YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əlli siyasi partiyanın rəhbərləri Azərbaycan Ordusuna, Ali Baş Komandana bir daha dəstəklərini ifadə ediblər

Azərbaycanda fəaliyyət göstərən 50 siyasi partiya rəhbərlərinin iştirakı ilə oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında görüş keçirilib. Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərliyi ilə keçirilən tədbirdə ölkənin siyasi partiyalarının rəhbərləri bir araya gəlməklə, Azərbaycanda yaşanan milli və siyasi həmrəyliyi bir daha nümayiş etdiriblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə erməni təxribatı nəticəsində cəbhə xəttində baş verən döyüşlərdə şəhid olmuş hərbçi və mülki vətəndaşlarımızın xatirəsi birdəqiqəlik sükutla anılıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından iştirakçıları salamlayan Prezident Administrasiyasının şöbə müdiri Ədalət Vəliyev ölkənin mütləq çoxluğu təşkil edən siyasi partiyalarının bir araya gəlməsindən və Prezidentin ətrafında olmalarından məmnunluğunu bildirib.

Administrasiyanın rəsmisi çıxışında cəbhədə yaşanan hadisələr, əldə olunan uğurlar, Prezident İlham Əliyevin mövqeyi, diplomatik müstəvidə qazanılan nəticələr, habelə Ermənistan hökumətinin qeyri-adekvat addımları haqqında geniş söhbət açıb.

Bildirilib ki, müasir tariximizin və haqq mübarizəmizin ən məsuliyyətli və ən qürurlu mərhələsini yaşayırıq. Bu günlərdə milli həmrəyliyə xidmət edən hər bir addım və layihə böyük əhəmiyyətə malikdir.

Ölkə ictimaiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin milli və siyasi həmrəyliyə xidmət edən təşəbbüslərinin şahididir. 2020-ci ildə aparılan siyasi dialoqun məntiqi nəticəsi kimi, ilk çağırışla bu il iyulun 15-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində baş vermiş hərbi təxribatla əlaqədar müstəqillik tariximizdə ilk dəfə olaraq ölkədə fəaliyyət göstərən siyasi partiyaların 43-ü, sentyabrın 27-də isə Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı ilə əlaqədar 52 siyasi partiyadan 50-si Prezident, Ali Baş Komandan İlham Əliyevin ətrafında birləşib və birgə dəstək bəyanatı imzalayıblar. Siyasi sabitliyə, etibarlı münasibətlərə və davamlı inkişafa xidmət edən bu addım milli həmrəyliyin, xalq-hakimiyyət birliyinin təcəssümüdür. “Həmin bəyanat AZƏRTAC vasitəsilə 8 dilə tərcümə edilib, həmçinin dövlətimizin xarici ölkələrdəki diplomatik nümayəndəliklərinə və Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirliklərinə göndərilib”, - deyə şöbə müdiri Ə.Vəliyev bildirib.

Son bir neçə ay ərzində siyasi dialoqun bərqərar olunmasında, etibarlı münasibətlərin formalaşmasında və siyasi partiyaların fəaliyyəti üçün dövlət tərəfindən göstərilən dəstək haqqında məlumat verən Ə.Vəliyev mövcud istiqamətdə əməkdaşlığın mütləq davam etdiriləcəyini diqqətə çatdırıb.

Çıxışında parlamentin fəaliyyətinə xüsusi toxunan Ədalət Vəliyev VI çağırış Milli Məclisdə müxalifət partiyalarının təmsil olunmasını ölkəmizdə demokratik münasibətlərin və siyasi dialoqun mövcudluğunu sübut edən əsas göstəricilərdən biri kimi xarakterizə edib.

Sabit siyasi mühitin dəstəklənməsi və siyasi partiyaların bölgələrdə normal fəaliyyətinin təmin olunması üçün şöbə tərəfindən mütəmadi qaydada yerli icra hakimiyyəti başçıları ilə görüşlər keçirildiyi haqqında da məlumat verilib. Qeyd olunub ki, bütün siyasi qüvvələr üçün bərabər şəraitin yaradılması məqsədilə siyasi partiya sədrlərinin fəaliyyətinin təşviqi istiqamətində müvafiq tədbirlər görülür.

Videokonfransa qatılan bütün siyasi partiyaların rəhbərləri çıxışlarında bildiriblər ki, Ermənistanın siyasi hakimiyyəti xalqının diqqətini ölkə daxilindəki sosial-iqtisadi problemlərdən, pandemiyanın yaratdığı sosial çətinliklərdən yayındırmaq məqsədilə cəbhədə təxribat törədib. Bu, bir daha göstərir ki, Ermənistan hökuməti 30 ildir sürən münaqişənin həllində maraqlı deyil. Bu məqsədlə mütəmadi olaraq cəbhə xəttində atəşkəsi pozur. Ermənistan baş nazirinin qəbuledilməz bəyanatları, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi müzakirələrində konstruktiv mövqe nümayiş etdirməməsi, “Qarabağ Ermənistandır” kimi sərsəm bəyanatları danışıqların pozulmasında əsas amillərdir.

Azərbaycanda fəaliyyət göstərən siyasi partiyalar Ali Baş Komandan, Prezident İlham Əliyevin Vətənimizin ərazi bütövlüyünün və vətəndaşların təhlükəsizliyinin qorunması, Ermənistanın ölkəmizə qarşı genişmiqyaslı terror təxribatlarının qarşısının alınması məqsədilə həyata keçirdiyi bütün siyasi və hərbi tədbirləri yekdilliklə dəstəklədiklərini və onun yanında olduqlarını bildiriblər.

Videokonfransın sonunda siyasi dialoqun dəstəklənməsinin ölkəmizdə demokratiyanın inkişafında mühüm rol oynadığını vurğulayan Prezident Administrasiyasının şöbə müdiri Ə.Vəliyev Azərbaycan xalqının ölkə rəhbərliyini daim dəstəklədiyini deyib, həmçinin milli və siyasi həmrəyliyin qorunması üçün bütün lazımi işlərin görüləcəyini vurğulayıb.

Çıxışını dövlət başçısı, Ali Baş Komandan İlham Əliyevin “Bu gün işğal altında olan torpaqlar bizim tarixi torpaqlarımızdır. Bizim işimiz haqq işidir. Biz öz ərazi bütövlüyümüzü bərpa etmək istəyirik, buna bizim haqqımız çatır, bunu edirik və edəcəyik!”, “Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” fikirləri ilə bitirən Ədalət Vəliyev siyasi partiyaların rəhbərlərinə göstərilən dəstəyə görə minnətdarlığını bildirib.

Qeyd edək ki, “Milli həmrəylik – siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında keçirilən görüşdə aşağıdakı partiyaların rəhbərləri iştirak ediblər:

1. Yeni Azərbaycan Partiyası – Əli Əhmədov

2. Vətəndaş Həmrəyliyi Partiyası – Sabir Rüstəmxanlı

3. Ədalət Partiyası – İlyas İsmayılov

4. Azərbaycan Demokrat Partiyası – Sərdar Cəlaloğlu

5. Böyük Quruluş Partiyası – Fazil Mustafa

6. Azərbaycan Xalq Partiyası – Pənah Hüseyn

7. Azərbaycan Ümid Partiyası – İqbal Ağa-zadə

8. Ana Vətən Partiyası – Fəzail Ağamalı

9. Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası – Qüdrət Həsənquliyev

10. ReAL Partiyası – İlqar Məmmədov

11. Vətəndaş və İnkişaf Partiyası – Əli Əliyev

12. Azərbaycan Sosial Rifah Partiyası – Əsli Kazımova

13. Azad Demokratlar Partiyası – Sülhəddin Əkbər

14. Azərbaycan Milli İstiqlal Partiyası – Arzuxan Əlizadə

15. Milli Dirçəliş Hərəkatı Partiyası – Fərəc Quliyev

16. Milli Vəhdət Partiyası – Yunus Oğuz

17. Böyük Azərbaycan Partiyası – Elşad Musayev

18. AĞ Partiya – Tural Abbaslı

19. Azərbaycan Naminə Alyans Partiyası – Abutalıb Səmədov

20. Vəhdət Partiyası – Tahir Kərimli

21. Demokratik İslahatlar Partiyası – Asim Mollazadə

22. Milli Cəbhə Partiyası – Razi Nurullayev

23. Azərbaycan Demokratik Maarifçilik Partiyası – Elşən Musayev

24. Aydınlar Partiyası – Qulamhüseyn Əlibəyli

25. Klassik Xalq Cəbhəsi Partiyası – Mirmahmud Fəttayev

26. Azadlıq Partiyası – Əhməd Orucov

27. Vahid Azərbaycan Milli Birlik Partiyası – Hacıbaba Əzimov

28. Azərbaycan Liberal Partiyası – Əvəz Temirxan

29. Azərbaycan Respublikaçılar Partiyası – Sübut Əsədov

30. Azərbaycan Sosial Demokrat Partiyası – Araz Əlizadə

31. Vətəndaş Birliyi Partiyası – Sabir Hacıyev

32. Müasir Müsavat Partiyası – Hafiz Hacıyev

33. Azərbaycan Liberal Demokrat Partiyası – Fuad Əliyev

34. Azərbaycan Yurddaş Partiyası – Mais Səfərli

35. Azərbaycan Azad Respublikaçılar Partiyası – Kamil Seyidov

36. Cümhuriyyət Xalq Partiyası – Bədrəddin Quliyev

37. Milli Həmrəylik Partiyası – Əlisahib Hüseynov

38. Yeni Zaman Partiyası – Musa Ağayev

39. Azərbaycan Xalq Demokratik Partiyası – Rafiq Turabxan

40. Azərbaycan Kommunist Partiyası – Hacı Hacıyev və Rauf Qurbanov

41. Milli Konqres Partiyası – İxtiyar Şirinov

42. Müstəqil Xalq Partiyası – Əflan İbrahimov

43. Azərbaycan Milli Demokrat Partiyası – Tufan Kərimov

44. Azərbaycan Təkamül Partiyası – Teyyub Əliyev

45. Birlik Partiyası – Xudadat Xudiyev

46. Azərbaycan Mübarizləri Partiyası – Ağadur Müslümov

47. Qorqud Partiyası – Firudin Kərimov

48. Azərbaycan Milli Hərəkat Partiyası - Samir Cəfərov

49. Milli Demokrat İdrak Partiyası - Osman Əfəndiyev

50. Gələcək Azərbaycan Partiyası – Ağasif Şakiroğlu.