YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Federika Moqerini Avropa İttifaqının dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşdığını təsdiq edib

Vaşinqtondakı Brukinq İnstitutunda Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin iştirakı ilə “Çətinliklər dövründə transatlantik münasibətlər” mövzusunda forum keçirilib.
“Almaniya Marşall Fondu” analitik mərkəzi ilə birlikdə təşkil edilmiş tədbirin açılışında Brukinq İnstitutunun vitse-prezidenti Martin İndik çıxış edib. O, forum iştirakçılarını salamlayaraq F.Moqerini haqqında qısa məlumat verib. Avropa İttifaqının xarici siyasətinə dair müzakirələr “Almaniya Marşall Fondu”nun prezidenti Keren Donfridin moderatorluğu ilə keçirilib. Federika Moqerini auditoriya qarşısında çıxış edərək müasir dövrdə Avropa İttifaqının vəzifələri və problemləri barədə söhbət açıb. Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi qeyd edib ki, 2001-ci ildə Nyu-Yorkda terror hücumlarından sonra Amerika xalqının sıx birləşdiyi kimi, Parisdə baş vermiş faciədən sonra Avropa da terrorizmə və ekstremizmə qarşı mübarizədə eləcə birləşib.
O deyib ki, Parisdə Fransa xalqı ilə həmrəylik yürüşündə bir sıra liderlər, o cümlədən, Yaxın Şərq, Afrika və Asiya ölkələrinin rəhbərləri iştirak ediblər. F.Moqerini regional münaqişələr, Ebola epidemiyası və texnologiyalar sahəsində dünyada qazanılmış nailiyyətlər barədə də danışıb. Aİ diplomatı Avropanın transatlantik ticari-investisiya tərəfdaşlığının həyata keçirilməsinə tərəfdar olmasını və bu tərəfdaşlığı dəstəkləməsini təsdiq edib.
AzərTAc-ın Vaşinqtondakı xüsusi müxbirinin sualına cavabında Federika Moqerini deyib ki, Avropa İttifaqı dövlətlərin beynəlxalq miqyasda tanınmış sərhədlərinə hörmətlə yanaşır və bu məsələyə dair ümumi həmrəylik vardır. Həm münaqişə aparan dövlətlərin Avropa İttifaqı ilə münasibətlərini, həm də onların özləri arasında münasibətləri yaxşılaşdırmaq məqsədilə münaqişələrin həlli və əməkdaşlıq metodları Aİ-nin Şərqdəki tərəfdaşları ilə müzakirə edilib. O qeyd edib ki, indiyə qədər Balkanlarda münaqişə aparan ölkələr Avropa İttifaqının vasitəçiliyi ilə razılığa gəlib və öz regionlarında sabitlik yaradıblar. F.Moqerini ümidvar olduğunu bildirib ki, regional münaqişələrin həlli üçün başqa regionlardakı ölkələr arasında da analoji qarşılıqlı anlaşma və əməkdaşlıq təmin olunacaq.
Xatırladaq ki, F.Moqerini Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi vəzifəsinə 2014-cü ilin noyabr ayında təyin olunub. Xanım Moqerini bu vəzifədə Avropa İttifaqını beynəlxalq səviyyədə təmsil edir və Avropa İttifaqının üzvü olan ölkələrin xarici işlər nazirlərinin hər ay keçirilən görüşlərində sədrlik edir. Bundan əvvəl F.Moqerini İtaliya parlamentinin üzvü və xarici işlər naziri olub.