YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sevinc Fətəliyeva: Həkimlərimiz koronavirusla mübarizədə gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər

“Ötən illər ərzində Azərbaycanda səhiyyənin inkişafı istiqamətində ciddi nailiyyətlər əldə edilib. Son 17 ilə yaxın müddət ərzində ölkəmizdə baş verən sürətli iqtisadi inkişaf bütün sosial sahələrin, o cümlədən səhiyyənin inkişafına da əsaslı təkan verib. Tam inamla demək olar ki, son illərdə dünya standartlarına uyğun inkişaf yolu tutmuş Azərbaycan səhiyyəsinin nüfuzu nəzərəçarpacaq dərəcədə artıb. Bu mənada, ölkəmizin səhiyyə işçiləri bu gün peşə bayramlarını qürurla qeyd edirlər”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.

Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda uğurlu səhiyyə siyasətinin əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Onun sözlərinə görə, Heydər Əliyev siyasətinin layiqli davamçısı Prezident İlham Əliyevin diqqət və qayğısının nəticəsində Azərbaycanın səhiyyə sistemində aparılan uğurlu islahatların, tibb müəssisələrinin maddi-texniki bazanın təkmilləşdirilməsinin, təchizat və kadr hazırlığı ilə bağlı görülmüş işlərin bəhrəsini bu gün hər birimiz öz həyatımızda hiss edirik. Görülən işlər əhalinin tibb müəssisələrinə inamını getdikcə artırır. Məhz görülən genişmiqyaslı işlərin nəticəsidir ki, son 17 il ərzində ölkəmizdə yüzlərlə xəstəxana tikilib istifadəyə verilib və ya əsaslı təmir olunub.

Millət vəkili deyib ki, dövlətimizin başçısının səhiyyə sahəsində müəyyən etdiyi proqramlar tibb müəssisələrinin təmir və bərpasının, onların ən müasir avadanlıqlarla təchiz olunmasının, vətəndaşların pulsuz dərman vasitələri və preparatlarla təminatını və müalicəsinin, regionlarda diaqnostika mərkəzlərinin tikilərək istifadəyə verilməsinin, xüsusilə uşaqların bütün tibbi xidmətlərlə ən yüksək səviyyədə əhatə olunmasının başlıca istiqamətlərini təşkil edir. Tibbi sığorta sisteminin tətbiqi də vətəndaş məmnunluğu yaradır.

Sevinc Fətəliyeva qeyd edib ki, səhiyyə sahəsində bir sıra dövlət proqramlarının reallaşdırılmasında respublikamızın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun müstəsna xidmətləri vardır. Belə ki, Fond diabetli, talassemiyalı xəstələrə qayğısında və onların müalicəsinin təşkilində, qanvermə aksiyalarının keçirilməsində, ana və uşaqların sağlamlığının qorunması işinin yaxşılaşdırılmasında bir çox böyük layihələrə imza atıb.

Ölkəmizdə koronavirus pandemiyasına qarşı güclü mübarizə aparıldığını vurğulayan millət vəkili söyləyib ki, bu mübarizədə həkimlərimizin fədakarlığı xüsusi qeyd olunmalıdır: “Həkimlərimiz, tibb personalı koronavirusa yoluxmuş xəstələrin müalicəsində gecə-gündüz yorulmadan fədakarlıq göstərirlər. Xəstələrin sağlamlığa qovuşması, onların həyatını xilas etmək üçün həkimlərimizin gərgin əmək və zəhmətini xüsusilə qiymətləndirməli, onlara minnətdar olmalıyıq.

Eyni zamanda, Birinci vitse-prezident Mehriban Əliyevanın dövlətimizin başçısı ilə bu istiqamətdəki gərgin zəhməti, əməyi xüsusilə qeyd olunmalıdır. Məlumdur ki, Mehriban xanım Əliyeva ixtisasca həkimdir və təbii ki, koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərində onun tibbi bilik və təcrübəsi də mühüm rol oynayır. Bir sıra xəstəxanaların pandemiya ilə mübarizə üçün təşkil olunması, yeni laboratoriyaların alınması, tibbi personalın bu prosesə səfərbər olunmasında da Mehriban xanım Əliyevanın peşəkarlığı öz sözünü deyir”. 

S.Fətəliyeva söyləyib ki, dövlətimizin başçısı cənab İlham Əliyev də dəfələrlə həkimlərin bu fədakarlığını yüksək dəyərləndirib: “Prezident İlham Əliyevin iyunun 16-da imzaladığı müvafiq sərəncamlarla bir qrup səhiyyə işçisinin təltif olunması bu nəcib peşə sahiblərinə dövlətin verdiyi qiymətin növbəti ifadəsidir. Mən bütün səhiyyə işçilərimizi bugünkü peşə bayramları münasibətilə ürəkdən təbrik edirəm, onlara nəcib fəaliyyətlərində uğurlar arzulayıram!”.