YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Hikmət Babaoğlu: Qlobal ictimai rəy Azərbaycanın lehinə dəyişib

“Çox tarixi mühüm günlər yaşayırıq. Hər şeydən öncə bu sevinci, bu qələbəni xalqımıza yaşadan Ali Baş Komandanımıza və Azərbaycanın müzəffər ordusuna təşəkkür edirik. Əslində, Azərbaycan Prezidenti Azərbaycan xalqın müraciətində bildirdi ki, bu gün Azərbaycan yeni tarix yazır. Bu tarix Azərbaycanın millət olaraq yenidən doğuluşu tarixidir. Bu təkcə bizim torpaqlarımızın işğaldan azad olunması hadisəsi deyil. Bu ruhumuzun millət olaraq əsarətdən qurtuluşu tarixidir. Tarixi yaddaşımızın bərpası tarixidir. Bu sevincli günlərdə ordumuza dualar edir, yeni zəfərlər arzulayırıq”. Bu fikirləri Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru  Hikmət Babaoğlu parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Hikmət Babaoğlu bildirib ki, bu proseslərdə önə çox mühüm bir məsələ var: “Azərbaycan Ordusunun cəbhədə hərəkətini təmin etmək üçün bu vaxta qədər böyük diplomatik-siyasi işlər görülüb. Qlobal ictimai rəy Azərbaycanın lehinə dəyişib. Bu gün bəzi istisnalar olmaqla heç kim Azərbaycanın haqqlı mövqeyini qınaya bilmir. Təəssüf ki, bu proseslərdə problemin həllinə töhfə verməli olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin fəaliyyəti, xüsusən Fransanın fəaliyyəti təəccüb və təəssüf doğurur. Fransa pezidentinin “biz icazə vermərik ki, Qarabağ yenidən fəth olunsun, biz sona qədər müqavimət göstərəcəyik” bəyanatından sonra özünə hörmət edən dövlət kimi Fransa həmsədrlikdən istefa verməlidir. Əgər o müstəqil bir dövlət başçısı kimi bu fikirləri səsləndirirsə buyursun, ancaq tərəfsizliyini itirdiyi halda ATƏT-in Minsk Qrupunun həmsədri olan bir ölkənin başçısı kimi bu bəyanatı verməməli idi”.

Deputat vurğulayıb ki, bu bəyanatdan sonra Fransa Azərbaycan əleyhinə lobbiçilik etməyə başlayıb və digər həmsədrləri radikal qərarlar qəbul etdirməyə çalışır, üzvü olduğu beynəlxalq təşkilatlarda Azərbaycan əleyhinə qərarlar verdirməyə çalışır: “Bu yolverilməzdir. Əgər Fransanın prezidenti bunu bir neçə yüz min erməninin səsini almağa görə edirdisə, doğru etmirdi. Çünki fransız xalqı beynəlxalq hüququ, ali dəyərləri mənimsəmiş xalqdır. Əslində Makron bu qərəzli mövqeyi ilə məhz fransız xalqının səsini itirmiş oldu. Düşünürəm ki, bundan sonra bizi diplomatik müstəvidə daha çətin və gərgin danışıqlar prosesi gözləyir. Biz buna hazırlaşmalıyıq və ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri Türkiyə olmalıdır”.