YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Sənayeləşmə siyasəti Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir

“Dünyada, eləcə də, ölkəmizdə yaşanan pandemiyaya, koronavirus bəlasına baxmayaraq, müstəqil dövlətimiz yenə də öz inkişaf yolu ilə addımlamaqda davam etməkdədir. Pandemiyanın ölkə iqtisadiyyatına vurduğu müəyyən zərbələrə, onun yaratdığı bəzi çətinliklərə rəğmən, ölkəmiz, dövlətimiz yenə-növbəti dəfə iradə, qətiyyət ortaya qoymaqda, nümayiş etdirməkdə, inkişaf və tərəqqi xətti ilə irəliyə doğru addımlamaqdadır. Bunu elə hər gün, hər həftə, hər ay yaşanan, baş verən, gerçəkləşdirilən açılışlardan da görmək mümkündür”. Bu fikirləri Milli Məclisin İntizam Komissiyasının sədri, YAP İdarə Heyətinin üzvü Eldar İbrahimov deyib.

Eldar İbrahimov bildirib ki, yeni sənaye müəssisələrinin, fabrik və zavodların, aqro, sənaye parklarının, digər önəmli və vacib obyektlərin açılması, həyata vəsiqə alması ölkəmizin əzminin, iradəsinin, iqtisadi inkişafının, gücünün göstəricisidir. Bütün bunlar yeni iş yerlərinin açılması, əlavə gəlir, qazanc mənbələri deməkdir. Ən əsası insanlarımızın, ölkə vətəndaşlarının sosial-iqtisadi vəziyyətlərinin, güzəranlarının, sosial-rihah hallarının yaxşılaşdırılması istiqamətində atılan addımlardır, Azərbaycan dövlətinin hər bir situasiyada öz vətəndaşlarının yanında olmasıdır. Millət vəkilinin sözlərinə görə, bu işlərin, bu titanik addımların müəllifi isə Ulu Öndər Heydər Əliyevin  layiqli davamsçı ölkə Prezidenti cənab İlham Əliyevdir. Məhz dövlət başçısının müdrik, son dərəcədə uzaqgörən siyasəti, yenilməz iradəsi, qətiyyəti sayəsində bu inkişafa nail olunub.

E.İbrahimov qeyd edib ki, bugünlərdə inkişafımıza, tərəqqimizə töhfə verəcək daha bir mühüm addım atılıb: “Ölkənin ikinci sənaye mərkəzi olan Sumqayıtda cənab Prezidentin iştirakı ilə “Sumqayıt Kimya Sənaye Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin nəzdində Peşə Təhsil Mərkəzinin açılışı oldu. Bu Mərkəz nəinki Sumqayıtın, bütövlükdə ölkəmizin inkişafına, tərəqqisinə töhfə verəcək bir təhsil ocağıdır. Qeyd etmək lazımdır ki, sənayeləşmə siyasəti bütövlükdə Prezident İlham Əliyevin iqtisadi siyasətinin mühüm tərkib hissəsidir. Əsas məqsəd tələbatın ödənilməsində yerli məhsulların payının artırılması, ixrac potensialının yüksəldilməsi, ümumilikdə neft-qaz amilindən asılılığın daha da azaldılmasıdır. Bu strategiyanın uğurlarını Sumqayıt Kimya Sənaye Parkının timsalında real rəqəmləri əks etdirən statistikada görmək olar. Belə ki, 2019-cu ilin birinci yarım ili ərzində burada 258 milyon manatlıq məhsul istehsal edilmişdisə, 2020-ci ilin müvafiq dövründə 2 dəfə çox – 534 milyon manatlıq məhsul buraxılıb. İxrac isə 2019-cu ilin ilk 6 ayındakı rəqəmlə (121 milyon manat) müqayisədə 1,5 dəfə artaraq 2020-ci ilin birinci yarısında 182 milyon manat təşkil edib. Həmçinin, xatırlatmaq yerinə düşər ki, hazırda Sumqayıt Kimya Sənaye Parkında məhsul istehsalı və ixrac istiqamətində müsbət dinamika mövcuddur”.

Millət vəkili qeyd edib ki, bu gün qeyri-neft sektorunun daha ön planda olduğu bir dönəmdə, mərhələdə yaşayırıq: “Qeyri-neft sektorunun önəmi daha çox aktuallığı ilə özünü büruzə verməkdə, nümayiş etdirməkdədir. Odur ki, ölkəmizdə də yeni və daha inkişaf etmiş sənaye mərkəzlərinin yaradılması, sənaye parklarının gerçəkləşdirilməsi lazımdır. Çünki dövlət başçımızın açılışda qeyd etdiyi kimi, neft yataqlarımız nə vaxtsa tükənəcək. Odur ki, bu boşluğu məhz qeyri-neft sektoru hesabına doldurmalı, təmin etməliyik. Həmçinin, tədiyə balansını müsbət səviyyədə saxlamaq üçün bizə çox keyfiyyətli ixracyönümlü məhsul istehsal edən, valyuta gətirən müəssisələr yaratmalıyıq. Çünki bu gün tədiyə balansımızın müsbət səviyyədə saxlanmasının əsas səbəbi neft-qaz amilidir. Amma dövlət başçımızın da vurğuladığı kimi, çalışmalıyıq ki, bu amili kənara qoymaqla ixrac-idxal əməliyyatlarında həmişə müsbət saldoya malik olaq. Ona görə ixracyönümlü və idxalı əvəzləyə biləcək istehsalat sahələri yaratmalıyıq, yaradılmalıdır. Bu baxımdan, biz bu gün Sumqayıt Kimya Sənaye Parkının timsalında yeniləşən, güclənən Azərbaycanı görürük. Xüsusilə yada salmalıyıq ki, bu ərazidə nələr olub, bu ərazi hansı vəziyyətdə idi. Çürümüş, dağılmış, fəaliyyətini başa vuran müəssisələr, həm ekoloji fəlakət zonası, həm də ki, istifadəsiz qalan torpaqlar idi. İndi isə burada yüzlərlə hektar sahədə sənaye parkı qurulubdur. Beləliklə, Sumqayıt Kimya Sənaye Parkının ümumi inkişaf tendensiyası yeniliklərə münasibətilə fərqlənir. Elə nəzdində açılışı olan Peşə Təhsil Mərkəzini də bu xüsusda fərqləndirmək olar.

Çünki ilk dəfədir ki, ölkədəki sənaye parkı ərazisində peşə təhsili müəssisəsi yaradılır, bununla da bir neçə strateji hədəfə nail olunur: tələbələrə müasir infrastruktura malik mərkəzdə dövrün tələbinə uyğun bacarıqlar və peşə vərdişləri aşılanacaq. Təlim-tədris prosesində iştirak edəcək mütəxəssislər elə parkın rezidentlərinin yüksəkixtisaslı işçilərindən olacaq.

Öz növbəsində tələbələr də Sumqayıt Kimya Sənaye Parkının müəssisələrində təcrübə keçməklə, iş yeri əldə etmək imkanı qazanacaqlar. Bütün bunlar isə nəticə etibarı ilə ölkəmizin güclənməsi, qüdrətlənməsi, zəfərlərdən-zəfərlərə doğru getməsi deməkdir”.