YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rotterdamdakı soydaşlarımız Ordumuza mənəvi dəstək tədbiri keçiriblər

Benilüks Azərbaycanlıları Konqresinin təşkilatçılığı ilə Rotterdam şəhərində Azərbaycan dövlətinə və əsgərinə mənəvi dəstək tədbiri keçirilib.

Tədbir himnimizin səsləndirilməsi ilə başlayıb. Sonra tədbir iştirakçıları şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbiri giriş sözü ilə açan Benilüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov qeyd edib ki, Niderlanddakı bütün azərbaycanlılar dövlətimizə və əsgərlərimizə hər cür dəstək olmağa hazırdırlar. Türkiyə dövlətinə və xalqına Azərbaycana göstərdikləri mənəvi dəstəyə görə minnətdarlıq ifadə olunub. Azərbaycan xalqının bu dəstəyi heç vaxt unutmayacağı bildirilib.

Soydaşlarımız Prezident İlham Əliyevin siyasətini dəstəklədiklərini və onun yanında olduqlarını yekdilliklə ifadə ediblər.

Qeyd olunub ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.

Niderland Türk Federasyon Başkanı Murad Gedik, Benilüks Azərbaycanlıları Konqresinin vitse-prezidenti Sima Cəfərova, Niderland-Belçika Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Mayisə Agamirzəyeva, Azərbaycan-Hollandiya Həmrəylik Cəmiyyətinin sədri Niyazi Əmikişizadə, Odlar Yurdu Təşkilatının rəhbərləri Firəngiz Bagırova, Azərbaycan Xalq Partiyasının nümayəndəsi Sabir Budaqov, Odlar Yurdu Birliyinin təsisçisi Rəşad Sadıqov çıxış edərək, ölkəmizin üzləşdiyi problemdən danışıblar. Ermənistanın ölkəmizə qarşı başladığı hərbi təxribatı pisləyiblər. Qarabağın Azərbaycanın əzəli və tarixi torpaqları olduğunu vurğulayıblar. Ordumuzun şücaəti sayəsində tezliklə torpaqlarımızın azad olacağını bildiriblər. Azərbaycan, türk əsgərinin dünyanın ən güclü əsgəri olduğunu deyiblər. Ermənistan silahlı qüvvələrinin mülki əhalinin məskunlaşdığı yaşayış məntəqələrini, eləcə də dinc əhalini hədəfə almasına etirazlarını bildiriblər. Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu vurğulayıblar.

Sonda Niderlandda yaşayan müğənni Sadıx Ağamalıyevin ifasında “Yaşa Azərbaycan” və “Azərbaycan əsgəri” mahnıları ifa olunub.