YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

YAP Səbail rayon təşkilatında tələbələr ilə videoformatda konfrans keçirildi

YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyevin sədrliyi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) tələbələrinin iştirakı ilə videoformatda konfrans keçirildi. Konfransda ADPU-nun 100 nəfər Yeni Azərbaycan Partiyasının üzvü olan tələbələsi, eləcə də YAP Səbail rayon Gənclər Birliyinin sədri və üzvləri iştirak etdilər.

Ş.Hacıyev ölkəmizdə, regionumuzda və dünyada gedən ictimai-siyasi proseslər, bu proseslərdə gənc nəslin rolu və töhfələri haqqında konfrans iştirakçılarına ətraflı məlumat verərək müstəqil dövlətçiliyinə, torpağına bağlı Azərbaycan gəncliyinin müasir dövrün çağırışlarına uyğun ümdə vəzifələri haqqında geniş danışdı. Vurğulandı ki, YAP Səbail rayon təşkilatının ilk özək təşkilatı Azərbaycan Dövlət Pedaqoji Universitetində yaranmışdır və ADPU gəncləri Yeni Azərbaycan Partiyasının və Səbail rayonunun ictimai həyatında hər zaman flaqman rolu oynayırlar. Gənclər çox yaxşı məlumatlıdırlar ki, xalqımızın, dövlətimizin bu gün ən mühüm problemi işğal altında olan torpaqlarımızın azad olunması və Dağlıq Qarabağ münaqişəsinin tezliklə həll olunmasıdır. Tarixən torpağına bağlı Azərbaycan xalqının qədim dövlətçilik ənənələri haqqında danışan Ş.Hacıyev bildirdi ki, bu gün cəmiyyətimizdə Xalq-Lider-Ordu arasında sarsılmaz inam və qarşılıqlı etimad mövcuddur. Cənab Prezident İlham Əliyev Qarabağ həqiqətləri, Azərbaycanın bu münaqişədəki haqlı və prinsipial mövqeyi ilə bağlı ən yüksək beynəlxalq tribunalarda, hökumətlərarası ikitərəfli və çoxtərəfli münasibətlərdə, irili-xırdalı bütün beynəlxalq tədbirlərdə, görüşlərdə qətiyyətlə, cəsarətlə, tərəddüdsüz və birmənalı şəkildə mövqe ortaya qoyur. Bütün Azərbaycan xalqı kiçikdən-böyüyə Ali Baş Komandanın bir əmri ilə yumruq kimi birləşməyə və torpaqlarımızı düşmən tapdağından azad etməyə hazırdırlar.

YAP Səbail rayon təşkilatının çoxşaxəli fəaliyyəti, cəbhə bölgələrinə təşkil olunan səfərlər, gənclərin vətənpərvərlik ruhunun yüksəldilməsi istiqamətində keçirilən mədəni-kütləvi tədbirlər, həmçinin aztəminatlı rayon sakinlərinə göstərilən diqqət və mütəmadi reallaşdırılan sosial aksiyalar haqqında gənclərə ətraflı məlumat verən Sədr gəncləri daha da təşəbbüskar olmağa, müxtəlif layihələrlə çıxış etməyə və ictimai-siyasi proseslərdə fəal vətəndaş mövqeyi bildirməyə dəvət etdi. Xüsusi vurğulandı ki, gənclərimizin öncül vətəndaşlıq borcu yaxşı təhsil almaq, xarici dil və son texnoloji biliklərə yiyələnmək, daim öz üzərlərində işləmək və yüksəkixtisaslı kadrlar kimi müstəqil dövlətimizin daha da qüdrətlənməsi üçün çalışmaqdır. Gənclər sosial şəbəkələrdə, xüsusilə düşmən cəbhəsindən gələn informasiya müharibəsində Azərbaycanın haqq səsini yüksəltməli və erməni yalanlarını ifşa etməlidirlər. Bunun üçün isə gənclərin təşkilatlanması, sıralarının genişlənməsi və bir yumruq kimi bir nöqtəyə vurmaları tələb olunur. Ş.Hacıyev bütün bu qeyd olunan fəaliyyət istiqamətlərində gənclərə uğurlar arzuladı.

Çıxış edən YAP Səbail rayon Gənclər Birliyinin sədri, Azərbaycan Dövlət Pedaqoji Universitetində rektorun köməkçisi Riyad Rüstəmli YAP Səbail rayon Gənclər Birliyinin pandemiya ilə əlaqədar sərt karantin rejimində fasiləsiz fəaliyyəti, rayon GB-nin təşkilatçılığı ilə videoformatda reallaşan çoxsaylı maarifləndirici seminarlar və gələcək layihələr haqqında danışdı. R.Rüstəmli gənclərimizin öhdələrinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcəklərinə dair əminliyini ifadə etdi.

YAP Səbail rayon Gənclər Birliyinin sədr müavini, rayon partiya təşkilatının məsləhətçisi Fuad Heydərli rayon partiya təşkilatında gənclər üçün yaradılan şəraitdən bəhs edərək gənclərlə işin təşkili mexanizmi və gələcəkdə nəzərdə tutulan layihə və proqramlar haqqında danışdı. F.Heydərli YAP Səbail rayon təşkilatının ictimai-siyasi fəaliyyətində yaxından iştirak edən ADPU tələbələrinə təşəkkür etdi və gələcəkdə onları daha da fəal olmağa səslədi.

Çıxışlardan sonra konfrans tələbələrin çoxsaylı sualları əsasında interaktiv müzakirələrlə davam etdi. Konfransda iştirak edən ADPU-nun II kurs tələbələri Abbasova Fidan, Məsimova Nişanə və Məmmədova Ruqiyyə onları maraqlandıran suallar ətrafında gənclərlə fikir mübadiləsi apardılar.