YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aslan Aslanov: Dövlət başçısının sərəncamı biz mətbuat işçiləri üçün həm də yol xəritəsidir

“Milli mətbuatımızın 145 illiyi dünyanı cənginə alan koronavirus pandemiyası səbəbindən yaranmış gərgin dövrə təsadüf edir. Bu təhlükəli virusla mübarizə, pandemiyanın sosial-iqtisadi həyata təsirlərini azaltmaq, vəziyyətdən mümkün qədər az itkilərlə çıxmaq dövlət səviyyəsində böyük səylər, maliyyə resursları tələb edir. Bilirik ki, Azərbaycan Prezidenti vəziyyəti gecə-gündüz nəzarətdə saxlayır. Belə bir vaxtda mətbuatımızın yubileyinin dövlət səviyyəsində qeyd olunması ikiqat əlamətdardır, dövlətimizin başçısının mediaya diqqət və qayğısının bariz göstəricisidir”. Bu fikirləri yap.org.az saytına AZƏRTAC-ın  İdarə Heyətinin sədri Aslan Aslanov deyib.

A.Aslanov bildirib ki, 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırıldı, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradıldı. Bu siyasəti davam etdirən və yeni çalarlarla zənginləşdirən Prezident İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövr isə milli mətbuatımızın keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyması, vətəndaş cəmiyyəti quruculuğunda medianın rolunun yüksəlməsi ilə səciyyəvidir.
“Prezident İlham Əliyevin Azərbaycan milli mətbuatının 145 illiyi ilə bağlı imzaladığı sərəncam biz mətbuat işçiləri üçün həm də yol xəritəsidir. Hazırda ölkəmizdə sistemli, inqilabi səciyyə daşıyan islahatlar həyata keçirilir, şəffaflığa və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanan sosial innovasiyalar tətbiq olunur, ictimai nəzarət və siyasi dialoq mühiti genişləndirilir. Belə bir taleyüklü məqamda müstəqil, fəaliyyətini günün tələbləri səviyyəsində qurmağı bacaran, habelə dövlətçilik ənənələrinə bağlı və xalqımızın milli maraqlarını rəhbər tutan mediaya daha çox tələbat duyulur. Dövlətimizin başçısı tövsiyə edir ki, kütləvi informasiya vasitələri də ölkəmizdə həyata keçirilən köklü islahatlardan kənarda qalmamalı, kommunikasiya texnologiyalarının sürətlə inkişaf etdiyi hazırkı dövrdə qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğunlaşmalı, cəmiyyətin obyektiv və peşəkar şəkildə məlumatlandırılması sahəsində öz səylərini daha da gücləndirməlidir”-deyə, A.Aslanov vurğulayıb.