YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sədaqət Vəliyeva: Yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir

“Hər kəsə bəllidir ki, bu gün dünyada 25 miyona yaxın yoluxan var, 830 min nəfər isə vəfat edib. Dünyada yoluxanların sayına görə ilk beşlikdə isə ABŞ, Braziliya, Hindistan, Rusiya və Cənubi Afrika Respublikasıdır. Bu ölkələrdə yoluxanların və ölənlərin sayı ümumi dünya üzrə olan statistikanın təxminən 50 faizini əhatə edirlər. Hətta, Ermənistandan belə vəziyyət kritikdir. Düşmən ölkədə gücdəlik yoluxma 200-300 arasıdır, ölənlərin ümumi sayı isə 900 qədərdir. Yəni, bu statistik analogiya onu göstərir ki, Azərbaycanda koronavirus infeksiyasına qarşı aparılan mübarizə çərçivəsində həyata keçirilən sistemli tədbirlər, vətəndaşların məsuliyyəti və mövcud qaydalara əməl etməsi nəticəsində müsbət nəticələr əldə edilib. Bu mənada hazırda ölkəmizdə yoluxanların və vəfat edənlərin sayının azlığına, habelə yoluxma və sağalma hallarının nisbətinə görə ən yaxşı nəticələr nümayiş etdirən ölkələr sırasındadır”. Bunu Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, Azərbaycan dövləti infeksiyasının yayıldığı ilk günlərdən vəziyyəti nəzarətə götürüb, genişmiqyaslı tədbirlər həyata keçirməyə başlayıb, istər insanların sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi, istərsə də koronavirus xəstələrinin müalicəsi, səhiyyə infrastrukturunun təkmilləşdirilməsi, yeni xəstəxanaların açılması və tibb müəssisələrinin texniki təchizatı baxımından bütün məsələləri uğurla həll edib: “Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət bir daha göstərir ki, dövlətimiz üçün insan amili, vətəndaşların sağlamlığı, təhlükəsizliyi, ölkəmizin inkişafı və cəmiyyətimizin rifahı başlıca vəzifədir  və bu məqsədə nail olmaq üçün bütün vasitələrdən istifadə olunur. Məhz bunun nəticəsində avqustun 5-dən sərtləşdirilmiş xüsusi karantin rejiminin yumşaldılması, məhdudiyyətlərin aradan qaldırılması mümkün oldu. Müxtəlif obyektlər açıldı, cəmiyyətdə münasibətlərdə hərəkətlənmələr sürətləndi. Amma çox təəssüflər olsun ki, bu vəziyyətdən də sui-istifadə edənlər oldu. Qadağan olunduğu halda yenə də toy, nişan, yas mərasimləri təşkil olundu. Beləliklə də, yoluxma ikirəqəmli səviyyəyə düşdüyü halda həmin məsuliyyətsiz addımların nəticəsində yenidən üçrəqəmli səviyyəyə yüksəldi. Ona görə də, bu gün qarşımızda duran ən mühüm vəzifələrdən biri əldə olunmuş uğurun qorunub saxlanması və möhkəmləndirilməsidir. Xüsusilə də, nəzərə almaq lazımdır ki, qarşıdan müxtəlif xəstəliklərin aktivləşdiyi payız və qış mövsümü gəldiyinə görə, bu məsələ xüsusi aktuallıq kəsb edir. Mövsümi xəstəliklər koronavirus bəlasına əlavə təkan verə bilər. O zaman yenidən sərtləşdirməyə getməli olacağıq”.

“Beynəlxalq təcrübə göstərir ki, koronavirusla mübarizədə uğur qazanmış və karantin rejimini ləğv etmiş ölkələr sonrakı dövrdə infeksiyanın geniş yayılması nəticəsində yenidən məhdudiyyətləri bərpa etməyə məcbur olublar” – deyən Sədaqət Vəliyeva əlavə edib ki, bu gün İspaniya, Türkiyə, Almaniya, Fransa, İtaliya, Yunanıstan kimi ölkələr yenidən məhdudiyyətlərin tətbiqinə başlayırlar: “Azərbaycanda karantin rejiminin yumşaldılmasından sonra müşahidə olunan mənzərə də məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlərin mərhələli şəkildə həyata keçirilməsinin zəruriliyini göstərdi. Hazırkı dövrdə ölkəmizdə qənaətbəxş dinamikanın olmasına baxmayaraq, mövcud sanitar-epidemioloji vəziyyətin təhlili xüsusi karantin rejiminin uzadılmasına ehtiyac olduğunu göstərir. Yoluxma təhlükəsinin yüksək olduğu Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla, digər 10 rayonun “sarı” zonaya keçirilməsi mümkündür. Uzun müddətdir bu rayonlarda yoluxma faktlarının aşağı səviyyədə olması buna tam şərait yaradır. Həmçinin sanitar-epidemoloji vəziyyətdən asılı olaraq və ciddi nəzarət mexanizmi tətbiq edilməklə qadağaların tətbiq olunduğu bir sıra sahələrdə – tədris, repetitor xidmətləri və s. məhdudiyyətlərin aradan qaldırılması mümkündür. Eyni zamanda, Azərbaycan dövləti qarşıdan gələn dövrdə əhalinin sosial tələbatlarını qarşılanması, iqtisadi stabilliyin qorunması və əhalinin sosial problemlərinin həlli üçün əlavə tədbirlər görmək gücündədir. Ona görə də bütün bu səbəbləri və reallıqları nəzərə alaraq yoluxma hallarının artım dinamikasına yol verilməməsi üçün xüsusi karantin rejimi hələ bir müddət davam etməlidir. Vətəndaşlar COVİD-19-un müalicəsi üçün vaksin tapılmayana kimi mümkün qədər məsuliyyətli davranmalı, maksimum özümümzü və ətrafımızı qorumağa davam etməliyik. Çünki biz özümüzü və bir-birimizi qorumasaq, əldə olunan nailiyyətləri qoruyub saxlamasaq, sonradan tapılacaq vaksin də köməyimizə çatmaya bilər”.