YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

İspaniya Deputatlar Konqresinin sədri Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü barədə məlumatlandırılıb

Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Anar Məhərrəmov İspaniya Deputatlar Konqresinin sədri Meriçey Batetlə görüş keçirib.

Görüş zamanı səfir Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin reallıqlarından bəhs edərək, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan torpaqlarının 20 faizinin – Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonun işğal olunduğunu, azərbaycanlı əhaliyə qarşı soyqırımı və etnik təmizləmə siyasətinin həyata keçirildiyini, 1 milyondan çox soydaşımızın qaçqın və məcburi köçkünə çevrildiyini bildirib. O, Ermənistan silahlı qüvvələri tərəfindən azərbaycanlılara qarşı 1992-ci il 26 fevral tarixində Xocalı şəhərində törədilmiş soyqırımı nəticəsində 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın qətlə yetirildiyini, 1275 dinc sakinin əsir götürüldüyünü, 155 nəfərin itkin düşdüyünü M.Batetin diqqətinə çatdırıb.

Qeyd olunub ki, 2020-ci ilin 12 iyul tarixindən etibarən Ermənistan silahlı qüvvələri ağır artilleriyadan istifadə edərək, Azərbaycanın Tovuz rayonu istiqamətində Azərbaycanın dövlət sərhədinin pozulmasına cəhd edərək ölkəmizə qarşı təcavüz aktı törədib. Hərbi təxribatı həyata keçirməkdə Ermənistanın niyyətlərindən biri də iki ölkənin sərhədində yeni münaqişə ocağı yaratmaqla, Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin edilməsində əhəmiyyətli rola malik olan Azərbaycan ərazisindən keçən enerji kəmərlərini, o cümlədən nəqliyyat və kommunikasiya xətlərini təhlükə altına salmağa cəhd etmək olmuşdur.

Qeyd edilib ki, 2020-ci ilin 27 sentyabr tarixində Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini yenidən kobud şəkildə pozaraq, təmas xətti boyunca Azərbaycan Respublikasının mövqelərini, habelə təmas xəttinin yaxınlığında yerləşən kəndləri iriçaplı silahlar, minaatanlar və müxtəlif növ artilleriya qurğularından atəşə tutaraq Azərbaycana qarşı növbəti hərbi təcavüzə əl atıb. Hərbi təxribat zamanı mülki əhali məqsədli şəkildə hədəf seçilmiş, 26 oktyabr tarixinə olan məlumata əsasən, 65 dinc sakin həyatını itirmiş, 297 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanalara yerləşdirilmiş, bir sıra yaşayış və inzibati binalar güclü dağıntılara məruz qalmışdır.

Bildirilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Ermənistanın növbəti hərbi təcavüzünün qarşısını almaq və təmas xətti boyunca sıx şəkildə yaşayan mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə özünümüdafiə hüququ çərçivəsində və beynəlxalq humanitar hüquqa tam riayət etməklə əks-hücum və cavab tədbirlərini həyata keçirir.

Xüsusi olaraq vurğulanıb ki, Ermənistan tərəfinin Azərbaycana qarşı növbəti təcavüzü beynəlxalq hüququn ümumtanınmış prinsip və normalarının, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən tam, dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 1993-cü il tarixli 822, 853, 874 və 884 saylı qətnamələrinin, beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə Konvensiyaları və onlara əlavə protokolların kobud şəkildə pozulması deməkdir.

Diqqətə çatdırılıb ki, Ermənistan tərəfinin hərbi təxribatının əsas məqsədi regionda gərginlik yaratmaq, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar prosesini pozmaq, habelə Azərbaycan ərazilərinin işğalı ilə bağlı mövcud status-kvonu saxlamaqdır.

A.Məhərrəmov bildirib ki, Azərbaycanın dinc əhalisini qətlə yetirmək məqsədilə ardıcıl olaraq hərbi təxribatlar törədərək sülh və insanlıq əleyhinə yönəlmiş müharibə və terror cinayətlərini davam etdirən Ermənistan silahlı qüvvələri 2020-ci ilin 10 və 17 oktyabr tarixlərində cəbhə bölgəsindən 100 km uzaqda yerləşən, ölkəmizin qədim tarixə malik, ikinci böyük şəhəri olan Gəncənin əhalinin sıx məskunlaşdığı mərkəzi hissələrini növbəti dəfə Ermənistan ərazisindən ballistik raket atəşinə tutub.

Gəncə şəhərində dinc əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrinin Ermənistanın növbəti hərbi təcavüzünə məruz qalması nəticəsində aralarında azyaşlı uşaqlar olmaqla, insanlar arasında çoxsaylı tələfat və yaralanma halları baş verib, bir çox mülki infrastruktur obyektləri dağıdılıb, beləliklə də mülki əhaliyə külli miqdarda maddi, mənəvi və fiziki ziyan vurulub.

Qeyd olunub ki, Ermənistan tərəfinin dəfələrlə humanitar atəşkəsi kobud şəkildə pozması məqsədli şəkildə öz öhdəliklərinə məhəl qoyulmamasının və beynəlxalq vasitəçilərin səylərinə açıq hörmətsizliyin göstəricisidir. Atəşkəsin pozulması və bölgədə gərginliyin davam etməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Səfir İspaniyanın separatçı mövqe nümayiş etdirən bəzi deputatları tərəfindən son dövrlərdə təhrif olunmuş, həqiqətləri əks etdirməyən və qərəzli məlumatlar əsasında təxribat əməllərinə yol verilməsinin, əsası olmayan bəyanatların və çağırışların edilməsinin Azərbaycan tərəfindən böyük narahatlıq doğurduğunu M.Batetin diqqətinə çatdırıb.

İspaniya Krallığı Deputatlar Konqresinin sədri Meriçey Batet, öz növbəsində, bu cür təxribatyönümlü bəyanat və çağırışların heç bir hüquqi əsasının olmadığını, İspaniya Krallığının hər zaman Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək ifadə etdiyini, Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini qeyd edib.

Görüşdə Azərbaycan və İspaniya arasında parlamentlərarası əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin təşkili məsələlərinə dair fikir mübadiləsi aparılaraq, beynəlxalq təşkilatlar çərçivəsində parlamentarilərin sıx əməkdaşlıq etməsinin vacibliyi vurğulanıb. Xanım M.Batet “COVID-19” pandemiyası ilə əlaqədar İspaniyada qadağanedici və məhdudlaşdırıcı tədbirlərin tətbiq olunması ilə müşayiət olunan fövqəladə vəziyyət rejiminə diqqət çəkərək, növbəti il ərzində iki ölkənin parlament üzvlərinin qarşılıqlı səfərlərinin mümkün ola biləcəyini qeyd edib.

Sonda İspaniya Krallığı Deputatlar Konqresinin sədri Meriçey Batet səfir A.Məhhərmova Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı geniş məlumata görə təşəkkürünü bildirərək, münaqişənin tezliklə beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun şəkildə həll ediləcəyinə, regionda sülh və sabitliyin bərqərar olunacağına ümidvar olduğunu bildirib.