YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Nehrəm kəndinə qəsəbə statusunun verilməsi ölkəmizdə böyük təntənə ilə qeyd olunan Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdi

Kamaləddin QAFAROV,

Azərbaycan Respublikası Milli Məclisinin deputatı,

Milli Onkologiya Mərkəzi Baş direktorunun müavini

   ... Mən nehrəmliyəm. Atam o vaxtlar  Naxçıvanda aptek müdiri işlədiyinə  görə  bu kənddə deyil, şəhərdə doğulmuşam. Atamın şəhərdə  evi vardı, bir də yəqin qismətimdə dünyaya Naxçıvanda göz açmaq varmış ...

     Mənim  körpəlik, uşaqlıq və yeniyetməlik illərim Nehrəmdə keçib, orta məktəbi də burada bitirmişəm.

    ...Uşaqlığımdan, hamımız kimi, kəndimizin vurğunu olmuşam. Nehrəmin qeyri-adi təbiəti, bərəkətli biçənəkləri, bol məhsullu üzüm plantasiyaları, yamyaşıl çəmənləri, göz işlədikcə uzanan tarlaları həmişə məndə isti duyğular, səbəbini o vaxtlar anlaya bilmədiyim qürur və sevinc hissləri doğurub.

     Bu nöqteyi-nəzərdən mənim üçün Nehrəm dünyanın ən gözəl yeridir. 44 yaşa çatmışam, dünyanın 20-dən çox ölkəsində olmuşam, amma  oralarda  4-5 gün qaldıqdan  sonra  həmişə Nehrəm üçün  darıxmışam, kəndimizə can atmışam. Mənim üçün dünyanın ən gözəl, ən sakit yeri bu keçmişi tozlu- torpaqlı, indisi bir çox şəhəri geridə buraxan, abadlığı, səliqə -səhmanı göz oxşayan Nehrəm kəndidir.

     ... Azərbaycan Respublikası Milli Məclisinin iyunun 11-də  keçirilən plenar iclasında  Nehrəmə qəsəbə statusu verilməsi haqqında qərar qəbul ediləndə də bir daha kəndimiz (indi artıq qəsəbəmiz!) gözümün önünə gəldi, sevinc və xiffət dolu qarışıq hisslər keçirdim.Bir millət vəkili kimi, həm də bir nehrəmli kimi sevincdən gözlərim yaşardı...

        Qədim bir deyim var: insan Vətəni və valideyni özü seçmir:bu bir tale məsələsidir, qismətdir, alın yazısıdır.Mən taleyimlə, qismətimlə, alın yazımla qürur duyuram, fəxr edirəm! 

     ...Nehrəm kəndi çox qədim  tarixi keçmişi, güclü mentaliteti, zəngin ənənələri , necə deyərlər, “öz Konstitusiyası”, öz yaşam tərzi olan çox qədim yaşayış məskənidir. Tanımayanlar üçün  bildirim ki, Babək rayonuna daxil olan kəndimiz  Naxçıvan şəhərindən 15 km aralı,Araz çayının sol sahilində, strateji cəhətdən əlverişli, düzənlik və geniş bir ərazidə yerləşir. Tarix boyu kəndin əsas məşğuliyyətini taxılçılıq, üzümçülük, bostançılıq, heyvandar­lıq, tərəvəzçilik təşkil etmiş, kəndin Çamur ağıl, Sarı ağıl, Ölən şəhər, Kənd dərəsi, Şorsu, Göy ağıl, At ağıl, Bağırsaqdərə, Qızıl gədik kimi ərazilərində arpa, buğda, sumax, darı, mərcimək, noxud, paxla, pambıq, üzüm,tütün kimi məhsullar əkilmiş, əkin sahələri Naxçıvançaydan çəkilən Nehrəm arxı vasitəsilə suvarılmışdır.

         Nehrəm kəndi 1590-cı ildə Naxçıvan, 1728-ci ildə isə Qışlağat nahiyələrinin tərkibində olmuş, 1925-ci ildən Tumbul, 1933-cü ildən yenidən Naxçıvan, 1978-ci ildən isə yeni yaradılan Babək rayonunun inzibati ərazi vahidlərinə daxil olmuşdur.

        1885-ci ildə Nehrəmdə  ilk dünyəvi məktəb açılmışdır. Böyük həmyerlimiz, Azərbaycanın ictimai-siyasi həyatında  təkrarsız izlər qoyub getmiş Cəlil Məmmədquluzadə 7 ildən çox (15 yanvar 1890-10 iyul 1897) Nehrəm məktəbində müəllim və nəzarətçi (müdir) işləmişdir. C.Məmmədquluzadənin ədəbi, ictimai-siyasi görüşlərinin  formalaşmasında  o dövrkü Nehrəm mühitinin müstəsna rolu olmuşdur. Mirzə Cəlil bu mahalda ilk dəfə olaraq qızları təhsilə cəlb etmiş və məktəbdə tarixşünaslıq muzeyi yaratmışdır.

    “Nehrəm” toponimi haqqında fərqli fikirlər mövcuddur.  Rəvayətə görə, bu toponimin yaranma tarixi Nuh Peyğəmbərin dövrünə aiddir. Yerli əhali arasında və bəzi mənbələrdə belə fikir öz əksini tapıb ki, Nuh Peyğəmbər ilk dəfə Naxçıvan ərazisində (Gəmiqayada) yer üzünə çıxdığı zaman onun adamlarının məskən saldığı kəndlərdən biri də Nehrəm olmuş və kəndin adı da Nuh Peyğəmbərin adı əsasında yaranmışdır.

      Lakin yerli araşdırmaçıların, eləcə də XIX-XX əsrlərə aid rus tədqiqatçılarının (məsələn, K.N. Smirnovun), qənaətinə görə , “Nehrəm” sözü “nəhr” sözü ilə əlaqədardır. Kənd vaxtilə Naxçıvançayla Əlincəçayın kəsişdiyi ərazidə, Araz çayının o zamanlar suyu bol olan hissəsində yerləşdiyi üçün belə adlandırılmışdır. Naxçıvan şəhərində su şəxsi adamların, mülkədarların idarəsi altında olduğundan, əhali sudan kütləvi şəkildə istifadə edə bilmirdi. Ancaq Nehrəm kəndində sudan ümumi istifadə olunduğu üçün kəndə “bütün icmaya, ümumi kütləyə məxsus su” anlamı bildirən “Nehrəm” adı verilmişdir. Demək, belə qənaətə gəlmək olar ki, kəndin adı “nehr” – böyük çay və “əm” – icma, cəmiyyət sözlərinin birləşməsindən ibarət olub, mənası “böyük arx və ya çay kənarında yaşayış məskəni” deməkdir. Nehrəm toponiminin nəhr-çay, su ilə bağlı olması fikrini kəndin relyef mövqeyi, indi suları  xeyli qurumuş üç çay arasında – Əlincəçay, Naxçıvançay və Araz çayının qovuşduğu vadidə yerləşməsi də təsdiqləyir.

        Nehrəm kəndi əhali sıxlığına görə Azərbaycanda anoloji insan məskənləri arasında ilk yerlərdən birini tutur. Burada hazırda 20 000 -dən çox insan yaşayır. Qəsəbədə 3 orta məktəb, 2 texniki peşə məktəbi, xəstəxana, doğum evi, mədəniyyət sarayı,4 kitabxana, uşaq bağçası, musiqi məktəbi, Məktəblilər evi fəaliyyət göstərir. Naxçıvanda idarəetmə  sistemindən  asılı olmayaraq, Nehrəm və nehrəmlilərə həmişə hörmətli münasibət özünü göstərib.

      Nehrəm, qeyd etdiyim kimi, zəngin tarixi keçmişi olan kənddir. Burada olan  İmamzadə məbədi qədim tarixə malik dəyərli abidədir. Kəndin şimal-qərb hissəsində, Qızılburun adlanan ərazidə Tunc dövrünə aid yaşayış məskəni və qədim məzarlıq  aşkar edilmişdir. Arxeoloqlar kəndin ərazisində isə orta əsrlərə aid yaşayış məskənləri və məzarlıq elementləri tapmışlar.

       Kəndimizin insanları mehriban, xeyirxah, təəssübkeş və işgüzardır. İlin bütün fəsillərində kəndin tarla və plantasiyalarında, şəxsi təsərrüfatlarda, ümumtəhsil və tərbiyə müəssisələrində, xidmət sahələrində iş gedir. Nehrəmlilər daim çalışır, qurub-yaradır, ölkəmizin uğurlarına uğur qatmağa çalışırlar.

       Amma düşünürəm ki, Nehrəmi şöhrətləndirən, onu  nəinki Azərbaycanda, hətta onun hüdudlarından çox-çox uzaqlarda məşhur edən məqamlardan biri də bu kəndin dövlətə və dövlətçiliyə  sədaqəti, xalqımızın ən çətin imtahan günlərində tutduğu prinsipial və sarsılmaz  mövqe olmuşdur. Və bu mövqenin ən bariz nümunəsi ümummilli liderimiz Heydər Əliyevə olan dəyişməz, salnamələrə  düşmüş  prinsipiallıq və sonsuz dəstək  tarixçəsidir.

    Hələ 1969-cu ildən, ilk dəfə  hakimiyyətə gəldiyi vaxtdan Heydər Əliyevə öz sonsuz sədaqəti və rəğbətini dəfələrlə isbatlamış Nehrəm camaatı ümummilli liderimiz Moskvaya yüksək dövlət vəzifəsinə getdikdən sonra da onunla əlaqələri kəsmədi. SSRİ-nin ən nüfuzlu rəhbərlərindən biri olan Heydər Əliyevin hər bir uğuru bütün Azərbaycan xalqı kimi, nehrəmliləri də ürəkdən sevindirirdi.

     Amma təəssüf ki, rus millətçilərinin ifrat qısqanclığı, erməni diasporunun fasiləsiz səyləri və “sapı özümüzdən olan baltaların” canfəşanlığı nəticəsində Heydər Əliyev 1987-ci ildə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən və Sov.İKP MK Siyasi Bürosu üzvlüyündən istefa verdi. Onun Naxçıvanda ucaldılmış büstünün ermənilər və digər nankor şəxslər tərəfindən dağıdılmasına yol verməmək üçün Naxçıvan camaatının, xüsusən də həmin abidə önündə aylarla, gecə-gündüz keşik çəkmiş nehrəmlilərin inanılmaz sədaqət və mərdliyini   sonralar dəfələrlə xatırlayan H.Əliyev  o zamanlar qeyri-ixtiyarı kövrəlmişdi.  Həmin dövrdə aldığı bu dəstək,  insanlarımızın sədaqəti və prinsipiallığı  Heydər Əliyevə çox böyük ümid və nikbinlik verdi və o, tezliklə Naxçıvan camaatının çağırışı ilə Azərbaycana qayıtdı.

    1990-cı ildə Azərbaycanda ilk dəfə aşkarlıq və demokratiya şəritində alternativ əsaslarla seçkilər keçirildi. 1990-cı ilin iyul ayında  Moskvadan Naxçıvana gələn Heydər Əliyevlə bir gün sonra Nehrəm kəndinin mərkəzində görüş keçirildi.Naxçıvan Respublikasının və Babək rayonunun rəhbərlərinin də iştirakı etdiyi görüşə çox böyük maraq vardı. Ətraf rayonlardan və kəndlərdən gələn xeyli adamın qatıldığı   bu görüşdə Heydər Əliyevin  Azərbaycan SSR xalq deputatlığına namizədliyi irəli sürüldü. O vaxt ilk dəfə olaraq, seçicilər eyni vaxtda, eyni məntəqədə həm Azərbaycan, həm Naxçıvan parlamentlərinə, həm də yerli rayon sovetlərinə səs verdilər. Nehrəmlilər H.Əliyevə hörmət əlaməti olaraq alternativ namizəd irəli sürmədilər və o, ölkə  üzrə ən yüksək səs faizi ilə deputat seçildi.

       Heydər Əliyev1990-1993-cü illərdə bu kənddəki görüşlərini, nehrəmlilərin sevgi və sədaqətini ömrü boyu unutmadı, dəfələrlə müxtəlif tədbirlərdə onlardan danışdı, rəğbətini bildirdi.

        Ulu öndərimiz o zamanlar, xüsusən 1991-ci ildə Nehrəmə tez-tez gəlirdi. Onun 1991-ci il yanvarın 21-də kəndimizə gəlişi yaxşı yadımdadır.O vaxtlar mənim 15 yaşım vardı və həmin görüşdə baş verənlər –insanların coşqusu, Heydər Əliyevə sevgiləri, onu heyranlıqla dinləmələri və bir çox məqamlar indiyə kimi gözümün qabağındadır. Nehrəmlilər Heydər Əliyevi daha yaxından görməyə can atır, ona suallar verir, gələcək barədə danışırdılar. Ümummilli lider hamını səbrlə dinləyir, suallarını cavablandırır və gələcək haqqında o qədər inam və nikbinliklə danışırdı ki, biz sevincimizi gizlədə bilmirdik. Hətta mən də dahi öndərimizə yaxınlaşıb avtoqraf istədim və ona uzatdığım vərəqi götürüb səliqə ilə qol çəkərək mənə qaytarıb gülümsədi...

       Həmin dövrdə Naxçıvanda sadə xalqla tez-tez görüşlər keçirən Heydər Əliyev  sentyabrın 5-də  yenidən Nehrəm kəndinə gəlir və burada insanlar yenidən onu böyük hörmət və coşqu ilə qarşılayır.

       Ulu öndərimiz Heydər Əliyev 1994-ci ilin dekabrın 29-da , Cəllil Məmmədquluzadənin 125 illik yubileyi ərəfəsində Mirzə Cəlilin ev-muzeyinin açılışında çıxış edərkən Nehrəm kəndinin tarixindən, onun cəsur insanlarının xoş əməllərindən, bu kəndin onun taleyində iz salmış önəmli rolundan söz açmışdır. “Nehrəm- qeyrətli insanlar kəndidir” ifadəsini bir neçə dəfə təkrarlayan  Heydər Əliyev daha sonra  demişdir:”...Mən o kəndi həmişə sevmişəm . Yadımdadır , 40-cı illərdə mən Naxçıvanda  yaşayanda Cəlil Məmmədquluzadənin qızı Münəvvər xanımla tez-tez görüşürdüm. O vaxt Münəvvər xanım xeyli yaşlı idi, mən onunla hər görüşümdə  Mirzə Cəlil barədə daha çox məlumat almaq istəyirdim.  O vaxtlar Münəvvər xanımla görüşmək asan deyildi, o SSRİ Ali Sovetinin  deputatı idi, işi çox idi, amma maraqlı məlumatlar ala bilirdim.” (Bu həmin Münəvvər xanım idi ki, vaxtilə Nehrəmə su çəkilməsi üçün çox böyük zəhmət sərf etmişdi...)

       Həmin tədbirdə Heydər Əliyev sözünə davam edərək, Nehrəm kəndinin tarixi keçmişinə işıq salmış, kənd sakinlərinin ata-babalarının mərdlik və igidliyini, vətənpərvərliyini bir daha xüsusi qeyd etmişdir:” ...Bu kənd təkcə Cəlil Məmmədquluzadə kimi görkəmli bir şəxsiyyəti yetişdirdiyinə görə xüsusi  hörmətə layiqdir. Həm də təkcə  buna görə yox. Hamımıza yaxşı məlumdur  ki, 1918-ci ildə quldur Andronik Naxçıvanda qırğınlar törədərkən nehrəmlilər onun qarşısını kəsmiş, quldur dəstəsini kəndə buraxmamış və onların dərsini vermişlər. Nehrəm belə bir qəhrəman insanların kəndidir.”

....Heydər Əliyev  2001-ci il fevralın 28-də  işinin çoxluğuna baxmayaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə bir qrup nehrəmlini Bakıda Prezident  Sarayına dəvət edərək, onlarla söhbətləşdi, problemlərini soruşdu, həmin məsələlərin həlli üçün dərhal konkret tapşırıqlar verdi. Vasif müəllim  ulu öndərin tapşırıqlarını artıqlaması ilə yerinə yetirilməsi üçün əlindən gələni əsirgəmədi. Nehrəmlilərin ulu öndərin xatirəsinə  ehtiramının növbəti ifadəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun  iştirakı ilə 2017-ci il avqustun 7-də kənddə Heydər Əliyev Parkının açılışı oldu.

       Sonralar burada Azərbaycan kəndləri arasında  ilk dəfə olaraq möhtəşəm Bayraq Meydanı yaradıldı və vaxtilə Heydər Əliyevlə  dəfələrlə görüş keçirilən  bu ərazidə indi insanlar ulu öndərimizi daim minnətdarlıqla yad edir, onun xatirəsini hörmət və ehtiramla anırlar.

      Yuxarıda da qeyd etdim, Nehrəm təəssübkeş, zəhmətkeş və ehtiyacı olanlara  təmənnasız köməyini əsirgəməyən insanların məskənidir. Nehrəmlilər  həm də haqqı tapdanan, ədalətsizliyə  məruz qalanları darda qoymayan insanlardır. Bu kəndin insanlarında Vətənə, xalqa, mənəvi dəyərlərə, dövlət və dövlətçiliyə bir sahiblik hissi var, insanlara yardım əli uzatmaq  ənənəsi var, dünyanın hər yerinə səpələnmiş nehrəmlilərlə sıx təmas telləri vardır.

      Nehrəm kəndinin yetirmələrindən söz düşmüşkən, hazırda Azərbaycanın  müxtəlif  bölgələrində, dövlət qulluğunda , müxtəlif elm, istehsalat, xidmət sahələrində, idarəçilikdə onlarla nehrəmli çalışır.

       Bununla bağlı  bir məqamı da vurğulamaq  istəyirəm. Nehrəm haqqında onlar da  saatlarla, ürək dolusu söz aça bilərdilər. Amma, görünür, bu xöşbəxtliyi yaşamaq, doğma kəndimiz haqqında söz demək mənim nəsibim imiş. Bəlkə də Azərbaycan Respublikası Milli Məclisinin plenar iclasında 125 deputat sırasında olan yeganə nehrəmli millət vəkili kimi kəndimizə qəsəbə statusu verilməsi haqqında qərarı ilk olaraq eşitdiyim və böyük sevinclə səs verdiyim üçün... Amma buna baxmayaraq, onlardan əvvəl söz deməyə cəsarət etdiyim üçün məndən böyük olan bütün həmkəndlilərimə üzrxahlığımı bildirirəm.

        Düşünürəm ki, taleyinə işinə bax ki, Nehrəm kəndinə qəsəbə statusunun verilməsi ölkəmizdə böyük təntənə ilə qeyd olunan  Milli Qurtuluş Günü ərəfəsinə təsadüf etdi. Əslində, burada məntiqi və ilahi bir bağlılıq var: Azərbaycanı fəlakətlərdən, dağılmaqdan və xaosdan xilas edən  dünya şöhrətli bir  siyasətçinin xalqımıza ərməğan etdiyi bir bayram ərəfəsində onu bu yolda uğurlayan, dəstək verən, yenidən siyasət meydanına qayıtmağa ürəkdən yardımçı olan bir kəndin, bir el-obanın administrativ statusu dövlət tərəfindən yüksəldilmiş oldu...

      ... Bütün varlığı boyu çiçəklər çəmənə,çaylar dənizə, kəndlər də şəhərə can atır. Dünyanın, təbiətin düzəni belədir. Vaxt gələcək Nehrəm qəsəbədən böyüyüb şəhərə çevriləcək, kim bilir, bəlkə də rayon mərkəzi olacaq. Əminəm ki, zamanın ağır sınaqlarından həmişə alnıaçıq, üzüağ çıxmış kəndimiz bundan sonra da öz spesifik, pozitiv aurasını qoruyub  saxlayacaq, tarixi keçmişinə, ənənələrinə, haqqı-ədalətə, müsəlmançılığa sadiq qalacaq, ölkəmizdə dövlət və dövlətçiliyə sədaqət, Azərbaycanın gündən-günə çiçəklənməsi prosesində  daim nümunə olacaqdır!