YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Fövqəladə Hallar Nazirliyinin xilasediciləri türkiyəli həmkarları ilə birgə hazırlıq keçəcəklər

Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin başçılığı ilə nazirliyin nümayəndə heyəti yanvarın 6-7-də Türkiyə Respublikasında səfərdə olub.
Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər ki, səfər çərçivəsində Türkiyə Respublikası Silahlı Qüvvələrinin müvafiq qurumları ilə əməkdaşlığın inkişaf etdirilməsi, o cümlədən Hərbi-Dəniz Komandanlığının tərkibində olan Sualtı müdafiə təhsil müəssisəsində dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi və kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda təşkil edilən təhsil kurslarında FHN-nin xilasedicilərinin təhsil alma imkanları və bu istiqamətdə qarşılıqlı maraq doğuran məsələlərlə bağlı müzakirələr aparılıb.
Səfərin ilk günündə Türkiyə Silahlı Qüvvələrinin İstanbul Boğaz komandanı Ercüment Tatlıoğlu ilə keçirilən görüşdə nazirliyin nümayəndə heyətinə komandanlığın fəaliyyəti barədə ətraflı məlumat verilib.
Bildirilib ki, komandanlıq boğazın təhlükəsizliyini həyata keçirən və dənizdə xilasetmə və digər vacib məsələlərin əlaqələndirilməsini təmin edən orqan kimi Türkiyə Silahlı Qüvvələrinin əsas qurumlarından biri hesab edilir.
Həmin quruma tabe olan Xilasetmə və Sualtı Komandanlığının rəisi İlhan Öcalan ilə keçirilən görüşdə komandanlığın suda və quruda xilasetmə əməliyyatları ilə bağlı hər il keçirdiyi kurslar barədə ətraflı təqdimat edilib. Təqdimat zamanı dalğıcların hazırlığı üçün təşkil edilən sualtı müdafiə kurslarında FHN əməkdaşlarının iştirakının mümkünlüyü ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Səfərin ikinci günündə Türkiyə Silahlı Qüvvələrinin Xilasetmə Qrup Komandanlığında komandan Kaan Erkara ilə görüş olub.
Görüşdə komandanlığın fəaliyyəti və həyata keçirdiyi hazırlıq kursları barədə geniş məlumat verilib, dalğıcların suya enməsi və istifadə etdikləri avadanlıq nümayiş olunub.
Bundan başqa, Türkiyə Silahlı Qüvvələrinin Sualtı Müdafiə Qrup Komandanlığında komandan Mustafa Kemal Öztürk ilə keçirilən görüşdə partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə xilasedicilərin hazırlığı mövzusunda görülən işlərdən və istifadə edilən avadanlıqdan bəhs edən geniş təqdimat olub.
Səfər zamanı FHN-nin xilasedicilərinin dalğıc hazırlığı, partlayıcı maddələrin zərərsizləşdirilməsi, kimyəvi, bioloji, radioloji və nüvə təhlükəsindən mühafizə üzrə türkiyəli həmkarları ilə birgə hazırlığı barədə ilkin razılıq əldə edilib.