YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: İşğalçı dövlətə təzyiq göstərilməlidir

“Artıq nə bizim üçün, nə də vasitəçilər üçün sirr deyil ki, Ermənistan sülh istəmir. Ermənistan istəyir ki, bu münaqişə öz həllini tapmasın və işğal edilmiş torpaqlardan çıxmaq istəmir. Baxmayaraq ki, Minsk qrupuna həmsədrlik edən ölkələrin dövlət başçıları dəfələrlə demişlər ki, status-kvo qəbuledilməzdir. Ancaq bu, sözlərdən başqa bir şey deyil. Sadəcə olaraq sözlərdir və bu sözlərin arxasında heç bir ciddi siyasət dayanmır. Əgər status-kvo qəbuledilməzdirsə, - bu, əlbəttə ki, qəbuledilməzdir, - onda bir tədbir görülməlidir. İşğalçı dövlətə təzyiq göstərilməlidir. O, məcbur edilməlidir ki, işğal olunmuş torpaqlardan çıxsın. Yoxsa bu da riyakarlığın bir növüdür. Bir bəyanat verilir, onun arxasında iş görülmür. Necə ki, BMT Təhlükəsizlik Şurası 4 qətnamə qəbul etmişdir. Heç biri 20 ildən çoxdur ki, icra edilmir. Nə üçün başqa yerlərdə qəbul edilmiş qətnamələr dərhal icra edilir, bizə gəldikdə icra edilmir?! Bu, ədalətsizlikdir, bu, ikili standartlardır. Artıq Azərbaycan xalqı bunu yaxşı bilir, dərk edir ki, bu problemin həll olunmaması təkcə Ermənistanın qeyri-konstruktiv mövqeyi ilə izah edilə bilməz. Görünür, dünyada elə qüvvələr var ki, bu münaqişənin həll olunmasında maraqlı deyillər. Görünür, elə qüvvələr var ki, maraqlıdır bu münaqişə dondurulmuş, yarıdondurulmuş vəziyyətdə qalsın və bundan Azərbaycana bir təzyiq vasitəsi kimi istifadə etsinlər. Son illərdə müxtəlif bölgələrdə - Avropada, Yaxın Şərqdə gördüyümüz mənzərə bax, bu mövqeyi, bu yanaşmanı daha da gücləndirir. Proseslərdən belə nəticə çıxır. Ona görə, buna da aydınlıq gətirilməlidir ki, biz nə vaxta qədər bu ikili standartlarla üzləşəcəyik?!”.  Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində söyləmişdir.

Prezident İlham Əliyev qeyd etmişdir ki, Ermənistan keçən il yay aylarında və ilin sonunda bir neçə dəfə açıq təxribatlara əl atmışdır. Hər iki dəfə Azərbaycan Ordusu düşmənə layiqli cavab verərək onu yerinə oturtdu. Yay aylarında 50-dən çox işğalçı məhv edildi. Noyabr ayında isə ermənilərin təxribatı cavabsız qalmamışdır. Bütün bu təxribatların nəticəsində baş verən hadisələrə görə Ermənistan rəhbərliyi - kriminal, diktatura rejimi məsuliyyət daşıyır. Ermənistanın bugünkü acınacaqlı vəziyyətinə görə də bu ölkənin indiki və əvvəlki rəhbərliyi bilavasitə cavabdehlik daşıyır. Çünki məhz onların işğalçı siyasətinə görə Ermənistan müstəqil ölkə kimi özünü göstərə bilməmişdir. Faktiki olaraq heç müstəqilliyi əldə etməmişdir. Sadəcə olaraq bu, formal bir məna daşıyır.