YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Mərkəzində “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgi açılmışdır

Mayın 7-də Heydər Əliyev Mərkəzində heyvanlar aləminə maraq və həvəsi ilə əlaqədar dünyanın bir çox ölkələrini gəzən fotoqraf və rejissor kimi tanınmış Adrian Sternin “Afrikanın vəhşi təbiəti” mövzusunda sərgisi açılmışdır.

Sərgi IDEA (Ətraf mühitin mühafizəsi naminə beynəlxalq dialoq) İctimai Birliyinin təşəbbüsü, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin təşkilati dəstəyi ilə keçirilmiş Qafqaz Biomüxtəlifliyi Sammiti çərçivəsində reallaşdırılmışdır.

Sərginin açılışında Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva və Arzu Əliyeva iştirak etmişlər.

Məlumat verilmişdir ki, sərginin məqsədi diqqəti vəhşi təbiətin zənginliklərinə və onun qorunmasının vacibliyinə yönəltməkdir. Sərgidə 35 əsər nümayiş etdirilir. Müəllif Afrikanın flora və faunasının müxtəlifliyini əks etdirən fotoşəkilləri son 10 ildə Cənubi Afrika Respublikası, Zimbabve, Zambiya, Tanzaniya və Uqandaya səfərləri zamanı çəkmişdir. Sərginin müəllifi Dünya Vəhşi Təbiət Fondunun Cənubi Afrikadakı nümayəndəliyinin fotoqrafı kimi vəhşi təbiətin qorunması, təsviri materiallardan istifadə edərək brakonyerlik və digər aktual məsələlər barədə müzakirələrin aparılması və tədbirlər görülməsini stimullaşdırmaq üçün fəal iş aparır.

Sərgi ilə bağlı fikirlərini bölüşən Adrian Stern bildirmişdir ki, bu çox təqdirəlayiq tədbirdir. Bu qədər insanı bir yerə toplamaq və dəyərli fikirləri bölüşmək Azərbaycanın beynəlxalq səviyyədə təbiətin qorunması işinə göstərdiyi diqqətin bariz nümunəsidir.

Dəfələrlə Azərbaycanda olduğunu deyən fotoqraf hər səfərində paytaxtımızda gördüyü sürətli inkişafın onda heyranlıq doğurduğunu vurğulamışdır. O bildirmişdir ki, hər dəfə bu ölkəyə gələndə gözlədiyimdən daha çox dəyişiklik və inkişaf görürəm.

Hazırda Qafqaz bəbiri və onun Azərbaycanda mövcudluğu haqqında sənədli film üzərində işləyən Adrian Sternin sərgisi böyük maraqla qarşılanmışdır.