YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti: Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz

“Bizim əməkdaşlıq etdiyimiz ölkələrin, yəni, fəal əməkdaşlıq etdiyimiz ölkələrin sayı gündən-günə artmaqdadır. Azərbaycan həm ikitərəfli, həm çoxtərəfli formatda çox uğurlu xarici siyasət aparır. Əlbəttə ki, keçən il ilk növbədə, qonşu ölkələrlə bizim ikitərəfli formatda çox sıx təmaslarımız olmuşdur. Dövlət başçıları səviyyəsində çoxsaylı qarşılıqlı səfərlər təşkil edilmişdir. Avropa və Asiya ölkələri ilə ən yüksək səviyyədə ikitərəfli əlaqələrin inkişafı üçün işlər görülmüşdür. Azərbaycan dünyada çox böyük hörmətə malikdir, etibarlı tərəfdaş kimi tanınır və bizim beynəlxalq nüfuzumuz getdikcə artır. Regional məsələlərin həllində, regional əməkdaşlıq məsələlərində Azərbaycanın rolu əvəzolunmazdır. Biz bir çox təşəbbüslərin müəllifiyik. Bu təşəbbüslər sadəcə olaraq niyyət deyil. Bu təşəbbüslər real layihələrə çevrilir. Bu layihələrin icrası, əlbəttə ki, bizim imkanlarımızı artırır və ölkəmizə siyasi, iqtisadi dividendlər gətirir.” Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində söyləmişdir.

Dövlət başçımız bildirmişdir ki, biz keçən il beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etmişik. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz mövqeyini müdafiə edir və bu təşkilatların uğurlu fəaliyyətinə öz dəyərli töhfəsini verir. Keçən il biz Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etmişik. Bu, çox uğurlu sədrlik dövrü idi. Bu dövr ərzində Avropada demokratiyanın inkişafına, insan haqlarının qorunmasına, ədalətin bərqərar olmasına Azərbaycan çox böyük və dəyərli töhfələr vermişdir. Xüsusilə, ölkəmizin multikulturalizmlə bağlı təcrübəsi nadir xarakter daşıyır. Hesab edirəm ki, əgər bizim təcrübəmiz dünyada daha da geniş şəkildə təhlil edilsəydi, bir çox xoşagəlməz halların qarşısı alına bilərdi.
Azərbaycan Prezidenti qeyd etmişdir ki. Azərbaycan öz işi ilə, görülən işlərlə, aparılan siyasətlə və keçirilən tədbirlərlə ümumbəşəri dəyərlərə öz dəyərli töhfələrini verir. Biz beynəlxalq təşkilatlarla bundan sonra da fəal əməkdaşlıq edəcəyik. Biz üzv olduğumuz təşkilatlar qarşısında götürdüyümüz öhdəlikləri vaxtında və artıqlaması ilə yerinə yetiririk. Üzv olmadığımız təşkilatlar qarşısında əlbəttə ki, bizim heç bir öhdəliyimiz ola bilməz. Təbii ki, ikitərəfli formatda heç bir ölkə qarşısında bizim heç bir öhdəliyimiz yoxdur və ola da bilməz. Bu, beynəlxalq münasibətlərin qanunlarıdır. Əgər kimsə hesab edir ki, Azərbaycana ultimatum dili ilə, yaxud da diktat dili ilə nə isə deyə bilər, səhv edir. Bizim tariximiz, son illər ərzində apardığımız müstəqil, cəsarətli siyasət bunu bir daha göstərir və bütün ölkələr ancaq ikitərəfli formatda bərabərhüquqlu münasibətlər qurmalıdırlar. Bu, beynəlxalq davranışın qaydalarıdır. Heç bir ölkənin istisna ixtiyarları, haqları yoxdur, ola bilməz. Bütün ölkələr bərabərdir və bütün ölkələri birləşdirən təşkilat BMT-dir. O təşkilat ki, 2011-ci ildə Azərbaycanı bu təşkilatın ən üst qurumuna seçmişdir. Azərbaycan 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv olmuşdur. Bu fakt Azərbaycanın beynəlxalq nüfuzunu əks etdirən ən gözəl göstəricidir. Bu gün beynəlxalq aləmdə böyük nüfuza sahib olan Azərbaycanı ləkələmək, qaralamaq, şər-böhtan atmaq cəhdləri əbəsdir. Bunların heç bir təsiri yoxdur, bu, bizim siyasətimizə heç vaxt təsir etməyəcək. Heç bir kənar qüvvə bizimlə ultimatum dili ilə danışa bilməz. Bunu hamı bilməlidir. Biz həm rəsmi bəyanatlarda, eyni zamanda, bağlı qapılar arxasında aparılan müzakirələrdə öz mövqeyimizi müdafiə edirik. Biz ikili standartlardan uzağıq və hesab edirik ki, beynəlxalq münasibətlərdə ikili standartlara yol verilməməlidir. İkili standartlar o standartları tətbiq etmək istəyənlərin əleyhinə də işləyir. Biz bunu indi tarixdən və dünyada gedən proseslərdən görürük. Daxili işlərə müdaxilə etmək, kimisə hansısa işlərə təhrik etmək - bu, heç kimə xeyir gətirmir. Bu, ölkələri qarışdırır, sabitliyi pozur, ölkələrdə qanlı toqquşmalara gətirib çıxarır və bu qanlı toqquşmaların arxasında dayanan qüvvələrə də nəticə etibarilə mənfi təsir göstərir. Çünki bu gün dünyada bütün ölkələr demək olar ki, bir-biri ilə bağlıdır və istənilən yerdə baş verən hadisə nə vaxtsa başqa yerdə də öz əks-sədasını verə bilər. Bir daha demək istəyirəm ki, bizim mövqeyimiz ədalətli mövqedir, beynəlxalq hüquqa əsaslanır. Biz bu mövqeyi uğurla müdafiə edirik və edəcəyik.