YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Malik Həsənov: Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi böyük uğurdur

“Azərbaycan son illərdə bütün ölkə üzrə böyük həcmlərdə dövlət əsaslı vəsait qoyuluşu hesabına həyata keçirilən irimiqyaslı layihələr sayəsində infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Respublikamızda müasir infrastruktur quruculuğu digər sahələrdə olduğu kimi, elektrik enerjisi təsərrüfatında da geniş vüsət alıb. Təkcə son vaxtlarda pandemiya şəraiti olmasına baxmayaraq, bölgələrdə və paytaxt Bakıda bir neçə yeni elektrik enerjisi obyektinin istifadəyə verilməsi deyilənləri bir daha təsdiqləyir”. Bu fikirləri yap.org.az saytına Milli Məclisin deputatı Malik Həsənov deyib.

M.Həsənovun sözlərinə görə, əlamətdar haldır ki, Prezident İlham Əliyev yüksək səviyyədə yenidən qurularaq istifadəyə verilən enerji obyektlərinin açılışında şəxsən iştirak edir və özünün dəyərli tövsiyyələrini verir. İyunun 11-də Bakı şəhərinin Xətai rayonunda “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kilovoltluq “Əhmədli” yarımstansiyasının açılışında yarımstansiyada görülən işlərdən məmnunluğunu bildirən Prezident İlham Əliyev vurğulayıb ki, bizim bütün elektrik təsərrüfatımız tamamilə yenilənməli və ən yüksək müasir standartlara cavab verməlidir.
“Ölkəmizdə enerji infrastrukturunun innovativ həllərin və müasir yanaşmaların tətbiqi yolu ilə yenidən qurulmasının davamlı olaraq diqqət mərkəzində saxlanılması Azərbaycan dövlətinin qarşıya qoyduğu strateji hədəflərlə bağlıdır. Məlumdur ki, respublikamızda Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq enerji müstəqilliyinin təmin edilməsı milli təhlükəsizliyimizin tərkib hissəsi kimi müəyyənləşdirilib. Dövlət başçımız qarşıya belə bir strateji hədəf qoyub ki, ölkəmizin elektrik enerjisi təsərrüfatı əhalinin və iqtisadiyyatın tələbatını dolğun şəkildə ödəməli, eyni zamanda, bu sahədə yeni ixrac imkanları yaradılmalıdır.
İndiyədək əldə olunmuş uğurlara istinadən deyə bilərik ki, Azərbaycan energetikləri dövlət başçısının tapşırıqlarına uyğun olaraq ölkənin enerji müstəqilliyinin möhkəmləndirilməsinə hesablanan layihələri uğurla həyata keçirirlər. 2004-cü ilə qədər Azərbaycanda 3900 meqavat gücündə cəmi 9 elektrik stansiyası mövcud idi. Son 16 ildə isə respublikamız 31 yeni elektrik stansiyası tikməyə və özünün generasiya güclərini daha 3000 meqavatadək artırmağa nail olub. Diqqəti çəkən mühüm məqamlardan biri də odur ki, elektrik enerjisi təsərrüfatının yenilənməsi paytaxt Bakı ilə yanaşı, regionlarda da geniş vüsət alıb. Bu dövrdə ölkəmizin elektrik enerji təsərrüfatında uğurla reallaşdırılan layihələrə Astara, Xaçmaz, Şəki, Şahdağ, “Cənub”, “Şimal-2” və digər stansiyaların yüksək səviyyədə tikilib istifadəyə verilməsini misal göstərə bilərik. Şirvan şəhərində tikilən “Cənub” Elektrik Stansiyasının generasiya gücü təxminən 800 meqavata bərabərdir. Sumqayıt Elektrik Stansiyası 525 meqavat gücündədir. 2019-cu ildə istifadəyə verilən 400 meqavat gücündə “Şimal-2” stansiyasının məhz Bakıda inşa edilməsi respublikamızın generasiya güclərinin ölkə ərazisində daha bərabər şəkildə paylanmasına xidmət göstərir. Bundan əlavə, ölkəmizin ayrı-ayrı bölgələrində çoxlu sayda su elektrik stansiyaları tikilib. O cümlədən Naxçıvan Muxtar Respublikasında tikilmiş su elektrik stansiyalarının generasiya gücü bütün muxtar respublikanın tələbatını ödəmək iqtidarındadır. Həyata keçirilən layihələrin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan daxili istehsal hesabına özünü elektrik enerjisi ilə tam təmin edir, hətta ölkəmizin bu sahədə müəyyən ixrac imkanları da yaranıb. Təkcə 2019-cu ildə ölkəmiz elektrik enerjisinin ixracından təqribən 60 milyon dollar vəsait qazanıb. Azərbaycanın qısa müddətdə özünün enerji müstəqilliyini təmin etməsi və elektrik enerjisini idxal edən ölkədən ixracatçı ölkəyə çevrilməsi böyük uğurdur”-deyə, deputat qeyd edib.