazilərin qalan hissəsindən qoşunlarını çıxarmaq barədə öhdəlik götürdüyü andan etibarən Azərbaycan döyüşləri dayandırmağa hazırdır. Onu da nəzərə almaq lazımdır ki, atəşkəs rejimini artıq üç dəfə kobud şəkildə pozan Ermənistan siyasi müstəvidə qeyri-konstruktiv yanaşma nümayiş etdirir. Ona görə də, işğalçı ölkəyə etibar etmək çətindir.

Rəsmi Yerevanın hərbi cinayətlər törətməkdə davam etdiyini deyən millət vəkilinin sözlərinə görə, döyüş bölgəsindən uzaq olan şəhərlərə, dinc əhaliyə  kasetli raketlərlə və döyüş sursatları ilə hücumlar hərbi cinayətdir. Ermənilərin bu cinayətləri nəticəsində 90-dan çox dinc vətəndaş həlak olub, 400-dən artıq insan isə yaralanıb. Bütün bunlar erməni faşizminin göstəriciləridir.

S.Fətəliyeva söyləyib ki, azərbaycanlılar əvvəl yaşadıqları bütün işğal olunmuş ərazilərə qayıtmalıdırlar. Azərbaycanlılar təkcə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin hüdudlarından kənarda yerləşən işğal edilmiş yeddi rayona deyil, o cümlədən əsrlər boyu yaşadıqları ərazilərə, torpaqlara qayıtmalıdır. Eyni zamanda, Azərbaycan öz tolerantlıq ənənələrinə sadiqdir. Dağlıq Qarabağın erməni və azərbaycanlı əhalisi birgə yaşaya bilərlər.

Dövlət başçısının müvafiq fərmanını da xatırladan deputat qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə xüsusi müvəqqəti komendaturalar yaradılacaq. Yaradılacaq bu struktur dəymiş ziyanı hesablayacaq, onu qiymətləndirəcək, hər şey inventarlaşdırılacaq. Sonra isə vətəndaşların həmin torpaqlara  qayıdacağı mərhələdə müvafiq hüquqi prosedurlar aparılacaq. Qarabağı bərpa etmək, onu yer üzündə ən gözəl və həyat üçün rahat guşələrdən birinə çevirməkdən Azərbaycanı dayandıra biləcək maddi maneə yoxdur.

Münaqişənin həlli üçün beynəlxalq səylərə gəlincə, S.Fətəliyeva deyib ki, 27 il ərzində BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə icra olunmadı: “Bu gün həmin qətnamələri Azərbaycan özü icra edir. Lakin cənab Prezidentin qeyd etdiyi kimi, Minsk qrupunun həmsədrləri BMT Təhlükəsizlik Şurasının üç daimi üzvü, üç nüvə dövləti olduğu halda onların Ermənistana təzyiq göstərməsinin mümkün olmaması, əlbəttə, çoxlu suallar doğurur. Münaqişəni nizamlamaq üçün formal məsələlərdən qaçmaq lazımdır. Minsk qrupu indiki kimi öz işini davam etdirə bilər. Ancaq praktiki olaraq siyasi nizamlama səviyyəsinə çıxmaq üçün region ölkələri arasında regional əməkdaşlığın hansısa yeni mexanizmləri barədə düşünmək lazımdır. Məlumdur ki, oktyabrın 30-da Cenevrədə həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşü keçirilib. Azərbaycan bütün diplomatik təşəbbüsləri dəyərləndirir. Cenevrə görüşündə iştirak da bunu sübut edir. Təbi ki, Azərbaycan tərəfi bu görüşdə öz mövqeyini bir daha ifadə edib. Bu da ondan ibarətdir ki, Ermənistan qoşunlarını işğal etdiyi ərazilərimizdən çıxarmalıdır və bu konkret vaxt cədvəlinə uyğun olmalıdır. Bundan sonra məsələnin siyasi həlli yolla həlli mümkündür. Əgər Ermənistan bundan sonra da qeyri-konstruktiv mövqeyini davam etdirsə, təcavüzkar ölkə kimi ona sanksiyalar tətbiq olunmalıdır.  Əgər kimsə ikinci erməni dövləti yaratmaq istəyirsə, bunu öz ölkəsində həyata keçirsin. Dövlətimizin başçısının bu mövqeyi Ermənistanın havadarlarına tutarlı cavabdır”.