YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Kamaləddin Qafarov: Serbiya və Gürcüstanla ikitərəfli münasibətlərə yenidən baxıla bilər

        “Ermənistanın  Tovuzla sərhəddə  təxribatını  Serbiya və Gürcüstanın birmənalı şəkildə pisləyəcəyini gözlədiyimiz halda, onların bu insidentdə bədnam qonşularımıza gizli şəkildə, dolayı yolla  dəstək verməsi haqqında tutarlı faktlara söykənən məlumatlar  hər bir soydaşımız kimi, məni də dərindən sarsıtdı”. Bu sözləri  yap.org.az  saytına müsahibəsində Azərbaycan Respublikası Milli Məclisinin deputatı Kamaləddin Qafarov demişdir.

      Millət vəkili bildirmişdir ki,  12-14  iyul hadisələri  ərəfəsində  Gürcüstan üzərindən Ermənistana  “KamAZ” avtomobilləri ilə Rusiyadan Serbiya istehsalı olan hərbi ləvazimatlar, o cümlədən minaatanlar və “Qrad” qurğuları üçün launçerlərin daşınması haqqında  informasiyalar öz təsdiqini taparsa,  bu fakt  ölkələrimiz arasında ciddi siyasi polemikaya səbəb ola bilər.

    Gürcüstan da, Serbiya da Azərbaycanın dost, yaxın tərəfdaş hesab etdiyi ölkələrdir. Bu ölkələrin  Azərbaycana qarşı bu cür düşünülməmiş  hərəkətə yol verməsi ciddi suallar doğurur. Azərbaycan hələ  iki ay öncə  Serbiyaya koronavirus pandemiyası ilə mübarizə üçün humanitar yardım göndərmişdi. Baş nazir Ana Brnabiç bu yardımı Azərbaycan-Serbiya dostluğunun təzahürü kimi dəyərləndirmiş, hətta Azərbaycanın 2014-cü ilin daşqınından sonra Serbiyaya ilk yardım edən ölkə olduğunu da xüsusi vurğulamışdı. Digər tərəfdən, Azərbaycan Kosovanın müstəqilliyini tanımır və Serbiyanın ərazi bütövlüyünə dəstəyini hər zaman tam şəkildə ifadə etmişdir. Azərbaycan  Serbiyanın yol infrastrukturuna həddən artıq əlverişli şərtlərlə 300 milyon dollardan çox investisya yatırmışdır. Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur, bununla bağlı  2013-cü ildə iki ölkə arasında dövlət başçıları səviyyəsində dostluq və strateji tərəfdaşlığa dair bəyannamə və 2018-ci ildə strateji tərəfdaşlıq üzrə birgə fəaliyyət planı imzalanmışdır. Bu sənədlərdə Serbiya tərəfinin Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən BMT Təhlükəsizlik Şurasının qətnamələri və ATƏT-in qərarlarına uyğun olaraq Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı əsasında həllinin tərəfdarı olduğu təsdiq olunub. Bütün bunların müqabilində  Serbiyanın sözügedən davranışı çoxlu suallar doğurur.

        K.Qafarov demişdir ki, Gürcüstanın da bu hərəkəti çox təəccüblü və anlaşılmazdır. Məlum olduğu kimi, bu ölkə xeyli müddət əvvəl öz ərazisindən Ermənistana hərbi yüklərin daşınmasının qadağan edilməsinə dair  qərar qəbul edib. Bəs Gürcüstan hökuməti Ermənistana hərbi yüklərin daşınmasına icazə vermirsə, Serbiyadan göndərilən sursat üçün niyə bu məhdudiyyəti tətbiq etməyib? Gürcüstan hakimiyyətinin Ermənistanla Azərbaycan arasındakı son insidentə göstərdiyi mövqeyi çox təhlükəli və anlaşılmayandır. Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili hər zaman Azərbaycanla strateji əməkdaşlığa önəm verirdi, etiraf edirdi ki, Rusiya ilə 2008-ci ildəki müharibədən sonra Azərbaycanın Gürcüstana iqtisadi dəstəyi olmasaydı, onun ölkəsi çökərdi. Gürcüstanın Azərbaycana qarşı təxribatda iştirakı təsdiqlənərsə, o zaman bu məsələyə təkcə rəsmi Bakı deyil, həmçinin Türkiyə və regionda həyata keçirilən enerji layihələrinin iştirakçısı olan dövlətlər də münasibət bildirməli, Gürcüstan iqtidarının  məkrli siyasəti ifşa olunmalıdır.

          Millət vəkili xüsusi vurğulamışdır ki,  bu məsələnin ciddi və təmkinli şəkildə, dərindən araşdırılması vacibdir. Çünki təxribat ikiqat və hətta üçqat xarakter daşıya, məqsədyönlü şəkildə Azərbaycan-Gürcüstan münasibətlərini gərginləşdirmək üçün həyata keçirilə bilər. Rəsmi Tbilisinin Azərbaycan mediasında dərc olunmuş materiallara sərt reaksiya verməsi, “həm suçlu, həm güclü” fəlsəfəsi ilə hərəkətə cəhd etməsi bu qənaəti bir qədər də gücləndirir. Alınan xəbərlərə görə, bu ittihamlara cavab olaraq Tbilisiyə  Gürcüstan ərazisində silah-sursat daşıyan  maşın dəstəsinin fotoşəkilləri və digər tutarlı faktlar göndərilib.

        K.Qafarov demişdir ki, Gürcüstandan fərqli olaraq Serbiya bu beynəlxalq qalmaqalı obyektiv şəkildə, diqqətlə araşdırmaq niyyətindədir və bu barədə Azərbaycanını müvafiq qurumlarına məlumat verilib.

        Millət vəkili sonda bildirmişdir ki,  tərəflərə öz rəsmi mövqelərini  bildirmək üçün kifayət qədər vaxt və imkan verilib. Serbiya və Gürcüstan Azərbaycana qarşı münasibətdə səhvlərini etiraf edib, bu kimi halların bir daha təkrar olunmayacağına  zəmanət verməzlərsə, o zaman bu ölkələrlə   ikitərəfli münasibətlərə yenidən baxıla bilər.

 

 

DİGƏR Xəbərlər Arxiv