YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Emin Hacıyev: İndi hər birimizin ürəyi Qarabağda döyünür

“Azərbaycan Ordusu işğalçı Ermənistanın növbəti hərbi təxribatına layiqli cavab verərək, uğurlu əks-hücum əməliyyatı həyata keçirir. Əks-hücum əməliyyatı nəticəsində düşmənin canlı qüvvəsinə və hərbi texnikasına böyük zərbə vurulub, Azərbaycanın işğal altında olan bir neçə yaşayış məntəqəsi azad edilib. Ordumuz öz ərazimizdə Vətənimizin bütövlüyü uğrunda mübarizə aparır və bu mübarizə son qarış torpağımız düşmən tapdağından azad olunanadək davam etdiriləcək. Azərbaycan bir qarış torpağının belə işğal altında qalması ilə barışmayacaq”. Bu fikirləri  Milli Məclisin deputatı Emin Hacıyev deyib.

E.Hacıyev bildirib ki, tezliklə üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaq. Bu gün Azərbaycan xalqı ölkə Prezidentinin ətrafında sıx birləşərək yeni zəfər xəbərlərini gözləyir. Yaşından, sosial durumundan, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs torpaqlarımızın azadlığı uğrunda döyüşə səfərbər olub.

“İndi hər birimizin ürəyi Qarabağda döyünür”, - deyən Emin Hacıyev düşmənın Azərbaycanın qüdrətli Ordusu, xalqımızın döyüş ruhu, tükənməz Vətən sevgisi qarşısında yenilməyə məhkum olduğun vurğulayıb. Onun sözlərinə görə, belə bir vəziyyətdə, cəbhədə gedən döyüşlərdə Azərbaycan Silahlı Qüvvələri qarşısında aciz qalan Ermənistan ordusu dinc sakinlərin sıx yaşadığı əraziləri ağır silahlardan atəşə tutaraq mülki əhalini hədəfə alır, qadın və uşaqları qətlə yetirir, çoxsaylı ev və təsərrüfatlara böyük ziyan vurur.

Deputat bütün bunların Ermənistan ordusunun faşist, terrorçu mahiyyətini bir daha sübut etməklə, düşmənin beynəlxalq humanitar hüququn norma və prinsiplərinə əməl etmədiyini göstərdiyini diqqətə çatdırıb. O, işğalçı Ermənistan tərəfindən “Müharibə zamanı mülki əhalinin müdafiəsi haqqında” 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyası, həmçinin BMT-nin Uşaq Hüquqları Konvensiyasının və insan hüquqları sahəsində digər sənədlərin müvafiq müddəalarının kobud şəkildə pozulduğunu və belə olan halda, dünya ictimaiyyəti, beynəlxalq qurumlar müharibə cinayətləri törədən Ermənistanın bu qəddarlığına biganə qalmamalı olduğunu bildirib.

Emin Hacıyev cinayətkarların BMT Nizamnaməsinə uyğun olaraq xüsusi beynəlxalq tribunalda cavab verməli, layiqli cəzalarını alacağına inamını ifadə edib.