YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyevin Sərəncamı ilə milli mətbuatın 145 illik yubileyinin keçirilməsi mətbuata və media ictimayyətinə dövlət qayğısının bariz nümunəsidir

“Müstəqillik dövründə Azərbaycan mətbuatının inkişafı  müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Ümummilli Liderin  1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı digər sahələr kimi, azad mətbuatın inkişafında da yeni bir mərhələnin əsasını qoydu. Mətbuatın maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində atılan addımlar davamlılığı ilə diqqət çəkdi, jurnalist əməyi yüksək dəyərləndirildi. Müstəqilliyimizin ilk illərində hər addımda  boğulan mətbuat artıq özünün  inkişaf, tərəqqi dövrünü yaşadı. Dahi şəxsiyyətin ən böyük xidmətlərində biri  1998-ci il 6 avqust tarixli Fərmanı ilə  ölkədə kütləvi informasiya vasitələri üzərində senzuranın  ləğv edilməsidir. Bu Fərman demokratik cəmiyyətin əsas atributlarından olan söz azadlığının qorunmasına,   bu sahənin inkişafına xidmət edən yeni-yeni qanunların qəbuluna,   Dövlət proqramlarının  icrasına geniş imkanlar açdı.  Ulu Öndər bildirmişdir: «Siyasi plüralizm yolu, söz azadlığı Azərbaycan dövlətinin demokratik prinsiplərinin və demokratik hüquqi  cəmiyyət yaradılmasının əsas şərtlərindən biridir.»” Bu fikirlər Yeni Azərbaycan Partiyasının Azərbaycan milli mətbuatının 145 illik yubileyi münasibəti ilə KİV nümayəndələrinə təbrikində yer almışdır.

Təbrikdə qeyd olunur ki, bu gün Azərbaycan milli mətbuatının yaranmasından 145 il ötür. Dövrün görkəmli ziyalısı Həsən bəy Zərdabinin 22 iyul 1875-ci ildə nəşr etdirdiyi “Əkinçi” qəzeti ilə əsası qoyulmuş Azərbaycan milli mətbuatı bütün dövrlərdə cəmiyyətin güzgüsü olmuş, insanları  düşündürən problemləri, dövrün mütərəqqi ideyalarını əks etdirmiş, xalqımızın maariflənməsində, milli və bəşəri dəyərlərin təbliğində mühüm rol oynamışdır.

Təbrikdə daha sonra qeyd olunur: “Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, demokratik inkişaf yolunda inamla irəliləyən Azərbaycan mətbu orqanların sayına görə MDB məkanında liderdir. Çoxsaylı mətbu orqanların, agentliklərin, jurnalist təşkilatlarının fəaliyyəti  ölkəmizdə müstəqil, azad mətbuatın  inkişafına diqqətin bariz nümunəsidir. Hazırda ölkə əhalisinin 85 faizi internet istifadəçisidir. Dövlətimizin başçısı İlham Əliyevin  vurğuladığı kimi, internetin azad olduğu ölkədə hansısa məhdudiyyətdən, mətbuat azadlığının boğulmasından danışmaq qeyri-mümkündür.

Son 16 ildən artıq dövrdə  Heydər Əliyev siyasi kursunu bütün istiqamətlərdə uğurla davam etdirən Prezident İlham Əliyev mətbuatın inkişafının prioritetliyini daim öndə saxlayır, bu istiqamətdə mühüm addımlar atır.  Cənab İlham Əliyevin qeyd etdiyi kimi, dövr dəyişir, zaman dəyişir, qarşıya yeni-yeni vəzifələr qoyulur. Azərbaycan mətbuatı bu yeniləşmədən, təkmilləşmədən kənarda qalmır. Müasir dövrdə informasiya texnologiyalarının tətbiqi şəraitində Azərbaycan   mətbuatı qlobal informasiya şəbəkəsinin bir hissəsinə çevrilib. Dünya informasiya məkanına inteqrasiya siyasətini uğurla həyata keçirən mətbuatımız qarşılıqlı təcrübə mübadiləsi, səylərin birləşdirilməsi fonunda qarşıya qoyulan hədəflərə yüksək səviyyədə nail olmağa çalışır. Azərbaycanın hər sahədə təcrübəsi dünya dövlətlərinə nümunədir. Müxtəlif sahələrin, o cümlədən mətbuatın qarşısında dayanan məsələlərin birgə müzakirəsinə, ümumi mövqenin ortaya qoyulmasına geniş imkanlar açan beynəlxalq əhəmiyyətli tədbirlər də deyilənlərin bariz nümunəsidir.

Qeyd edək ki,  mətbuata nəzarət funksiyasını yerinə yetirmək məqsədilə 2003-cü ildə yaradılan  Mətbuat Şurası da öz növbəsində azad mətbuatın inkişafına, jurnalist peşəkarlığının artırılmasına öz davamlı töhfələrini verməkdədir.

Dövlətimizin başçısı İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında”, eləcə də “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyasının təsdiq edilməsi haqqında” sərəncamları da mətbuata diqqətin bariz nümunəsidir.  Cənab İlham Əliyevin  3 aprel 2009-cu il  tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması da mühüm əhəmiyyət kəsb edən addımlar sırasındandır.  Bütün bunları yüksək qiymətləndirən media ictimaiyyəti son 16 ildən artıq dövr ərzində möhtərəm Prezidentimiz İlham Əliyevi üç dəfə “Jurnalistlərin dostu” elan ediblər.

Ölkə Prezidenti İlham Əliyevin  mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair sərəncamları da təqdirəlayiqdir. 2013-cü və 2017-ci illərdə tikilən  iki bina jurnalistlərin ixtiyarındadır. Bu il isə üçüncü binanın istifadəyə verilməsi nəzərdə tutulub.

Qeyd etdiklərimiz mətbuatın inkişafına diqqət və qayğının  az bir hissəsidir. Jurnalistlərin əməyi hər zaman dövlətimizin başçısı İlham Əliyev, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva tərəfindən  yüksək dəyərləndirilir.  Müharibə şəraitində yaşayan ölkə olaraq  həqiqətlərimizin təbliği, erməni yalanlarının ifşası,  düşmənlə ideoloji mübarizədə fəallıq günümüzün əsas çağırışlarındandır. Mətbuatımız  müasir dövrün imkanlarından maksimum istifadə etməklə bu missiyasını da  layiqincə yerinə yetirir.  İyulun 12-də Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinin Tovuz istiqamətində törətdiyi təxribata  Azərbaycan əsgərinin verdiyi tutarlı cavab,  ordumuzun qələbəsi mətbuat səhifələrində informasiya təhlükəsizliyinin qorunması fonunda  ölkə və dünya ictimaiyyətinə dolğun şəkildə çatdırılır. Ermənistan hakimiyyətinin dezinformasiyalarına tutarlı cavab bugünkü  Azərbaycan reallıqlarıdır.

Azərbaycan mətbuatı  hazırda dünyanı bürüyən pandemiyaya qarşı mübarizə tədbirlərinin gücləndirilməsində də üzərinə düşən  missiyanı uğurla yerinə yetirir. Maarifləndirmə işinə töhfələri davamlılığı ilə diqqət çəkən mətbuatımız  dövlətimizin COVID-19-la mübarizədə   nümayiş etdirdiyi təkmil təcrübəni ilk gündən bu günədək  geniş şəkildə işıqlandırır. Pandemiyanya qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir zamanda dövlətimizin başçısı İlham Əliyevin mətbuatı diqqət və qayğıdan kənarda saxlamayaraq, «Azərbaycan milli mətbuatının  145 illik yubileyinin keçirilməsi haqqında» Sərəncam imzalanması media ictimaiyyəti tərəfindən  böyük sevinclə qarşılandı.

Bu gün peşə bayramını qeyd edən bütün mətbuat  nümayəndələrini  təbrik edir, onlara yeni-yeni yaradıcılıq uğurları arzulayırıq.”

DİGƏR Xəbərlər Arxiv